Neft ixracatçıları valyutalarının korreksiyasını başa çatdırıb - TƏHLİL

Neft ixracatçıları valyutalarının korreksiyasını başa çatdırıb - <span style="color: red;">TƏHLİL
# 27 sentyabr 2016 09:30 (UTC +04:00)

İnkişaf etməkdə olan ölkələrin səhmlərinə və qızıla yatırımlar bu il investorlara maksimal gəlir gətirən sahələrdir. İndi isə birjalarda treyderləri daha çox bu sual maraqlandırır: bəlkə, gözlənilməz sürprizlərlə qarşılaşmamaq üçün ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi bu tip aktivlərdən canımızı qurtarmağı əsl vaxtıdır?

Ən gəlirli aktivlər Rusiya və Braziliyanındır. Məsələn, ilin əvvəlində bu ölkənin aktivlərinə yatırılan hər 1 dollar müqabilində sentyabrın əvvəlinə 20% gəlir əldə etmək olar.

Treyderlər istisna etmir ki, ilin qarşıdan gələn 3-4 ay ərzində bu inkişaf etməkdə olan ölkələrin bazarlarında geriləmə müşahidə oluna bilər. Bunun başlıca səbəbi kimi dekabrda ABŞ-da uçot dərəcəsinin gözlənilən artımı göstərilir. Bildiyimiz kimi, Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini qaldırdığı təqdirdə qısamüddətli perspektivdə yüksək riskli aktivlərdən kapital axını baş verir. Burada əsas diqqət yetirilməli olan məqam odur ki, kapital axını qısamüddətli perspektiv üçün proqnozlaşdırılır. Birja iştirakçıları hesab edir ki, inkişaf etməkdə olan bazarlarda artım davamlı olacaq. Çünki bunun səbəbləri uzunmüddətli xarakter daşıyır.

Yaxşı gəlirlilik səviyyəsinə baxmayaraq inkişaf etməkdə olan bazarların hələ də layiqincə qiymətləndirilməyib. Son 5 il ərzində inkişaf etməkdə olan ölkələrin səhmlərinin indeksi ABŞ-ın analoji indeksindən 80% geri qalıb.

"JP Morgan" investisiya bankının hesablamalarına əsasən hazırda inkişaf etməkdə olan ölkələrin bazarları 2002-ci illə, yəni Çində baş verən sənaye inqilabı başlayan dövrlə müqayisədə 20% ucuzdur. 2009-cu ildəki qlobal iqtisadi böhran zamanı Çində baş verən geriləmə inkişaf etməkdə olan ölkələrin gəlirliliyinə də mənfi təsir etdi. Bununla yanaşı, həmin dövrdə ABŞ-dakı "şist neft inqilabı" xammal bazarlarının 40% dəyər itirməsinə səbəb oldu ki, bu da inkişaf etməkdə olan ölkələrə zərbə vurdu. Nəticədə inkişaf etməkdə olan ölkələr milli valyutasını 40-50% ucuzlaşdıraraq iqtisadiyyatını balanslaşdırmaq məcburiyyətində qalmışdı.

Analitiklər hesab edir ki, cari ilin I rübündə valyutaların və xammalın qiymətinin korreksiyası prosesinin başa çatması yeni iqtisadi tarazlığın yaranmasından xəbər verir. Neft ixrac edən ölkələrin əksəriyyətinin valyutaları nəinki korreksiya imtahanından çıxıb, hətta bahalaşmağa başlayıb. Məsələn, Braziliya realı 17% möhkəmlənib. Valyutanın stabilləşməsi hesabına inflyasiya azalır. Bu isə inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarına uçot dərəcəsini endirməyə, eyni zamanda iqtisadi artımı stimullaşdırmağa imkan verir.

Azərbaycanda isə vəziyyət fərqlidir. Neft ixrac edən digər ölkələrdən fərqli olaraq manat güclənmir, əksinə ilin əvvəlindən 5% zəifləyib. Analitiklərin qeyd etdiyi iqtisadi tarazlıq ifadəsi də hələlik bizə yaddır. İnkişaf etməkdə olan digər ölkələrdə bu proses cari ilin I rübündə başa çatsa da, biz bu prosesin episentrindəyik. Düzdür, son zamanlar manatın cüzi möhkəmlənməsini görmək olar, lakin möhkəmlənmə hələlik hər hansı bir prosesin müqəddəratını həll edəcək səviyyədə güclü deyil. O ki qaldı uçot dərəcəsinin azaldılmasına, bu proses də Azərbaycanda əks istiqamətə yönəlib. Belə ki, Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini 4 dəfə qaldırmağa məcbur olub. Uçot dərəcəsinin sonuncu dayanacağı 15% səviyyəsi idi. Ötən gün AMB rəhbəri Elman Rüstəmov bildirib ki, ilin sonunadək uçot dərəcəsinin artırılmasını öncədən proqnozlaşdırmaq mümkün deyil. Lakin biz hesab edirik ki, ilin sonunadək azı 1 dəfə artım olacaq və böyük ehtimalla budəfəki dayanacaq 17% səviyyəsi olacaq.

Ötən gün cənab Rüstəmov onu da bildirib ki, Azərbaycan hökuməti Çin yuanına investisiyaları bir daha nəzərdən keçirə bilər. Biz isə investisiyaların Çinin struktur artım nümayiş etdirməkdə olan bazarlarına yatırılmasının tərəfdarıyıq. Məsələn, həyat və sağlamlıq sığortası, əczaçılıq, alternativ energetika, internet ticarət və s. Xammal, avtomobil sənayesi kimi sahələrdən uzaq durmaq lazımdır. Çünki bu sahələrdə rəqabət olduqca yüksəkdir.

İnkişaf etməkdə olan ölkələrdə ən cazibəli aktivlər korporativ istiqraz olaraq qalır. Buna Avropada və digər inkişaf etmiş bazarlarda faiz dərəcələrinin kəskin enməsi səbəb olub.

Qlobal bazarlar üçün əsas intriqa ABŞ prezidentinin kimliyidir. İnvestorlar yaxşı anlayır ki, Donald Trampın prezident seçilməsi bazarlardakı vəziyyəti radikal şəkildə dəyişə bilər. Trampın bəyanatlarının analiz edərkən belə qənaətə gəlmək olar ki, onun prezidentliyi dövrdə yeni ticari baryerlər yarana bilər, bu isə ABŞ istehsalçılarının səhmlərini bahalaşdıracaq. Bununla yanaşı, investorlar hesab edir ki, Trampın prezidentliyi dövründə FED daha aqressiv siyasət yürüdəcək ki, bu da qısamüddətli perspektivdə istiqrazlara neqativ təsir edəcək. Bir şeyi də unutmaq olmaz ki, həm Donald Tramp, həm də Hilari Klinton monetar stimullaşdırmadan vergi stimullaşdırmasına keçməkdə maraqlıdır. Bu isə səhm bazarı üçün olduqca vacibdir.

İlkin Əhmədov, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR