Avropa Mərkəzi Bankı avronu niyə yumşaldır? - TƏHLİL

Avropa Mərkəzi Bankı avronu niyə yumşaldır?  - <span style="color: red;">TƏHLİL
# 28 mart 2016 10:52 (UTC +04:00)

Avropa Mərkəzi Bankı martın 16-dan etibarən əsas faiz dərəcəsi olan yenidən maliyyələşdirmə dərəcəsini 0,05 faizdən 0 faizə endirib. Həm bu qərarın, həm də bu ay qəbul edilmiş bir neçə vacib qərarın bir məqsədi var - Avrozonada iqtisadi artımı fəallaşdırmaq və deflyasiyanın qarşısının almaq.

Qərarlara əsasən, AMB depozitlər üzrə faiz dərəcəsini mənfi 0,3%-dən mənfi 0,4%-dək endirir və aktivlərin geri alınması proqramı (kəmiyyət yumşaldılması proqramı – TLTRO II) genişləndirilir. İyuldan başlayaraq AMB tərəfindən hər ay geri alınan aktivlərin həcmi 60 mlrd. avrodan 80 milyard avroya qədər artırılır. Geri alınacaq aktivlərin tərkibinə isə dövlət istiqrazlardan başqa yüksək reytinqinə malik olan korporativ istiqrazlar da əlavə edilir. Mərkəzi Bankın bu addımları bir neçə hədəfə hesablanıb - Avrozonada deflyasiya tendensiyaları güclənir və bununla mübarizə aparılmalıdır. Bundan əlavə geri alınma proqramı çərçivəsində iqtisadiyyata pul kütləsinin yönəldilməsi iqtisadi fəallığı canlandırmalıdır.

Ümumiyyətlə, qəbul edilən qərarları və onların iqtisadiyyata təsirini birgə araşdırmaq lazımdır. Məsələn, TLTRO II proqramı emitentlərin və qiymətli kağızların sahiblərinin likvidliyini təmin edir, ikincisi isə iqtisadiyyata pul emissiyasını təmin edir. Bu da həm vəsaitləri artırır, həm də inflyasiya üçün monetar amillər yaradır. Dolayı yolla yenidənmaliyyələşdirmə dərəcəsinin sıfıra endirilməsi də həmin məqsədləri güdür, çünki banklar AMB-dən faizsiz kreditləri cəlb edə biləcəklər ki, bu da iqtisadiyyatda pul kütləsini artırmalıdır. Nəhayət, depozit üzrə faiz dərəcəsinin mənfi zonada saxlanması pulların işlənməsinə yönəlməlidir. Çünki depozitlər üzrə dərəcələr mənfi olanda pulları depozit kimi saxlamaq sərf etmir və bu da maliyyə qurumlarını investisiyaları artırmağa “məcbur” etməlidir.

Amma bir məqam nəzərdə qaçırılmamalıdır. Belə ki, qəbul edilmiş qərarlar indiyədək qüvvədə olan tədbirləri sadəcə gücləndirir, çünki depozitlər üzrə dərəcələr bundan əvvəl də mənfi olub (-0,3%), uçot dərəcəsi isə simvolik 0,05% təşkil etsə də, faktiki olaraq sıfıra bərabər idi. Əsas yenilik TLTRO II proqramıdır, çünki proqrama kəmiyyət genişləndirməsindən başqa korporativ qiyməli kağızlar da əlavə edilib ki, bu isə həqiqətən inqilabi bir addımdır. Xatırladaq ki, aktivlərin geri alınması proqramı vaxtı ilə ABŞ-da fəal istifadə olunub, amma orada QE adlanan həmin proqram yalnız dövlət istiqrazları əhatə edib. AMB-nin həmin qərarı faktiki olaraq onu göstərir ki, Avrozonada geriləmə əlamətləri və ehtimalları ABŞ-da o vaxt müşahidə olunan problemlərdən daha güclüdür. QE proqramının yalnız dövlət istiqrazlarını əhatə etməsi ABŞ üçün böyük uğur olub. Avrozonanın isə bu sahədə bəxti gətirməyib, çünki TLTRO I proqramı ilə problemləri həll etmək mümkün olmayıb.

AMB tərəfindən qəbul edilən qərarlarının iqtisadiyyata təsiri, həmin addımların faydalı olub-olmaması, məqsədlərə çatıb-çatmaması barədə müzakirələr hələ uzun müddət davam edəcək. Hazırda bu barədə heç proqnoz səsləndirməyə dəyməz. Amma əksər analitiklər bir məqamı əminliklə deyir: aparılan yumşaldılma siyasəti avronun zəiflənməsinə yönəldilir və buna gətirib çıxarmalıdır. Bununla razılaşmamaq çətindir, çünki bütün makroiqtisadi qanunauyğunluqlar bu fikrin lehinədir. Əsas odur ki, həmişə pul-kredit siyasətinin yumşaldılması valyutanın zəiflənməsinə gətirib çıxarır, müşahidə olunan böhrana qarşı tədbirlər isə xüsusən. Amma hər şey bu dərəcədə asandır? Cavab tapmaq üçün yuxarıda qeyd edilən ABŞ-ın QE proqramın dollara təsirini təhlil edək.

Belə ki, həmin proqram 2012-ci ilin sentyabrında işə salınıb və 2014-cü ilin oktyabrında tam olaraq bağlanıb. Bu müddət ərzində dollar əsas valyutalara qarşı aşağıdakı dinamikasını nümayiş etdirib:

Göründüyü kimi, QE proqramı həyata keçirilən müddət ərzində dolların avroya qarşı məzənnəsi 3,8%, Yapon yenə qarşı 38,5%, İngilis funta qarşı 1,2% artıb. Yəni dollar zəifləmək əvəzinə proqramın tətbiqi dövründə daha da möhkəmlənib. Düzdür, həmin müddət ərzində məzənnənin volatilliyi müşahidə olunub, amma yekun dəyişmə möhkəmlənmə olub. Halbuki yumşaltma proqramı çərçivəsində dollar zəifləməli idi. Bu səbəbdən Avrozonada müvafiq proqram çərçivəsində avronun zəifləyəcəyinə tam əmin olmaq olmaz. Makroiqtisadi şərait müəyyən dərəcədə fərqli olsa da, ABŞ-ın təcrübəsi onu göstərir ki, valyuta əksinə belə proqramlar çərçivəsində möhkəmlənə bilər.

Arayış üşün qeyd edək ki, AMB-nin qərarı martın 10-da elan olunub, həmin gün avro dollara qarşı 1,6% möhkəmlənib, növbəti gün 0,19% ucuzlaşıb. Halbuki gözlənilirdi ki, proqramın genişləndirilməsi avronu dərhal zəiflədəcək. Beləliklə, Avropa Mərkəzi Bankının qərarları nəticəsində avronun zəiflənməsi və müvafiq olaraq dolların möhkəmlənməsi ehtimalı gözləniləndən fərqli olaraq böyük deyil.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR