Azərbaycanda kredit götürənlərin sayı 2,6 mln. nəfərə yaxınlaşır

Azərbaycanda kredit götürənlərin sayı 2,6 mln. nəfərə yaxınlaşır
# 11 aprel 2016 10:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin fevral ayı ilə müqayisədə 2016-cı ilin eyni dövründə cəmi borcalanların sayı 7,97%, başqa sözlə 188 678 nəfər artaraq bu ilin mart ayının 1-ə 2 mln. 555 min 645 nəfər təşkil edib.

"APA-Economics" Mərkəzi Banka istinadən xəbər verir ki, bunun 11 min 339 nəfəri hüquqi, 2 mln. 520 min 172-si fiziki şəxs, 24 min 134 nəfəri sahibkarlıq subyektidir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2015-ci ilin fevral ayından indiyədək daha 185 198 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 462 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3018 nəfərlik artım olub.

Bu ilin yanvar ayı ilə müqayisədə fevral ayında bankdan kredit götürən fiziki şəxslərin sayında 4 682, sahibkarlıq subyektlərinin sayında 20, hüquqi şəxslərin sayında isə 27 nəfərlik artım olub.

Bu ilin fevral ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 112 920 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 2,75 dəfə azalıb. Bu sorğuların 83 885-i banklar tərəfindən daxil olub. 29 035 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

2015-ci ilin fevral ayı ilə müqayisədə bu ilin fevral ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ötən ilin fevralında 20 809 nəfər kredit tarixçəsini öyrənmək istəyib, bu ilin eyni dövründə isə bu göstərici 29 035-ə yüksəlib. Başqa sözlə, son 1 ildə fiziki şəxslərin sorğularının sayı 39,5% artıb.

Fevral ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 555 645, kredit məlumatlarının ümumi sayı isə 10 854 781 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 216 844-dür.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR