Azərbaycana sərmayə yatıran ölkələrin ilk beşliyində dəyişiklik olub

Azərbaycana sərmayə yatıran ölkələrin ilk beşliyində dəyişiklik olub
# 19 avqust 2015 10:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala 3 874,5 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 228,3 mln. manat və ya 46,42% çoxdur.

Komitənin sosial-iqtisadi inkişaf büllüteninə nəzər salanda məlum olur ki, yanvarda xaricə mənbələrdən 423,3 mln, fevralda 387,7 mln, martda 653,4 mln, apreldə 582,7 mln, iyunda 592,5 mln, iyulda isə 656,7 mln. manat vəsait yönəldilib.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 3 337 mln. manatı və ya 86,1%-i Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç sərmayədarlarına məxsus olub.

2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin eyni dövründə əsas kapitala vəsait yönəldən ilk beş xarici ölkənin siyahısında dəyişiklik baş verib. Belə ki, ötən ildən fərqli olaraq bu il Rusiya və İran ilk beşliyə daxil olub. Ötən il Azərbaycana xarici sərmayəyə görə, ilk beşlikdə təmsil olunan ABŞ bu il 6-cı yerdə, Fransa isə 11-ci yerdə qərarlaşıb. Başqa sözlə, 2014-cü ilin eyni dövründə ölkəyə ən çox sərmayə qoyan ilk 5 ölkənin sırasında Rusiya olmayıb. Bu ölkə ötən il 8-ci sırada qərarlaşıb. Ümumiyyətlə isə Türkiyə nəzərə alınmasa, ilk beşlikdə Qərb ölkələri- Britaniya, Norveç, ABŞ və Fransa idi. Bu ilin 7 ayının nəticələrinə görə isə Rusiya 4-cü, İran 5-ci sıraya yüksəlib.

Ümumiyyətlə, son 1 ildə Türkiyənin sərmayələrinin həcmi 2,3 dəfə, Rusiya sərmayələrinin həcmi 71% artıb. Əvəzində Fransa sərmayələri 4,4 dəfəyədək, ABŞ sərmayələri 5,5%-dək azalıb.

Hesabat dövründə Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran Böyük Britaniya sərmayədarları olub. Belə ki, adıçəkilən ölkənin investorları tərəfindən iqtisadiyyatımıza 1 231 mln. 516 min manat yönəlib ki, bu da ümumi yatırılan investisiyaların 31,8%-ni təşkil edir.

İkinci yerdə Türkiyə qərarlaşıb. Belə ki, bu ölkənin sərmayədarları tərəfindən Azərbaycan iqtisadiyyatına 548 mln. 600 min manat yatırılıb ki, bu da ümumi yatırılan investisiyaların 14,1%-ni təşkil edir. Qardaş ölkənin ardından ölkəmizin iqtisadiyyatına 407 mln. 905 min manatlıq (ümumi həcmdə xüsusi çəkisi 10,5%) yatırım edən Norveç qərarlaşıb. Dördüncü yerdə 261 mln. 723,8 min manat (6,89%) sərmayə ilə Rusiya, elə bu qədər sərmayə ilə İran yer alıb.

Azərbaycanda əsas kapitala ən az vəsait yönəldən ölkə isə İtaliya olub - 91,9 mln. manat.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR