Azərbaycan ikinci valyuta sarsıntısını keçirə bilərmi? - TƏHLİL

Azərbaycan ikinci valyuta sarsıntısını keçirə bilərmi? - <span style="color: red;">TƏHLİL
# 16 oktyabr 2015 11:53 (UTC +04:00)

Azərbaycanın Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov bəyan edib ki, AMB ölkədə çevik məzənnə siyasətinə keçid məsələsini araşdırır. Konkret vaxt və ya keçib-keçməməsi barədə heç nə deyilməsə də, qeyd olunub ki, sözügedən məsələ ilə bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparılır və bildirilib ki, çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bəli, belədir, çünki AMB-nin müxtəlif pul siyasəti barədə icmallarında deyilirdi ki, çevik məzənnə siyasətinə keçid mümkünlüyü araşdırılır. Və məsələ araşdırma səviyyəsində qalırdı. Lakin indi dünya iqtisadiyyatında müxtəlif amillər inkişafda olan ölkələrinin iqtisadi siyasətlərində dəyişiklik etməyə məcbur edir. Bəzi ölkələr artıq bu üsula əl atıb. Növbədə Azərbaycandırmı?

Nəyimiz var?

Hazırda Azərbaycanda məzənnə siyasəti dünya praktikasında qəbul olunan variantların ortalama bir variantdır. Belə ki, məzənnə tam inzibati üsulla təyin edilmir, lakin manat-dollar məzənnəsi əvvəlcədən müəyyən edilmiş dəhliz çərçivəsində saxlanılır. Bunun üçün Mərkəzi Bank valyuta bazarına müdaxilələr edir. AMB-nin son pul siyasəti icmalında deyilir ki, bu ilin ilk yarısında xarici valyutaya tələbin kəskin artması şəraitində Mərkəzi Bankın məzənnə siyasəti ölkənin beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi və makroiqtisadi sabitliyin qorunması məqsədləri çərçivəsində həyata keçirilib. “Ötən ilin sonlarından başlayaraq dünya neft bazarında qiymətlərin kəskin düşməsi və ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya dalğaları daxili valyuta bazarında xarici valyutaya, xüsusilə ABŞ dollarına tələbin artması ilə müşayiət olunub”. Maraqlıdır ki, sonradan icmalda valyuta bazarında artım barədə deyilir, yaranan vəziyyət göstərilir və bildirilir ki, valyuta bazarında şəraiti nəzərə alaraq AMB fevral ayında dolların manata qarşı məzənnəsini 1,05 manata müəyyən edib. Yəni səbəb-nəticə yerləri dəyişdirilib. Məhz fevral ayında kəskin devalvasiyası nəticəsində valyuta bazarında ajiotaj yaranıb və artım baş verib. Bu yanaşmanı saxlayaq icmalın müəlliflərinə, çevik məzənnə məsələsində bu o dərəcədə də vacib deyil. Vacib yalnız nəticədir. Nəticə isə belədir ki, Azərbaycanın müasir iqtisadiyyatı dövründə ilk dəfə olaraq Mərkəzi Bankın ehtiyatlarında kəskin azalma qeydə alınıb və bu məhz aparılan valyuta siyasətinin həyata keçirilməsi üçün baş verib. Bir daha xatırladaq ki, indiki valyuta siyasəti “idarə olunan üzmə” adlandırıla bilər və bunun çərçivəsində AMB məzənnələri dəhlizdə saxlamaq üçün müdaxilələr edir. Əvvəllər bu, yalnız manat müdaxiləsi idi, nəticədə manatın möhkəmlənməsinə yol verilmirdi və AMB-nin valyuta ehtiyatları artırdı. Bu il əksinə bazara dollar intervensiyaları edilir ki, nəticədə manatın ucuzlaşması saxlanılır. Və bu addımlara müvafiq olaraq ölkənin valyuta ehtiyatları məhdudlaşıb. Nəticədə ilin əvvəlindən sentyabrın sonuna kimi AMB-nin valyuta ehtiyatları 12,7 mlrd. dollardan 7 mlrd. dollara qədər azalıb. Ən təhlükəli məqam ondan ibarətdir ki, bu prosesin sonu görünmür. Yəni Mərkəzi Bank tərəfindən bazarda satılan dollar kütləsini bazar “udur” və məzənnəni lazım olan dəhlizdə saxlamaq üçün ehtiyatlar tədricən azalır. AMB-nin hesablamalarına görə, hazırda ehtiyatlar 5,4 aylıq mal və xidmət idxalına kifayət edir ki, bu dünya praktikasında qəbul olunan normadan (3 ay) hələ də yüksəkdir. Lakin əvvəllər bu üstələmə rəqəmi dəfələrlə idi.

Beləliklə, Mərkəzi Bank iki yol ayrıcında qalıb. Birincisi, indiki siyasəti davam etdirmək, ikincisi, bu siyasətə hansısa dəyişikliklər etmək. Burada iki qonşu ölkənin atdığı addımları yada salmaq yerinə düşər. Ötən il analoji seçimlə Rusiya qarşılaşıb. Ölkənin valyuta ehtiyatları sürətlə azalırdı, valyuta bazarına edilən müdaxilələr kardinal dəyişikliyə gətirib çıxarmırdı. Nəticədə, müdaxilələrdən imtina edilməsi barədə qərar qəbul edilib və bununla tam olaraq üzən (və ya çevik) məzənnə siyasətinə keçid elan edilib. Ötən ilin noyabrında bu keçid başa çatıb. Təxminən bir ildən sonra Qazaxıstan da sözügedən seçim qarşısında qalıb. Ölkə rəhbərliyinin bəyanatlarına əsasən, ya müdaxilələr davam etdirilməli idi, ya da üzən siyasətə keçid olmalı idi. İqtisadi qanunauyğunluqlara görə, başqa yol yoxdur. Və Qazaxıstan bu ilin avqust ayında üzən məzənnəyə keçdi.

Səbəb? Yenə də neft

Sirr deyil ki, Azərbaycanda iqtisadi problemlər, o cümlədən valyuta siyasətində çətinliklər neftin kəskin ucuzlaşmasından sonra başlayıb. Bu proses ötən ilin ortalarından başlayıb və indiyədək davam edir. Əgər ötən ilin üçüncü rübündə, ilin sonlarında bu, müvəqqəti proses kimi qiymətləndirilirdisə, indi, bütün iqtisadi amilləri və xüsusən də dünyada gedən siyasi prosesləri nəzərə alsaq, aydındır ki, neftin indiki 45-50 dollarlıq səviyyədə qalması artıq ən azı ortamüddətli olacaq. Neftin ucuz olması ilə Azərbaycanda problemlərin yaranması ilə əlaqə barədə çox danışmağa ehtiyac yoxdur. Neft ucuz olanda, sabit neft ixracı şəraitində ölkəyə daha az valyuta daxil olur, dövlətin maliyyə imkanları azalır, nəticədə bir tərəfdən ehtiyatların artımı daha baş vermir (nümunə Dövlət Neft Fondunun aktivlərinin azalması), digər tərəfdən ölkə daxilində həcmi azalan xarici valyutanın (hər malın kimi) qiyməti artır. Birinci amilin nəticəsində dolların yüksəlməsini saxlamaq üçün maliyyə imkanları daha əvvəlki kimi geniş deyil. Problem həmçinin ondan ibarətdir ki, valyuta bazarı obyektiv bir məkandır və burada, məsələn, fiskal siyasətindən fərqli olaraq sadə büdcə xərclərinin azaldılması ilə problemi həll etmək mümkün deyil. Valyuta bazarında valyuta tələbatı həmişə var və burada hər hansı bir inzibati məhdudiyyətlər yalnız əks nəticə verəcək. Yenə də Rusiya misalını xatırlatmaq lazım gəlir. Orada üzən məzənnəyə keçməzdən əvvəl valyuta bazarında quya spekulyantlarla mübarizə üçün müxtəlif məhdudiyyətlər tətbiq olundu. Aydındır ki, heç bir müsbət nəticə əldə edilmədi. Əksinə belə addımları valyuta bazarının iştirakçılar, o cümlədən əhali, hökumətin gücsüzlüyü kimi qiymətləndirir və valyutaya tələbat daha da artır.

Hər halda problemlər ilk növbədə neft ixrac edən ölkələrdə yaranıb, çünki bu ölkələrdə iqtisadiyyat neft gəlirlərindən çox asılıdır, iqtisadiyyatın digər sahələri isə yalnız neft gəlirlərinin hesabına inkişaf etməyə başlayır. Nəticədə, tədiyyə balansında kəskin mənfi dəyişikliklər baş verir. Məsələn, Azərbaycanda tədiyyə balansında müasir iqtisadiyyat zamanı ilk dəfə olaraq mənfi saldo yaranıb və mənfi saldonun yaxın gələcəkdə də qalacağı şübhəsizdir. Çünki neft gəlirləri azalır, lakin digər sahələrdə vəziyyət eyni qalıb (bir daha qeyd edək ki, bu büdcə deyil, bu sahədə sadə sekvestr həyata keçirmək mümkün deyil). Yəni tədiyyə balansında ənənəvi mənfi saldoya malik olan sahələrdə dəyişiklik baş vermir. Xidmətlərdən necə istifadə olunurdu, istifadə olunur, kapitalın repatriasiyası davam edir, idxal necə var idi, elə də qalır və sair. Ölkənin xarici iqtisadi həyatı davam edir, lakin valyuta gəlirləri kəskin azalır. Belə olan halda, tədiyyə balansının mənfi saldosu qaçılmaz olur. Mənfi saldo olanda isə valyuta bazarına hər hansı valyuta müdaxilələri etmək qeyri-mümkündür. Hələlik ehtiyatlardan istifadə olunur, lakin onların kəskin azalması artıq Mərkəzi Bankı fikirləşməyə məcbur edir.

Nə ilə üzləşəcəyik?

Beləliklə, ölkənin iqtisadiyyatı belə bir vəziyyətə düşüb ki, valyuta bazarında idarə olunan siyasət üçün artıq imkanlar tükənir. Çıxış yolu yalnız üzən / çevik məzənnə siyasətinə keçməkdir. Nəzəriyyə baxımından başqa yol yoxdur və bunu artıq fakt kimi qəbul etmək lazımdır. Lakin çevik məzənnəyə keçid ən azı yaxın gələcəkdə yaxşı heç nə vəd etmir. Rusiya bazara müdaxilələrdən imtinadan sonra dolların məzənnəsi sürətlə artmağa başlayıb. Nəticədə, əgər ötən ilin iyul-avqust aylarında dolların məzənnəsi 34-35 rubla bərabər idisə, ilin sonunda bu rəqəm 56 rubla, bu ilin avqustunda hətta 70 rubla çatıb. Qazaxıstanda vəziyyət daha kəskin olub. Belə ki, avqustun 20-də üzən məzənnəyə keçid elan edilib, dolların məzənnəsi 188 tenqe olub, 21-də məzənnə artıq 255 tenqeyə bərabər olub, indi məzənnə 275 tenqe təşkil edir. Bu mərhələni bütün iqtisadiyyatlar keçir, haradasa valyuta siyasətində sərbəstləşməyə keçid baş verir. Yəni milli valyutanın ucuzlaşması dərhal və ya tədricən baş verir. Bu, qaçılmazdır. Belə ki, üzən valyuta siyasətinə keçən ölkə bunu məcburiyyət qarşısında edir, çünki makroiqtisadi vəziyyətin əlverişsiz olması dəhlizi idarə etməyə imkan vermir. Ölkə iqtisadiyyatında zəifləmə olur ki, nəticədə milli valyutanın süni saxlanması həyata keçirilməyəndə onun dəyərsizləşməsi baş verir. Güclü iqtisadiyyata, lazımı səviyyədə ehtiyatlara malik olan və əvvəllər idarə olunan valyuta siyasətini həyata keçirən ölkə üzən / çevik siyasətə keçməyəcək. İstisna kimi yalnız 90-cı illərdə “şok terapiyasını” keçirən Şərqi Avropa ölkələrini qeyd etmək olar, lakin bu tam fərqli əhvalatdır. Beləliklə, üzən siyasətə keçən ölkədə həmişə milli valyutanın ucuzlaşması baş verir. Bu, aksiomadır. Lakin vəziyyət ən qısa zamanda tarazlaşa bilər ki, bu da aksiomadır.

Bu barədə daha ətraflı. Üzən siyasətdə milli valyutanın dollara və avroya (həmçinin digər sərbəst dönərli valyutalara) qarşı məzənnəsi bazarda təklif-tələb nəticəsində və heç bir müdaxiləsiz formalaşır. Faktiki olaraq təklif və tələbat bazar tərəfindən balanslaşdırılır və Mərkəzi Bankın müdaxilə etməsinə ehtiyac qalmır. Eyni zamanda məzənnənin qeyri-müəyyən olması spekulyantların manipulyasiya imkanlarını heçə endirir. Demək olar ki, üzən siyasət iqtisadiyyat üçün digər üsullardan daha faydalıdır. Lakin keçidin özü... Aydındır ki, valyuta bazarında əvvəl-axır balans yaranacaq, amma buna qədər milli valyutanın məzənnəsi iqtisadiyyatının şəraitindən, vəziyyətindən, hökumətin heç olmasa təxmini proqnozlarından çox uzaq ola bilər. Tarazlaşma yarananadək milli valyuta kəskin ucuzasa bilər. Makroiqtisadi təhlilə əsasən, üzən məzənnə siyasəti nəticədə formalaşan kurs həmin valyutanın real məzənnəsi olur. Məsələn, rublun dollara qarşı real məzənnəsi 34-35 rubl deyilmiş, əslində indiki 60-65 rubl imiş. Eyni qaydada dolların Qazaxıstanda da real məzənnəsi 188 tenqe deyil, indiki 270-275 tenqe olmalı idi. Çünki 270 tenqeyə bərabər məzənnə hələ sentyabrın ortalarında formalaşıb və o vaxtdan ciddi dəyişməyib. Deməli balans yaranıb. Lakin keçid zamanı iqtisadiyyatın, xüsusən əhalinin itkiləri son dərəcədə böyük və əvəzedilməz olur.

Azərbaycanda artıq bir dəfə bu baş verib. Yenə də fevraldakı devalvasiyanı xatırladaq. Fevralın 20-də dolların məzənnəsi 0,7862 manat, 21-də isə 1,05 manat olub. Fərq 34 faizə yaxındır. Bu, həm real, həm gələcək itkilərdir. Dollarda olan kreditlər, dollarda ifadə olunan mallar, idxalçılar və sair – bütün bunlar konkret itkilərdir. Əlavə olaraq manatla qazanan əhali idxal malları almaqda artıq çətinlik çəkir. Xüsusilə qeyri-ərzaq mallarını əsasən idxalla təmin edilən ölkədə.

Qeyd edək ki, makroiqtisadi nəzəriyyəyə əsasən, üzən məzənnə dolayı yolla yerli istehsalın inkişafına xidmət edir. Azərbaycanda isə əgər yerli istehsal olan ərzaq malları idxalı uğurla əvəz edir. Qeyri-ərzaq malları üzrə, o cümlədən texnika, avtomobil, geyim, dərman və sairləri üzrə buna, yumşaq desək, hələ çox var. Bunlar birdəfəlik devalvasiyasının çox qısa nəticələridir, amma üzən məzənnəyə keçidi əhali mövqeyindən sonu görünməyən bir devalvasiya kimi qiymətləndirmək olar. Sirr deyil ki, Azərbaycanda sosial-iqtisadi vəziyyətinin sağlamlığının fundamental əsası məhz manatın sabitliyi olub. Devalvasiyadan keçən yarım il ərzində vəziyyət düzəlməsə də, tədricən normallaşıb. Bu səbəbdən yeni zərbə sosial vəziyyəti kəskin sarsıda bilər.

İndi əsaslı şəkildə demək olar ki, fevralda devalvasiyaya əl atmaq vaxtsız olub. Çünki hələ o vaxt məlum idi ki, neft yaxın zamanlarda bahalaşmayacaq, dollara tələbat özü-özündən azalmayacaq, bazara valyuta müdaxiləsinə ehtiyac qalacaq. Buna görə hələ fevralda devalvasiyanın əvəzinə üzən məzənnəyə keçid elan olunmalı idi ki, yaxın müddət ərzində ikinci belə sarsıntı olmasın.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR