Avropanın işsizlik üzərində qələbəsi - TƏHLİL

Avropanın işsizlik üzərində qələbəsi  - <span style="color: red;">TƏHLİL
# 10 noyabr 2016 07:40 (UTC +04:00)

Avropa İttifaqının Statistika Xidmətinin (Eurostat) məlumatına görə, bu ilin sentyabrında ittifaq üzrə (EA28) işsizlik səviyyəsi 8,5% təşkil edib ki, bu da illik müqayisədə 0,7 faiz bəndi azdır və eyni zamanda 2009-cu ilin fevralından ən aşağı göstəricidir. Bundan əlavə Avrozonada (EA19) işsizlik səviyyəsi son bir ildə 0,6 faiz bəndi azalaraq sentyabrda 10 faizə enib ki, bu da 2011-ci ilin iyunundan bəri qeydə alınan minimumdur. Hazırda Avropa İttifaqında işsizlərin sayı 20,789 mln. nəfər, Svrozonada isə 16,181 mln. nəfər təşkil edib ki, son bir ildə bu göstəricilər müvafiq olaraq 1,596 mln. nəfər və 905 min nəfər azalıb.

İşsizliyin azalması Avropa İttifaqı üçün çətin bir anda baş verib. Bu səbəbdən belə nəticə, belə göstəricilər, o cümlədən işsizlik səviyyəsinin 7 illik minimuma çatması kimi nailiyyət təəccüblü görünür. Çünki hazırda Avropa İttifaqında iqtisadi böhran adlandırmaq hələlik mümkün olmayan, amma ümumilikdə çətin iqtisadi vəziyyət davam edir. Hazırda illik iqtisadi artım cəmi 1,8%, Avrozonada isə 1,6% təşkil edir. Bu rəqəmlər Avropanın iqtisadi hakimiyyətini qane etmir, nəticədə Avropa Mərkəzi Bankı yumşaq monetar siyasətini davam etdirir. İşsizlik üzrə isə gözlənilməz müsbət göstəricilər bütün bu amillər fonunda müəyyən mənada paradoksal görünür. Amma daha dəqiq araşdırması üçün ölkələrin ayrı-ayrı olaraq vəziyyətinə diqqət yetirmək lazımdır (İşsizlik səviyyəsi, %):

Göründüyü kimi, bir sıra ölkələrdə işsizlik səviyyəsi nəzərə çapracaq dərəcədə azalıb və bu ölkələrin əksəriyyəti Şərqi Avropa ölkələridir. Vışeqrad qrupuna daxil olan 4 ölkədə də işsizliyin azalması müşahidə olunur. V4 ölkələrini burada o səbəbdən xüsusi vurğulayırıq ki, məhz bu ölkələr Avropada miqrasiyasın, xüsusən də qeyri-leqal miqrasiyanın yayılmasına qarşı çıxır. Ümumilikdə, ötən ildə Şərqi Avropa, xüsusən də Şərqi-Cənub Avropa ölkələri qeyri-leqal miqrasiya böhranı ilə daha sərt üzləşiblər. Bu səbəbdən sərhədlər bağlanır, sərhəd nəzarəti gücləndirilir, müəyyən saxlayıcı addımlar atılır, Avropa İttifaqının rəhbərliyinə və miqrantların qəbulunun lehinə olan Almaniya kimi ölkələrin mövqeyinə çox sərt qarşı çıxır. Əlbəttə ki, miqrasiya problemi əmək bazarına çox ciddi təsir edir. Belə ki, miqrantlar sosial müavinətlər almaqla yanaşı iş yerlərinə iddia edirlər ki, nəticədə nəzarətsiz miqrasiya siyasətini həyata keçirən ölkə, nəzəri cəhətdən, əmək bazarında qarmaqarışıqlıqla üzləşə bilər. Sadə desək, yerli əhali miqrantların tutduğu iş yerlərindən məhrum olurlar.

Burada əlbəttə ki belə bir məsələyə toxunmaq lazımdır. Adətən əmək miqrantları, xüsusən də qeyri-leqal miqrantlar yalnız yerli əhali tərəfindən imtina edilən iş yerlərinə iddia edə bilir, lakin hər halda kütləvi miqrasiyaya məruz qalan Avropada işsizlik səviyyəsinin aşağı düşməsi paradoksal müsbət göstəricidir. Çünki istənilən halda miqrasiya əmək bazarında təklifi artırır. Amma bəzi ölkələr öz əmək bazarlarını qorumaq məqsədi ilə (digər amillərlə yanaşı) miqrasiyaya qarşı çıxır və məhz bu ölkələrdə işsizlik səviyyəsinin azalması daha yüksək templərlə müşahidə olunur.

Rəqəmlərin təhlili həmçinin daha bir sıra maraqlı amilləri üzə çıxarır. Məsələn, Almaniyada Avropanın ən aşağı işsizlik səviyyəsi müşahidə olunur. Bu da onu göstərir ki, bu ölkənin əmək bazarında ciddi potensial mövcuddur. Bu səbəbdən müəyyən mənada aydın olur ki, niyə Almaniya hökuməti miqrantların qəbuluna razıdır və xüsusən bu miqrantların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində tədbirlər görür və görmək niyyətindədir. Çünki əmək bazarında boş iş yerləri, ilk növbədə də yerli əhali tərəfindən imtina edilən, yəni xüsusi bilik, bacarıq, təhsili və ixtisası tələb etməyən iş və vəzifələr üzrə mövcuddur.

Bundan əlavə, adətən, işsizlik səviyyəsinin azalması müəyyən mənada iqtisadi artımın yüksəlməsinə təsir etməlidir, amma Avropada bu, hələlik baş vermir. Belə ki, ötən ildə Avropa İttifaqında iqtisadi artım indiki üç rübün göstəricisindən 0,3 faiz bəndi artıq olaraq 2,1%-ə bərabər idi. İllik göstəricini artırmaq üçün hələlik dördüncü rüb var, amma 2016-cı ildə rüblük artımlarına fikir verəndə (0,4-0,5%) ilin yekununda iqtisadi artımın 2015-ci ilin göstəricini nəzərə çarpan dərəcədə üstələyəcəyi çətin görünür. Bu amil Avropa İttifaqının iqtisadiyyatında struktur problemlərin mövcud olduğunu göstərir, çünki, bir daha təkrarlamalıyıq ki, işsizlik səviyyəsi ayrıca bir proses deyil, əksinə bu faktor iqtisadi artımın templərinə müsbət təsir etməlidir. Bu aydındır, çünki iqtisadiyyatda daha çox məhsul və xidmət istehsal olunur.

Amma eyni zamanda iqtisadi artımın yüksəlməsini ləngidən və saxlayıcı amillər mövcuddur ki, bunların sırasına real iqtisadiyyatında investisiyaların azalmasını və deflyasiyanı qeyd etmək olar. Birinci amillə Avropa Mərkəzi Bankı mərkəzləşdirilmiş kredit və depozitlər üzrə sıfıra yaxın və ya mənfi faiz dərəcələrin tətbiq etməklə mübarizə aparır. Məqsəd isə maliyyə və digər qurumların sərbəst vəsaitlərini yığıma və passiv investisiyalara deyil, real iqtisadiyyata yönəltməkdir. İkinci amilə gəlincə, demək olar ki, burada vəziyyət qənaətbəxş deyil. Belə ki, bu ilin sentyabrında istehsal qiymətləri EA28-də 1,1%, EA19-da isə 1,5% azalıb. Bu problem nəticədə istehlak qiymətlərin çox kiçik artmasına və ya ümumilikdə deflyasiyaya gətirib çıxarır ki, bu problem hazırda Avropa Mərkəzi Bankı narahat edən əsas problemlərdən biridir.

Aydındır ki, belə olan makroiqtisadi fon və şəraitində işsizlik səviyyəsinin azalması, yəni iş fəaliyyətinin yüksəlməsi lazımı olan və gözlənilən nəticə vermir və iqtisadi artımına lazımı olan müsbət yüksəldici təsir etmir.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR