Bu il ilk dəfə olaraq iyunda manatla yatırılan əmanətlərin həcmi artıb

Bu il ilk dəfə olaraq iyunda manatla yatırılan əmanətlərin həcmi artıb
# 07 avqust 2015 16:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin iyun ayında əhalinin əmanətləri 7 653,6 mln. manata bərabər olub ki, bu, 2014-cü ilin iyun ayı ilə müqayisədə 933 mln. manat və ya 13,88% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, may ayı ilə müqayisədə iyunda əhalinin əmanətləri 52,5 mln. manat və ya 0,69% artıb.

Ümumiyyətlə, yanvar ayı ilə müqayisədə fevralda əhalinin banklara yerləşdirdiyi əmanətlər 811,4 mln. manat və ya 11,39% artıb. Fevral ayı ilə müqayisədə martda əhalinin banklara yerləşdirdiyi əmanətlərdə 151,1 mln. manatlıq və ya 1,9% azalma qeydə alınıb. Aprel ayı üzrə əhalinin əmanətlərinin həcmi mart ayı üzrə göstəricidən 64,4 mln. manat və ya 0,83% azdır. Aprel ilə müqayisədə may ayında əhalinin banklara yerləşdirdiyi əmanətlər 116,1 mln. manat və ya 1,50% azalıb.

Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə iyunda əhalinin banklara yerləşdirdiyi əmanətlər 532,3 mln. manat v ə ya 7,47% artıb.

İndi əhalinin banklarda yerləşdirdiyi 7 mlrd. 653,6 mln. manat əmanətin 5 mlrd. 473,6 mln. manatı və ya 71,52%-i xarici valyutada, 2 mlrd. 179,9 mln. manatı və ya 28,48%-i milli valyutadadır. Başqa sözlə, iyun ayında xarici valyutada olan əmanətlərin həcmi 45,1 mln. manat, milli valyutadakı əmanətlər isə 7,3 mln. manat artıb. Son 1 ildə manatla yerləşdirilən əmanətlərin həcmi 2 018,4 mln. manat və ya 48,08% azalıb. Əvəzində xarici valyutada olan əmanətlərdə 1 il ərzində 2 951,3 mln. manat və ya 2,17 dəfə artım var.

Əhalinin əmanətlərinin valyuta strukturuna nəzər salanda məlum olur ki, milli valyutada olan əmanətlərin azalması hesabına yanvarda manatla yerləşdirilən əmanətlərin ümumi əmanətlərdə payı 60,05%, fevralda 37,66%, martda 34,66%-ə, apreldə 29%-ə, mayda 28,58%-ə, iyunda isə 28,48%-ə düşüb. Halbuki, ötən ilin dekabr ayında bu göstərici 61,5% olub. Ümumiyyətlə, dekabr ayından etibarən əhalinin banklarda manatla yerləşdirdiyi əmanətlərin həcmi davamlı azalmağa başlayıb. Yalnız iyun ayında manatla yerləşdirilən əmanətlərdə artım qeydə alınıb.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR