Azərbaycan iqtisadiyyatının yeni formatı - TƏHLİL

Azərbaycan iqtisadiyyatının yeni formatı - <span style="color: red;">TƏHLİL
# 25 fevral 2016 14:00 (UTC +04:00)

Ucuz neft erasının sona çatması bir neçə ölkəni öz iqtisadi siyasətlərini dəyişməyə məcbur edib. Bu kontekstdə Azərbaycan da istisna deyil. Artıq ölkə rəhbərliyi bəyan edib ki, iqtisadiyyatın neftdən asılılığı azaldılmalı, iqtisadiyyatın diversifikasiyası istiqamətində işlər fəallaşdırılmalıdır. Müəyyən addımlar atılmağa başlanıb, məsələn, iri müəssisələrin özəlləşdiriləcəyi elan olunub. Əsas isə odur ki, ortada siyasi iradə var - iqtisadi siyasət dəyişilməli, müəyyən məsələlərə baxış dəyişilməli, nəhayət radikal qərarlar qəbul olunmalıdır. Lakin konkret hansı istiqamətlərdə? Bu sualın cavabını vermək üçün müqayisəli təhlilə ehtiyac var.

Neftin 30 dollaradək ucuzlaşması Azərbaycanı mürəkkəb vəziyyətə salıb, nəticədə manat 2 dəfə devalvasiya edilib, Mərkəzi Bankın ehtiyatları dəfələrlə azalıb, dövlət büdcəsi ciddi şəkildə sekvestr edilib və ümumilikdə ölkə qənaət rejimə keçib. Amma bütün bunlar müvəqqəti tədbirlərdir, əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə qalsa, iqtisadi problemlər yenidən kəskinləşəcək. Ölkənin strateji ehtiyatları, büdcə xərclərinin azaldılması amilləri ölkəyə müəyyən müddət ərzində nisbətən normal yaşamağa imkan verəcək. Amma birdən neftlə bağlı durum illər ərzində davam etdi? Bir çox iqtisadçılar bunun belə olacağına inanır, neft üzrə əksər proqnozlarda qeyd olunur ki, ucuz neft dövrü bəlkə daha 4-5 il davam edəcək. O vaxta qədər Azərbaycan və onun kimi neft ixracından asılı olan ölkələr indidən daha da ciddi problemlərlə üzləşəcəklər. Sadə dildə desək, hələlik vaxt var, vaxtdan istifadə edib neft amilinin iqtisadiyyata təsirini minimuma endirmək üçün ciddi islahatlar aparılmalıdır. Vaxtımız nə qədərdir, bunu heç kim bilmir. Amma ölkənin ən azı iki il ərzində normal yaşamaq üçün maliyyə imkanları var və həmin müddət ərzində yeni iqtisadi arxitekturanın əsası qoyulmalıdır. Necə?

Yeni iqtisadi formatı yaratmaqda özəlləşdirmə panaseya olmayacaq. Çünki etiraf etmək lazımdır ki, Azərbaycanda ciddi xarici investorlar üçün satılacaq obyektlər yoxdur, maraq doğuran yanacaq kompleksi müəssisələri özəlləşdirilməyəcək, digər sahələrdə isə maraq doğuran müəssisə yoxdur, varsa da köhnə istehsal sahələrinin yerində yeniləri yaradılmalıdır. Bütün bunları nəzərə alaraq, iqtisadiyyatın yeni Konstitusiyasını yaratmaq üçün ölkə iri xarici şirkətlərinə, transmilli şirkətlərinə qapılarını açmalıdır. Müqayisəli təhlilə bu nöqtədə keçmək olar.

Bəzi ölkələr qısa müddət ərzində misli görünməmiş iqtisadi nailiyyətlər əldə edib və bu kontekstdə ilk ağla gələn ölkə Çindir. Çin iqtisadi möcüzəsinin əsas izahı budur: transmilli korporasiyaların ölkəyə dəvət edilməsi. Yerli iş qüvvəsinin ucuz olması transmilli şirkətləri üçün burada istehsal sahələrin açılmasını çox cəlbedici edib. Nəticədə, bir neçə iqtisadi nailiyyət əldə olunub: istehsal kəskin artıb, məşğulluq kəskin artıb, stabil iqtisadi artım formalaşıb. Transmilli şirkətlərinin zavod və fabriklərində istehsal edilən mallarda Çin ixracının payına nə az, nə çox, düz 50 faiz düşür. Çinin ixracı isə ölkənin əsas iqtisadi lokomotividir. Buraya həmçinin digər faktoru da əlavə etmək lazımdır: həmin malların müəyyən hissəsi yerli bazarda istehlakçılara satılır və bu da idxalda ehtiyacı azaldır. Yəni, proses hər tərəfdən faydalıdır. Hazırda Çində dünyanın, demək olar ki, bütün transmilli korporasiyalar və iri şirkətləri bütün sahələrdə istehsal sahələrinə sahibdir. Qeyri-mədən sektoruna fikir versək – ki, bizi əsas bu maraqlandırır - burada “Siemens”, “Motorola”, “Toshiba”, “Eastman Kodak”, “General Motors”, “Volkswagen”, “Nokia”, “Microsoft”, “Boing”, “BASF”, “Nestle”, “Panasonik”, “Dell”, “Samsung”, “Mitsubishi”, “Hyundai”, “Nissan”, “Honda”, “Toyota”, dünyanın aparıcı farmakoloji korporasiyalarının, məişət texnikası, yeyinti sənayesi və sair sektorların aparıcı şirkətlərinin zavod və fabrikləri fəaliyyət göstərir. Nəticədə Çin hər şeyi ixrac edir, hazır məhsul isə demək olar ki, idxal etmir. Demək olmaz ki, yalnız iri xarici və transmilli şirkətlərə qarşı yürüdülən açıq qapı siyasəti Çin iqtisadiyyatını dünyanın ikinci iqtisadiyyatı səviyyəsinə qaldırıb. Amma bunun rolu müstəsna olub, bunsuz nə ixrac bu dərəcə artardı, nə məşğulluq, nə də əhalinin yaşayış səviyyəsi.

Transmilli korporasiyalar və iri xarici şirkətlərin ölkəyə dəvət olunması ideyasını Çin kəşf etməyib. Ondan başqa da bu yolla nailiyyətlər əldə edən ölkələr var. Hətta Avropada belə. Məhz Avropa nümunəsi Azərbaycan üçün daha yaxın ola bilər. Çünki həm iqtisadiyyatın miqyası, həm ərazi baxımından, həm də işçi qüvvəsinin dəyəri nöqteyi-nəzərindən Şərqi Avropa ölkələri Azərbaycana daha yaxındır. Çinin nümunəsi əsasən onu göstərir ki, istehsal sahəsini xarici şirkətlərə açmaq hansı miqyasında iqtisadi uğurlara yol açır.

Şərqi Avropa ölkələri sırasında sözügedən sahədə aparıcı rol Polşaya malikdir. Polşanın iqtisadi uğurları, onun böhrandan itkisiz çıxmasının və böhran dönəmində iqtisadi artıma nail olmasının, Avropada ən dayanıqlı iqtisadiyyata çevrilməsinin sirri nədədir. Burada amillər çoxdur, amma əsas amil iri xarici şirkətlərin ölkəyə gətirilməsidir. Hazırda Polşada “Fiat”, “Opel”, “Volkswagen”, “Volvo”, “MAN”, “Fiat”, “Bridgestone”, “Goodyear”, “Michelin”, “LG”, “Sharp”, “Toshiba”, “Thomson”, “Nestle”, “Unilever”, “Masterfoods”, “Kingfisher”, “Electrolux”, “Hitachi” “Cadbury’s”, “Procter&Gamble”, “Avon”, “Beiersdorf”, “ABB”, “IBM”, “Glaxo Smith Kline”, “Intel”, “Oracle”, “Siemens”, “Whirlpool”, “Bosch”, “IKEA”, “Arcelor Mittal”, “Phillip Morris” kimi transmilli şirkətlər istehsal qüvvələrinə malikdir. Və bunlar yalnız ən iriləridir, orta səviyyəli şirkətlərin isə sayı-hesabı yoxdur. Demək olar ki, bütün sahələrdə iri, orta xarici və transmilli şirkətlər təmsil olunub. Maraqlısı da odur ki, bu, yerli istehsalın son dərəcədə güclü olduğu halda baş verir, yəni iqtisadi siyasət həm də rəqabətə şərait yaradıb. Nəticədə həm yerli istehsalçılar, həm də xarici şirkətlər bazarda öz yerini tutub. Bunun əsas səbəbi ondan ibarətdir ki, xarici şirkətlərinin Polşada istehsal etdiyi mallar ixraca yönəldiir. Məsələn, bütün Avropada satılan televizorların 1/3 hissəsi Polşada istehsal olunur. Oxşar vəziyyət digər sahələrdə, o cümlədən məişət texnikası sahəsində müşahidə olunur. Məsələn, yerli bazarda satılan bütün xarici brendli məişət texnikası Polşada yığılır. İqtisadiyyatda iri xarici şirkətlərinin rolunu təsvir etmək üçün qeyd etmək kifayətdir ki, onların Polşadakı törəmələrinin hamısı Polşanın ən iri şirkətləri siyahısında yer alır. Onların əksəriyyəti “Forbes” tərəfindən hazırlanan ölkənin ən iri 100 şirkətinin renkinqində yer alıb. Xarici sənaye şirkətlərinin Polşada uğuru bir neçə amilə bağlıdır. Qərbi Avropa və Şimali Amerika ilə müqayisədə daha ucuz işçi qüvvəsi amilindən başqa buraya iqtisadi əlverişli rejimi də əlavə etmək lazımdır. Ölkənin bir çox iri və orta, hətta bəzi hallarda kiçik şəhərlərində yerli və xarici şirkətlərinin cəlb edilməsi üçün xüsusi iqtisadi zonalar (Specjalna Strefa Ekonomiczna) yaradılıb. Əksər iri zavod və fabriklər, xüsusən də xarici kapitallı müəssisələr məhz bu zonalarda yerləşdirilir. Burada fəaliyyət göstərən istehsal müəssisələr üçün xüsusi rejimlər, həmçinin vergi, gömrük və digər güzəştləri tətbiq edilir. Qeyd etmək lazımdır ki, iri xarici şirkətlərinin istehsal prosesi bəzi hallarda kombinat formatında qurulur, yəni bu zavodlar tək “əvvəl axıra” prinsipi ilə deyil, həmçinin hissələrin istehsalı prinsipi ilə fəaliyyət göstərir. Məsələn, burada istehsal olunan hissələr sonradan digər ölkədə əsas yığım kombinatına göndərilir. Nəticədə, istehsal, nəqliyyat, logistika və digər sahələr inkişaf edir. Qeyd edək ki, oxşar vəziyyət digər Şərqi Avropa ölkələrində, o cümlədən Çexiya, Macarıstan, Rumıniya, Serbiyada da müşahidə olunur, amma aparıcı roluna Polşa malikdir. Hər halda iri xarici şirkətlərin və transmilli korporasiyaların zavod və fabrikləri iqtisadiyyata birmənalı olaraq fayda gətirir.

Təəssüflər olsun, Azərbaycan bu sahədə çox geridə qalıb. Faktiki olaraq, bu, bahalı neftin amili təsirindən baş verib. Söhbət tək ondan getmir ki, neftin gəlirlərin axını zamanı iqtisadiyyatın diversifikasiyası elə də aktual olmayıb. Hökumət əlavə neftin gəlirlərini qeyri-neft sektorunun inkişafına, o cümlədən yerli istehsalın yaradılmasına yönəldib. Yəni Şərqi Avropa ölkələrində, Çində xarici investisiyaları və leybllar hesabına həyata keçirdiyi işi Azərbaycanda öz vəsaitləri hesabına etməyə çalışıblar. Amma vaxt çatmayıb, nəticədə yaradılmış istehsal müəssisələri yalnız bir-neçə sahələri əhatə edir (əsasən yeyinti sahəsini). İndi isə yeni iqtisadi reallığa uyğunlaşmaq lazımdır və bu istiqamətdə iri xarici şirkətlərin ölkəyə gətirilməsi zəruri bir addım olacaq. Xüsusən də onu nəzərə almaq lazımdır ki, bu şirkətlərin istehsal etdiyi məhsullar Azərbaycanda istehsal olunmur, amma həmin leybl və markalı mallar çox həvəslə alınır: avtomobil, məişət texnikası, mebel, farmakologiya və sair. Fakt bundan ibarətdir ki, indi öz qüvvəsi ilə iqtisadiyyatın diversifikasiyasını və ixrac potensialın gücləndirilməsini həyata keçirmək mümkün olmayacaq. Oxşar vəziyyət 90-cı illərdə müşahidə olunub. “Əsrin müqaviləsi” 1994-cü ildə Azərbaycana neft-qaz transmilli korporasiyaların gətirib, çünki öz qüvvəsi ilə müasir neft hasilatı və nəqli prosesini təşkil etmək mümkün deyildi. İndi isə qeyri-neft sahəsində oxşar tədbirlərin həyata keçirilməsinin vaxtı çatıb. Orta və kiçik sahibkarlıq mümkün qədər iqtisadiyyata dəstək verir, amma artıq yeni səviyyəyə yüksəlmək lazımdır. Yerli bazarın potensialı, Azərbaycanın regionda lider olduğunu, siyasi sabitliyi, ölkə rəhbərliyinin güclü xarici və daxili siyasi mövqeyini başa düşən iri xarici şirkətlər ölkədə istehsal yaratmaqda maraqlı olacaq, sadəcə bu günə kimi onları bura dəvət edən olmayıb...

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR