İnflyasiya səviyyəsini aşağı salmaq üçün monetar və qeyri-monetar üsullar - TƏHLİL

İnflyasiya səviyyəsini aşağı salmaq üçün monetar və qeyri-monetar üsullar - <span style="color: red;">TƏHLİL
# 29 mart 2016 15:36 (UTC +04:00)

Bu il Azərbaycanda ilk dəfə olaraq əhalinin faktiki istehlak xərclərinin həcmi azalıb. Bunun yeganə səbəbi ötən ilin dekabrında baş verən manatın devalvasiyasıdır. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-fevral aylarında əhalinin istehlak xərcləri 5,6 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 3,8% çoxdur. Amma real xərclər 7,9% azalıb, çünki həmin müddət üzrə illik inflyasiya 11,7%-ə bərabər olub. Real xərclərin azalmasının devalvasiya ilə birbaşa əlaqəsi olduğunu aşağıdakı statistika sübut edir. Belə ki, ötən ilin yanvar-noyabr üzrə real xərclər 6,0% (nominal artım – 9,7%, illik inflyasiya – 3,7%), yanvar-dekabrda 6,9% artıb (nominal artım – 10,9%, inflyasiya – 4%), yanvarda isə artıq 9,7% azalıb (nominal artım – 4,2%, inflyasiya – 13,6%).

Göründüyü kimi, devalvasiya nəticəsində inflyasiya kəskin artıb ki, bu da xərclərin real həcminin artım tendensiyasını azaldıb. Həmçinin görünür ki, nominal artım da azalıb. Bu isə artıq onu göstərir ki, əhalinin nominal alıcılıq qabiliyyəti azalmaqdadır. Bu, müəyyən dərəcədə paradoksal bir nəticədir, çünki devalvasiya əhalinin nominal gəlirlərinin artmasına səbəb olub. Belə ki, əgər 2015-ci ildə nominal gəlirlər 5,7% artıbsa, yanvarda bu göstərici artıq 12,1%, yanvar-fevralda isə 10,2% təşkil edib. Bunun izahı da sadədir, çünki devalvasiyadan sonra bəzi kateqoriyalar üzrə əmək haqları artırılıb, həmçinin sahibkarlar da öz mallar və xidmətlər üzrə qiymətlərini artıraraq, gəlirlərini də artırıblar. Lakin göründüyü kimi, gəlirlərin artım tempi hələlik inflyasiyadan bir qədər aşağıdır, yəni gəlirlərin real artımı hələ də bərpa olunmayıb.

İstehlak xərclərin real ifadədə dinamikası əsas makroiqtisadi göstəricilərindən biri sayılır. Məsələn, ABŞ-da iqtisadi böhran yarananda iqtisadçılar bunu ilk növbədə xərclərin azalmasında görür. Bundan sonra hökumət tərəfindən həyata keçirilən müxtəlif stimullaşdırıcı proqramların əsas məqsədlərindən biri də o olur ki, xərclər sahəsində müsbət dinamika formalaşsın. Aydındır ki, vəziyyət çox fərqlidir, kompleks baxımından isə, demək olar ki, müqayisə olunmazdır, çünki o zaman ABŞ-da, indi isə Avropada deflyasiya müşahidə olunurdu. Yəni orada vəziyyət daha kəskin olub, çünki xərclərin həm də nominal ifadədə azalması baş verirdi. Azərbaycanda hələlik nominal artım baş verir. Beləliklə, Azərbaycan hökumətinin əsas hədəfi inflyasiyanı aşağı salmaq olmalıdır. Sırf rəqəm baxımından burada müəyyən irəliləyiş var: yanvarda illik inflyasiya 13,6% olubsa, yanvar-fevralda bu göstərici 11,7%-ə düşüb, lakin bu kifayət etmir.

Vəziyyətin çıxılmaza bənzər olduğunu anlamaq üçün bir neçə məqama fikir verməliyik. Məlum olduğu kimi, inflyasiyanın monetar və qeyri-monetar amilləri var. İnflyasiyanın monetar amilləri ilə mübarizə aparmaq sırf Mərkəzi Bankın səlahiyyətindədir və bunun üçün bir neçə alət var ki, onların sırasında ən güclüsü pul-kredit siyasətinin sərtləşdirilməsidir. Mərkəzi Bank buna əl atıb: xatırladaq ki, fevralın ortalarında AMB uçot dərəcəsini 3%-dən 5%-dək, martın əvvəlində isə 7%-dək qaldırıb. Uçot dərəcəsinin qaldırılması pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində ilk və əsas addımdır. Qeyd edək ki, uçot dərəcəsinin qaldırılması ilk növbədə ölkədə inflyasiyanı aşağı salmaq lazım gələndə keçirilir. Ümumiyyətlə, uçot dərəcəsinin qaldırılması nəticəsində banklar daha az mərkəzləşdirilmiş kredit alır, ölkədə pul təklifi azalır, nəticədə banklar kredit faizlərini qaldırır və kredit alanlar üçün (müəssisələr, fiziki şəxslər və sair) kredit daha baha olur, istehsal və ümumi işgüzar fəallıq müəyyən dərəcədə azalır və nəhayət bunun nəticəsində iqtisadiyyatda daralma yaranır ki, bu da inflyasiyanın azalmasına gətirib çıxarır. Həmçinin qeyd etmək lazımdır ki, son zamanlar devalvasiyaya uğrayan bütün ölkələrdə həmin prosesdən sonra mütləq uçot dərəcəsinin qaldırılması həyata keçirilib, çünki bu addım (digər məqamlarla əlavə) valyuta bazarında spekilyativ əməliyyatlar üçün əlavə pul təklifini azaldır. Ümumiyyətlə, uçot dərəcəsinin qaldırılması post-devalvasiya dövründə universal addım hesab olunur və onun faydasına şübhələr yoxdur. Amma, bəlkə, olmalıdır? Devalvasiyadan sonra Azərbaycanda hətta dövlət büdcəsində sekvestr edilib. Həmin şəraitdə iqtisadiyyatda pul təklifin azaldılması iqtisadiyyatın bərpa olunması ehtimalını və imkanlarını tam olaraq sıfıra endirir. Faktiki demək olar ki, devalvasiyadan sonra yaranan inflyasiya ilə onun monetar amillərin azaldılması üsulu ilə mübarizə aparmaq iqtisadiyyata fayda vermək əvəzinə onun daha darlaşmasına gətirib çıxaracaq. Daha dəqiq, monetar amillərlə mübarizə ilə paralel qeyri-monetar amillərlə mübarizə aparılmasa, müsbət nəticədən danışmağa dəyməz. İqtisadi nəzəriyyə onu deyir ki, monetar amillərlə mübarizə ilk növbədə pul kütləsinin (pul təklifinin) azalmasından ibarətdir. Tamamilə doğrudur, lakin bu heç bir müsbət nəticə vermir və verməyəcək.

İzah edək. Pul-kredit siyasətinin sərtləşdirilməsi, pul kütləsinin azalması ilk növbədə kreditlərin faizlərini qaldıracaq, kreditləri məhdudlaşdıracaq. Nəticədə, iqtisadiyyatda daralma prosesləri güclənir. Rusiya misalı göstərir ki, belə addımlar nəticəsində inflyasiya ikirəqəmli səviyyəyə çatır, iqtisadiyyat isə tam olaraq resessiyaya uğrayır.

Azərbaycanda 2015-ci ildə iqtisadi artım 1,1% təşkil edib, amma yanvarda 3,3%-lik, yanvar-fevralda isə 3,2%-lik azalma müşahidə olunub. Nədir bunun səbəbi? Neft? Yox, çünki neftin kəskin ucuzlaşması çoxdan baş verir, tək neft amili olsaydı, 2015-ci ildə 1,1%-lik artıma nail olmaq mümkün olmazdı. Geriləmənin səbəbi iqtisadiyyatın daralması, büdcə xərclərin azaldılması, pul-kredit siyasətinin sərtləşdirilməsi, iqtisadiyyatda maliyyə resursların azalması, müxtəlif dövlət və özəl layihələrin dayandırılması, kiçik və orta sahibkarlığa verilən kreditlərin bahalaşması və məhdudlaşdırılması nəticəsində problemlərin yaradılması və sair və sair. Belə vəziyyət yalnız o səbəbdən yaranıb ki, inflyasiya ilə mübarizəyə Mərkəzi Bank tam olaraq tək-tənha “atılıb”. Amma inflyasiyanın qeyri-monetar amilləri ilə mübarizə aparılmır, devalvasiyadan sonra qiymətlərin süni artımı ilə tək-tək əməliyyatlar keçirilib, sonra isə bu proses də “sakitləşib”. Qeyd edək ki, qiymətlərin süni qaldırılması, inhisarçılıq, kartel sövdələşmələr qeyri-monetar inflyasiyasının ən güclü və təsirli komponentləridir.

Azərbaycanın iqtisadiyyatının konstitusiyası belədir ki, burada tək monetar addımlarla inflyasiyanı aşağı salmaq mümkün olmayacaq, şərti desək, real satış, idxal, istehsal proseslərində qiymətlərin formalaşmasına ciddi nəzarət sistemi yaradılmalıdır. Çünki Mərkəzi Bank təkbaşına inflyasiya ilə mübarizə apara bilməyəcək.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR