Azərbaycanda “kapitalın paradoksu” - TƏHLİL

Azərbaycanda “kapitalın paradoksu” - <span style="color: red;">TƏHLİL
# 24 noyabr 2015 09:06 (UTC +04:00)

İqtisadiyyat dəqiq elmdir və riyaziyyat kimi dəqiq qanunauyğunluqlara əsasən fəaliyyət göstərir. Lakin riyaziyyatdakı kimi iqtisadiyyatda da maraqlı paradokslar üçün yer var. Riyaziyyatda “Möbius lenti” paradoksunda olduğu kimi, iqtisadiyyatda da bəzi hallarda məhz paradokslar müəyyən suallara cavab verir. Bunun misal olaraq “Kapitalın paradoksunu” göstərmək olar.

PARADOKSUN YARANMASI

Klassik iqtisadi nəzəriyyəyə əsasən, kapital axını varlı dövlətlərdən kasıb və nisbətən kasıb ölkələrə istiqamətlənir. Anlayışların daha dəqiq ifadəsində bunun əsas izahı ondan ibarətdir ki, kasıb ölkələrdə fiziki ehtiyatlar, insan resursları daha ucuzdur, maliyyə rentabelliyi isə daha yüksəkdir. Nəticədə belə ölkələrə axan maliyyə vəsaitləri daha böyük gəlir gətirir. Son onilliklərin reallıqlarını nəzərə alaraq buraya həmçinin xarici maliyyə vəsaitlərin sahiblərinin siyasi avtoritetin artmasını, bəzi hallarda isə həlledici roluna malik olmasını da əlavə etmək olar. Bu səbəblərdən xarici kapital axını hər iki tərəfə fayda verir. Alan tərəf xarici vəsait hesabına iqtisadi və sosial vəziyyətini yaxşılaşdırır, kapital yatıran tərəf isə öz ölkəsində qazana bilməyən gəlir əldə edir, istəyəndə isə hətta siyasi diktə edə bilir. Bəzi hallarda bu prosesin maneəsiz getməsi üçün kapital cəlb edən ölkələr xarici investisiyalar üçün proteksionizm siyasəti yeridir. Nəticədə, kapitalı axını olan ölkələrdə müsbət tədiyyə balansı yaranır, maliyyə baxımından möhkəmlənmə baş verir, sosial rifahın artımı müşahidə olunur. Lakin bu proses sonsuz deyil, vaxt çatır ki, maraqların münaqişəsi yaranır (çünki xarici kapital ONA lazım olan sahələrə gedir), alan ölkədə iqtisadiyyatın şaxələnməsi əvəzinə əyrilik yaranır. Belə olan halda kapital cəlb edən ölkə xarici kapitaldan asılılığı azaltmağa çalışır. Nəticədə müəyyən geri çəkilmə prosesi yaranır.

“Kapitalın paradoksu”nun əsas məqamı ondan ibarətdir ki, xarici kapitaldan asılılığı yüksək olan ölkələrdə bir-iki ildən sonra iqtisadi inkişafda ləngimə baş verir. Xarici kapitalın fəal və şərtsiz qəbul etməkdən tədricən imtina edən ölkələrdə isə iqtisadi inkişaf tempi, əksinə, yüksəlir. Bu paradoksun öyrənilməsinə, daha dəqiq tədiyyə balansı ilə iqtisadi inkişaf tempi arasında səbəb-nəticə əlaqəsini müəyyən etməyə istiqamətlənən bütün tədqiqat və araşdırmalar onu göstərir ki, xarici maliyyələşmədən daha az asılı olan inkişafda olan ölkələrdə iqtisadi artım daha sürətli templərlə gedir.

Tədqiqatlarda həmçinin xarici sərmayə cəlb edən ölkələrin uzunmüddətli perspektivdə xarici kapitaldan asılılığının olub-olmaması araşdırılır. Maraqlıdır ki, belə asılılıq hələ ki aşkarlanmayıb. Araşdırmalar göstərir ki, cari hesab balansının mənfi saldosu daha aşağı olan və ya müsbət saldoya malik ölkələrdə iqtisadi artım tempi ən azı 1 faiz bəndi yüksəkdir, nəinki iri mənfi saldoya və iqtisadiyyatların miqyası üzrə oxşar ölkələrdə. Bunu izah edən amillərin biri ondan ibarətdir ki, müsbət saldoya və ya aşağı mənfi saldoya malik olan ölkədə iqtisadi artımın davam etməsi daxili mənbələrin güclənməsi, daxili yığımların artması ilə bağlıdır. Başqa sözlə desək, belə ölkələrə daha az xarici kapital lazımdır. Qeyd edək ki, burada vaxt amili böyük rolu oynayır. Yəni söhbət ondan gedir ki, sərmayə cəlb edən ölkə xarici maliyyələşmədən tədricən imtina etmək məqamını “tutmalıdır”. Və bu məqamı tutaraq iqtisadiyyatı tədricən daxili mənbələrə “keçirməlidir”.

DAXİLİ İNVESTİSİYALAR XİLASEDİCİ QÜVVƏ KİMİ

Bir neçə il əvvəl Azərbaycanda iqtisadiyyata əsas kapitala investisiyaların strukturunda mühüm dəyişiklik baş verib. Belə ki, əgər əvvəllər əsas kapitala yönəldilən investisiyaların daha yüksək payı xarici mənbələrə məxsus idi, indi isə investisiyaların əsas hissəsi daxili mənbələrdən formalaşır. Bu ilin 10 ayın yekunlarına görə, iqtisadiyyata investisiyaların 57,2 faizi daxili investisiyaların payına düşür. Ötən ildə bu göstərici 72,3 faizə bərabər olub. Əvvəlki ildə 76,7% və sair. Azərbaycan artıq xarici kapitaldan asılılığını tamamilə aradan qaldırıb və ən vacibi odur ki, bu, investisiyaların azalmaması fonunda baş verir. Kiçik azalma 2014-2015-ci illərdə baş verib və 1% ətrafındadır. Bu azalmanın yeganə səbəbi dövlət investisiyaların azalmasıdır. Bu məsələyə aşağıda qayıdacağıq.

Beləliklə, Azərbaycanda proseslər məhz yuxarıda qeyd olunan kimi inkişaf edirdi – xarici investisiyalar azalırdı, iqtisadi inkişaf tempi isə digər ölkələrlə müqayisədə nisbətən yüksək idi. Hətta dünya iqtisadi böhran zamanı bir çox ölkələrdə iqtisadi geriləmə baş verəndə belə, Azərbaycanda 3-5%-lik artım müşahidə olunurdu. Bu, ilk növbədə daxili investisiyaların hesabına baş verib. Həmin məqam ölkədə həyata keçirilən iqtisadi siyasətin tənqidçilərin əsas təhlil nöqtəsidir. Belə ki, fikirlər var ki, daxili investisiyaların böyük hissəsi dövlət investisiyalardır, onların isə öz növbəsində əsas mənbəyi Dövlət Neft Fondudur. Bu fikirlər tam əsaslıdır, onlar həmçinin rəsmi statistika ilə sübut olunur. Son iki ildə həmin vəsaitlərin xüsusi çəkisi nisbətən azalıb və nəticədə ümumi investisiya həcmində kiçik azalma baş verib. Lakin bunun makroiqtisadi əsasları var. Belə ki, neftin ucuz olması səbəbindən dövlət investisiya siyasətində nisbətən qənaət rejimi tətbiq olunur. Ümumiyyətlə isə, dövlət investisiyalarının iqtisadi inkişafda yüksək rolu tənqid predmetidir. Hətta belə fikirlər olub və hələ də mövcuddur ki, dövlət investisiyaların infrastruktur layihələrinə, yol, körpülərin, binaların tikintisinə yönəldilməsi düzgün deyil. Amma belə tənqidlərə cavab olaraq məşhur ingilis iqtisadi və siyasi xadimi Con Meynard Keynsin nəzəriyyəsini xatırlatmaq lazımdır. Qısaca olaraq, o iqtisadi böhrandan çıxış üçün və ümumiyyətlə iqtisadi artımın dəstəklənməsi üçün dövlət investisiyaların iqtisadiyyatda payının artırılmasını təklif edib. Hətta Keynsin fikrincə, bunun üçün əlavə pul emissiyasından istifadə etmək olar, çünki emissiya edilmiş hər pul vahidi real aktivlərlə təmin edilmiş bir neçə real pul vahidi yaradacaq.

Azərbaycanda gedən iqtisadi prosesləri bu nəzəriyyəsini tam olaraq təsdiqləyib. Belə ki, öz iqtisadiyyatına (o cümlədən infrastruktur layihələrinə) yönəldilmiş dövlət investisiyaları məşğulluğu artırıb, tikinti sahəsinə, o cümlədən tikinti materialları sahəsinə, nəqliyyat sahəsinə, bir sıra digər oxşar sahələrə dəstək olub və ümumilikdə sosial rifahını artırıb. Nəhayət, bunun üçün pul emissiyası istifadə olunmayıb, buna neftin satışından əldə edilən gəlirlərin bir hissəsi sərf edilib. Əlavə olaraq, Azərbaycan həmçinin kapitalı artıq ixrac edir. Belə ki, Dövlət Neft Fondunun əksər vəsaitləri xarici maliyyə alətlərində yerləşdirilib və vəsaitlərin müəyyən hissəsi xaricdə daşınmaz əmlakın alınmasına yönəldilib. Maraqlıdır ki, bu da “Kapitalın paradolsu”na həsr olunmuş tədqiqatların nəticələrinə uyğundur, çünki son zamanlar dünyada inkişafda olan ölkələrdən inkişaf etmiş ölkələrə kapital axını müşahidə olunur.

Eyni zamanda hər şey belə parlaq deyil. “Kapitalın paradoksu” araşdırmasının daha bir nəticəsi ondan ibarətdir ki, xarici investisiyaların azalması, onların daxili vəsaitlərin əvəzlənməsi mütləq maliyyə sisteminin möhkəmlənməsi ilə müşayiət olunmalıdır. Belə ki, güclü və çevik maliyyə-bank sistemi olduğu halda, ölkədə dinamik borcalma sisteminin olduğu halda daxili investisiyalarda dövlət vəsaitləri və şirkətlərin öz vəsaitlərindən başqa həmçinin korporativ borclama vəsaitləri də iştirak edəcək. Qeyd edək ki, Azərbaycanda dövlətin və şirkətlərin öz vəsaitləri daxili investisiyaların əsas mənbələridir, kənar vəsaitlərin rolu çox kiçikdir. Bundan əlavə güclü maliyyə-kredit sistemi həmçinin istehlakın maliyyələşməsinə yönələrək sənaye istehsal sahəsi üçün təmin edilmiş tələbatı yaradır. Azərbaycanda istehlak kreditləşmə, istehlak tələbatın maliyyələşməsində müəyyən inkişaf olduğu halda, korporativ investisiyalar, sənaye sahəsinin kənar maliyyələşməsində hələ də zəifləmə müşahidə olunur.

Lakin buna baxmayaraq, makroiqtisadi baxımından demək olar ki, dövlət investisiyaların hesabına xarici investisiyaların əvəzedilməsi uğurlu nəticələr verib. “Kapitalın paradoksu”ndan və Keynsin nəzəriyyəsinin reallaşmasından irəli gələn müsbət nəticələr Azərbaycanda iqtisadi artımın dəstəklənməsinə gətirib çıxarıb. Hazırda bu dəstəklənmə müəyyən dərəcədə azalmaqdadır, çünki neftin ucuz olması səbəbindən ölkəyə daha az neft gəliri daxil olur ki, nəticədə dövlət investisiyaları azalır, bu isə iqtisadiyyatın şaxələnməsini ləngidir. Paradoks kimi səslənsə də, neftin bahalaşması ölkənin neftdən asılılığını azaldılmasına xidmət edəcək. Hələlik isə Azərbaycan iqtisadiyyatında tarazlıq yaradan nöqtə tapılıb. Yəni dövlət investisiyaların yönəldilməsi iqtisadiyyatda geriləmə proseslərinə imkan verməmək üçün lazım olan həcmdə davam edir, lakin eyni zamanda strateji ehtiyatların azalmaması prinsipinə də riayət olunur.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR