ABŞ-ın dövlət borcu FED-in əl-qolunu bağlayır - TƏHLİL

ABŞ-ın dövlət borcu FED-in əl-qolunu bağlayır - <span style="color: red;">TƏHLİL
# 05 sentyabr 2016 11:10 (UTC +04:00)

Ötən həftə ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 19,5 trln. dollar səviyyəsini ötüb. Maliyyə Nazirliyinin açıqlamasından belə məlum olur ki, cari ilin yanvar ayından etibarən ABŞ-ın xarici borcu 500 mlrd. dollar artıb. Barak Obama prezidentlik kürsüsünə əyləşdikdən sonra, yəni 2009-cu ildə ABŞ-ın xarici borcu 10,63 trln. dollar idi. Maliyyə Nazirliyinin proqnozuna əsasən, 2017-ci ilin martınadək bu göstərici 20 trln. dollara çatacaq.


ABŞ Konqresinin Büdcə məsələləri üzrə komitəsinin avqust ayında etdiyi açıqlamada deyilirdi ki, maliyyə ilinin sonunadək (2016-cı ilin sentyabr ayınadək) xarici borcun ÜDM-ə nisbəti 77%-dək yüksələcək. Bu isə 1950-ci ildən etibarən maksimumdur. Yeri gəlmişkən, o dövrdə ABŞ II Dünya müharibəsindən yığılan borcları ödəməklə məşğul idi. Komitənin açıqlamasında həmçinin qeyd edilib ki, növbəti 10 il ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 86%-dək artacaq.


Xarici dövlət borcu illik büdcə defisiti (kəsiri) üstəgəl faizlər üzrə ödənişdən ibarətdir. Barak Obama dəfələrlə büdcə kəsirinin azaldılacağına işarə edib. Lakin o vəzifədə olduğu müddətdə büdcə kəsiri stabil olaraq 1 trln. dollardan çox olub. Obama hələ senator olduğu müddətdə o zaman prezident olan Corc Buşu məhz buna görə tənqid edib. Bir şey dəqiqdir ki, artıq büdcə kəsiri probleminin öhdəsindən Obama deyil, növbəti prezident gəlməli olacaq. Başları prezidentlik yarışına qarışan Donald Tramp və Hilari Klinton hələlik bununla bağlı öz mövqeyini ortaya qoymayıb. Düzdür, cari ilin aprel ayında Tramp deyib ki, dövlət borcunu 8 ilə bağlaya bilər. O bildirib ki, prezident olduğu təqdirdə kreditorlarla imzalanan ticari və hərbi sazişlərə yenidən baxacaq. Lakin iqtisadçıların mütləq əksəriyyəti hələ o zaman bildirib ki, bu, qeyri-effektiv üsuldur.

ABŞ-ın xarici dövlət borcunun artması bütün ölkələr, o cümlədən Azərbaycan üçün də olduqca əhəmiyyətlidir. Söhbət onda gedir ki, fövqəldövlətin borclanmasının artması yaxın perspektivdə uçot dərəcəsini artıracağı ilə bağlı anonslar verən Federal Ehtiyatlar Sisteminin (FED) əl-qolunu bağlayır. Düzdür, FED ABŞ-dakı iqtisadi inkişafla apellyasiya edə bilər. Lakin dövlət borcunun həcmi olduqca böyükdür və həm FED rəhbəri Canet Yellen, həm də onun ətrafı bunu gözəl anlayır. Qərb iqtisadçılarının hesablamalarına əsasən, FED uçot dərəcəsini 1 faiz-bənd artırsa, xarici dövlət borcu ildə 200 mlrd. dollar artacaq!!! Bu isə ABŞ-a lazım deyil...

Buna baxmayaraq, ABŞ-ın dövlət istiqrazları yenə də ən etibarlı investisiya aləti olaraq qalır. Burada bazardakı cüzi volatillik də nəzərə alınmalıdır.

Bu arada ABŞ-ın Federal Xəzinədarlığı 1970-ci ildən etibarən ilk dəfə ölkənin əsas kreditorlarının siyahısını açıqlayıb. İndiyədək hansısa ölkənin adı açıqlanmayıb. Xəzinədarlıq indiyədək "neft ixrac edən ölkələr" tipli qruplaşdırılmış ifadələrlə kifayətlənib.

Beləliklə, siyahıya Çin başçılıq edir - ABŞ-ın bu ölkəyə 1,244 trln. dollar həcmində borcu var. İkinci yerdə 1,137 trln. dollarlıq göstərici ilə Yaponiyadır. Rusiya 86 mlrd. dollarlıq göstərici TOP-20 ölkələr siyahısına daxil ola bilib.

Məqalə hazırlanarkən "Washington Examiner" və "Business Insider" nəşrlərindəki informasiyadan istifadə olunub

İlkin Əhmədov

APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR