İpoteka krediti hesabına alınan mənzillərin 70%-i Bakıda yerləşir - TƏHLİL

İpoteka krediti hesabına alınan mənzillərin 70%-i Bakıda yerləşir   - <span style="color: red;">TƏHLİL
# 03 noyabr 2015 08:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin III rübündə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 37,255 mln. manat həcmində ipoteka krediti verilib.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat fondun saytında yerləşdirilib.

Kreditlər üzrə təhlil

Məlumata görə, bu ilin iyul-sentyabr aylarında 370-i güzəştli olmaqla, ümumilikdə 453 ipoteka krediti verilib. Başqa sözlə, bu ilin üçüncü rübündə 16 mln. 992,180 min manatlıq güzəştli, 20 mln. 262,700 min manatlıq adi ipoteka krediti verilib.

Ümumiyyətlə, 2015-ci ilin oktyabrın 1-nə, ipoteka kreditlərinin sayı 17 532-yə, ümumi həcmi isə 632 mln. 315,7 min manata çatıb. 2006-cı ildən indiyədək 4275 ədəd güzəştli ipoteka krediti verilib.

Bu ilin oktyabrın 1-nə olan məlumata əsasən, ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün cəlb edilmiş vəsaitlərin 253,18 mln. manat dövlət büdcəsi, 376 mln. manatı isə qiymətli kağızların payına düşüb.

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron, Gəncə və Naxçıvanda yerləşir.

Bakı şəhərində ipoteka kreditlərinin inzibati rayonlar üzrə bölgüsünə gəlincə, ipoteka yolu ilə alınan mənzillərin 23,1%-i Xətai, 15,5%-i Yasamal, 14,1%-i Binəqədi, 11%-i Nəsimi, 9,5%-i Nizami, 7,5%-i Nərimanov, 6,8%-i Suraxanı, 4,5%-i Sabunçu, 3,6%-i Səbail, 3%-i Qaradağ rayonunun, 1,3%-i Xəzər rayonunun payına düşür.

Borcalanlar üzrə təhlil

Adi və güzəştli ipoteka krediti üzrə borcalanların 83,2%-ni kişilər, 16,8%-ni qadınlar təşkil edir.

Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 68,3%-i evli, 31,7%-i subaydır.

Borcalanların 37,4%-i 18-29 yaş, 34%-i 30-35 yaş arasında, 28,6%-i isə 36 yaşdan yuxarı olub.

İpoteka krediti alanların 47,3%-i dövlət sektorunda, 52,7%-i özəl sektorda çalışır.

Borcalanların iş yerinə görə pay bölgüsünə gəlincə, onların 22%-i bank və sığorta qurumlarında, 20,7%-i hərbi, 13,1%-i energetika, 9,2%-i hüquq-mühafizə xidmətləri, 4,5%-i yerli və xarici dövlət qurumu, 3,7%-i rabitə, 2,5%-i təhsil, 1,8%-i səhiyyə, 1,7%-i tikinti, 0,6%-i sahibkarlıq fəaliyyəti və 18,7%-i digər sahələrin payına düşür.

Güzəştli şərtlərlə ipoteka krediti alanların 78,6%-ni hərbi qulluqçular, 9,1%-ni dövlət qulluqçuları, 8,2%-ni məcburi köçkünlər, 2%-ni elmlər namizədləri, 1,6%-ni idmançılar, 0,4%-ni şəhid ailələri təşkil edib.

Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 36,5%-nin məvacibi 1100 manatdan yüksəkdir. İpotekadan yararlananların 20,9%-nin maaşı 700-900 manat, 17,7%-nin 500-700, 15,5%-nin 900-1100, 7,1%-nin 300-500 manatdır. Borcalanların 2,3%-nin əmək haqqısı 300 manatdan aşağıdır.

İpoteka predmeti üzrə təhlil

İpoteka yolu ilə alınan mənzillərin 52,9%-nin qiyməti 30 000-60 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 37,8%-nin dəyəri 60 000-90 000 manat, 4,9%-nin 90 000-120 000 manatdır, 2,1%-nin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 2,3%-nin qiyməti 30 min manatdan aşağı olub.

Bu mənzillərin 41,7%-nin sahəsi 40-60, 30,7%-nin 60-80, 10,9%-nin 80-100, 3,9%-nin 100-120 kvadratmetr arasındadır. Bu yolla alınan mənzillərin 8,4%-nin sahəsi 40 kvadratmetrdən azdır, 4,4%-nin isə sahəsi 120 kvadratmetrdən çoxdur.

Qeyd edək ki, ipoteka yolu ilə alınan fərdi mənzillərin 92,2%-i çoxmənzilli binalarda yerləşir, mənzillərin 7,8%-ni isə həyət evləri təşkil edir.

Bu ilin 9 ayında 74 mln. 945,050 min manat həcmində ipoteka krediti verilib ki, bunun da 32 mln. 899,770 min manatı güzəştli ipotekanın payına düşür. Başqa sözlə, 2015-ci ilin yanvar-sentyabr aylarında 755-i güzəştli olmaqla 1690 ipoteka krediti verilib.

Ümumiyyətlə, dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək fond xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 715,356 mln. manat təşkil edib.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR