Bakı-Tbilisi-Qars layihəsinin strateji üstünlükləri - TƏHLİL

Bakı-Tbilisi-Qars layihəsinin strateji üstünlükləri - <span style="color: red;">TƏHLİL
# 30 oktyabr 2017 11:48 (UTC +04:00)

Məlum olduğu kimi Türkiyə ilə Qafqaz və Orta Asiya ölkələri arasında dəmiryolu əlaqəsi 1993-cü ildən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ müharibəsi səbəbindən kəsilmişdir. Belə ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə bu ölkə ilə sərhədlərini bağlayan Türkiyənin Qafqaz və Orta Asiya ölkələri ilə dəmiryolu vasitəsilə əlaqələri də dayanmışdır. 2007-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstanın birlikdə təməllərini atdığı “Bakı-Tiflis-Qars Dəmiryolu Layihəsi” Qarsla Axalkalaki arasında dəmiryolu xəttinin inşası yolu ilə Bakının Tbilisi üzərindən dəmiryolu vasitəsilə Qarsla, başqa sözlə Azərbaycanın Türkiyə ilə birləşdirilməsini nəzərdə tutan layihədir. Qərb ölkələrinin “Ermənistanı təcrid edir” iddiasını ortaya ataraq maliyyələşdirilməsində iştirak etmədiyi bu layihə üç ölkənin imkanları ilə artıq reallaşdırılmış və bu gün Bakıda təntənəli şəkildə açılışı olacaqdır. Bu layihə müxtəlif aspektlərdən qiymətləndirilə bilər, ancaq bizim fikrimizcə, layihənin ən mühüm iqtisadi və strateji nəticələri aşağıdakılar olacaqdır:

  • Layihənin tamamlanması ilə artıq Avropa, Anadolu və Cənubi Qafqaz vasitəsilə Orta Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşir və “Dəmir İpək yolu” adlanan fasiləsiz dəmiryolu şəbəkəsi ortaya çıxır. Bu layihə, “Marmaray” layihəsilə birlikdə Trans-Avropa və Trans-Asiya dəmiryolu şəbəkələrinin birləşdirilməsini, Xəzər Dənizindən keçən dəmiryolu-bərə xətləri vasitəsilə Qazaxıstan və Türkmənistana bağlanması yolu ilə Avropa və Türkiyənin Orta Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə fasiləsiz dəmiryolu əlaqəsini təmin edir. Bu isə Asiya və Avropa arasında yük və sərnişin daşınmasının mühüm bir hissəsinin dəmiryolu nəqliyyatına keçməsini təmin etməklə nəqliyyat xərclərini aşağı salacaq və nəticədə İpək yolu üzərində yerləşən iqtisadiyyatların inkişafına mühüm töhfə verəcəkdir.

  • Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inteqrasiyasını daha da dərinləşdirəcək və onlara mühüm iqtisadi və strateji üstünlüklər qazandıracaqdır. Əvvəllər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri ilə bir-birinə bağlanan bu iqtisadiyyatlar, bundan sonra dəmiryolu şəbəkələrini də inteqrasiya edərək regional iqtisadi inteqrasiya istiqamətində ciddi addım atmış olacaqdır. Layihə bu ölkələrin iqtisadi inteqrasiyasına xidmət etməklə birlikdə, eyni zamanda da ayrı-ayrılıqda hər bir ölkəyə müəyyən iqtisadi mənfəət təmin edəcəkdir.

  • Bakı-Tbilisi-Qars, dəmiryolu nəqliyyatında yalnız, Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, eyni zamanda Orta Asiya ölkələrinin də İran və Rusiyadan asılılığını azaldır. Bu xətt Asiya və Avropa arasında dəmiryolu nəqliyyatını həyata keçirən İranın Razi-Sarakhs, Rusiyanın isə Trans-Sibir dəmiryolu xətlərinə də bir növ alternativ olma xarakteri daşıyır. Bu baxımdan layihə Orta Asiya ölkələri və Çinin Avropa ilə dəmiryolu əlaqəsini Rusiya və İrandan asılı olmadan reallaşdırmasına imkan verir.

  • Layihə, Rusiya və İranın dəmiryolu şəbəkələrinə alternativ olmaqla yanaşı, eyni zamanda da hər iki ölkə üçün yeni imkanlar açır. Belə ki, Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bir-birinə bağlanacaq Rusiya-İran dəmiryolu şəbəkələrinin gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə inteqrasiyasının da perspektivi böyükdür.

  • Bakı-Tbilisi-Qars, Azərbaycan və Türkiyəyə qarşı əsasız iddialar irəli sürən Ermənistanın geosiyasi və geoiqtisadi əhəmiyyətini mühüm dərəcədə azaltmaqla yanaşı, eyni zamanda da onun Cənubi Qafqazda daha da marjinallaşmasına gətirib çıxaracaqdır.

  • Nəhayət, layihə, Ermənistanın təcridini dərinləşdirməklə yanaşı, eyni zamanda da Ermənistan tərəfindən təcrid edilməyə çalışılan Naxçıvanın daha etibarlı dəmiryolu şəbəkəsi vasitəsilə Bakı ilə birləşməsi üçün də mühüm imkan yaradır. Belə ki, artıq gündəmdə olan Qars-İqdır-Naxçıvan dəmiryolu xəttinin də çəkilməsi ilə Ermənistanın təcrid etməyə çalışdığı Naxçıvan, Qars vasitəsilə Azərbaycanın digər əraziləri və Avropa ilə fasiləsiz dəmiryolu əlaqəsi qura biləcəkdir.

APA Analitik Mərkəzi üçün

Elşən Bağırzadə

UNEC, “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR