İqtisadi artım, yoxsa azalma?

İqtisadi artım, yoxsa azalma?
# 12 yanvar 2016 12:51 (UTC +04:00)

Bu il üçün iqtisadi proqnozlardan söhbət açarkən, bizi ilk növbədə üç əsas məqam maraqlandırır. Bunlar, əlbəttə ki, konkret Azərbaycanın iqtisadiyyatı, neftin qiymətləri üzrə proqnozlar və dünya iqtisadiyyatında ümumi vəziyyət barədə fikirlərdir. Fikrimizcə, yalnız Azərbaycan üzrə məqamlarla kifayətlənmək düzgün deyil. Birincisi, ölkə iqtisadiyyatına dünyada baş verənlər dolayı olsa da təsir edir, ikincisi isə neftin qiymətləri Azərbaycana birbaşa təsir edir. Bu səbəbdən axırdan başlayaq. Beləliklə, Dünya Bankının proqnozlarına görə, bu il dünyada iqtisadi artım 2,9% olmalıdır ki, bu da ötən illə müqayisədə 0,5 faiz bəndi çoxdur. O cümlədən, inkişafda olan ölkələr üzrə proqnoz 4,8%-ə bərabərdir ki, bu da ötən illə müqayisədə 0,5 faiz bəndi çoxdur. Göründüyü kimi, dünya iqtisadiyyatı üzrə proqnozlar olduqca müsbətdir. Məsələn, 2015-ci ildə dünyada iqtisadi artım 2,4% səviyyəsində gözlənilir ki, bu da əvvəlki ildən 0,2 faiz bəndi azdır. İnkişafda olan ölkələr üzrə də mənzərə oxşardır – 2015-ci ildə iqtisadi artım 4,3%, 2014-cü ildə isə 4,8% olub. Ümumdünya miqyası baxımından bunun əsas səbəbi Çin olub. Belə ki, 2014-cü ildə Çinin iqtisadi artımının 7,3% olduğu halda, 2015-ci ildə bu göstərici 6,9%-ə enib. Maraqlıdır ki, bu il üçün də Çin üzrə proqnoz neqativdir – 0,2 faiz bəndi səviyyəsində enmə. Buna baxmayaraq ümumi inkişafda olan ölkələr üzrə proqnoz pozitivdir. Bunun səbəbi ondan ibarətdir ki, inkişafda olan digər regionlar üzrə bu il üçün olan proqnozlar artımı əks etdirir. Məsələn, Avropa və Mərkəzi Asiya üzrə 2,1%-ə qarşı 3,0%, Yaxın Şərq və Şimali Afrika üzrə 2,5%-ə qarşı 5,1%, Cənubi Asiya 7,0%-ə qarşı 7,3%, Afrika üzrə 3,4%-ə qarşı 4,2%, və nəhayət Latın Amerikası üzrə mənfi 0,7%-ə qarşı müsbət 0,1% səviyyəsində iqtisadi artım gözlənilir. Beləliklə, Dünya Bankının fikrincə, bu il ərzində dünya iqtisadiyyatında bərpa tendensiyalar möhkəmlənməklə iqtisadi artımı təmin edəcək və Çindəki gözlənilən kiçik geriləməyə baxmayaraq ümumi iqtisadi vəziyyət 2014-2015-ci illərlə müqayisədə daha yaxşı olacaq.

Yəqin, yuxarıda qeyd edilən rəqəmlərin sırasında Yaxın Şərq üzrə proqnozun pozitiv olduğu diqqətdən qaçmayıb. Sirr deyil ki, bu regionda olan əksər ölkələr neft ixrac edən ölkələrdir. Məhz bu ölkələr, o cümlədən dünyada ən iri neft hasilatçısı olan Səudiyyə Ərəbistanı, ötən ildə iqtisadi problemlərlə üzləşib. Çünki, il ərzində neftin qiymətinin kəskin azalması baş verib. Tədricən neft məsələsinə keçək. Dünya Bankının hesablamalarına görə, 2015-ci ildə neftin qiymətlərində orta hesabla (bütün əsas neft markaları üzrə) 47%-lik azalma baş verib. Nəticədə, məsələn, Səudiyyə Ərəbistanında 2015-ci ildə iqtisadi artım əvvəlki illə müqayisədə 3,5%-dən 2,8%-ə enib, İranda bu göstəricilər müvafiq olaraq 4,3% və 1,9% təşkil edir. Bu il isə həmin regionda artım gözlənilir, halbuki neft bazarında müşahidə olunan vəziyyət heç də ümidverici deyil. Hətta Dünya Bankının proqnozuna görə, dünya neft bazarında (ortalama, bütün əsas markalı üzrə) kotirovkalarda 8,5%-lik azalma gözlənilir. Qeyd edək ki, neftin ucuzlaşması ümumdünya miqyasında ikimənalı bir məqamdır. Belə ki, bu fakt neft ixracatçıları üçün neqativ təsir edir, neft idxalçıları üçün isə, əksinə, iqtisadi artımın bir komponenti olur. Məsələn, 2015-ci ildə Avrozonada iqtisadi artım 1,5% təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 1,7 dəfə çoxdur. Oxşar vəziyyət 2014-cü ildə də müşahidə olunub, çünki 2013-cü ildə Avrozonada 0,2%-lik iqtisadi geriləmə baş verib. Qeyd edək ki, məhz 2014 və 2015-ci illərdə neftin kəskin ucuzlaşması müşahidə olunub və bu faktlar bir-birinə bağlıdır. Nefti idxal edən ölkələrdə neftin ucuzlaşması fonunda iqtisadi vəziyyətinin yaxşılaşması təsadüfi deyil. Çünki neftin ucuzlaşması istehsalın maya dəyərini, yanacağın qiymətini azaldır ki, bu amillər iqtisadiyyata birmənalı olaraq müsbət təsir edir.

Lakin, bunu Azərbaycan haqqında demək olmaz. Neftin ardıcıl iki il ərzində ucuzlaşması ölkə iqtisadiyyatını çox çətin vəziyyətinə qoyub. Gəlirlər azalırdı, manatın sabit qalması üçün strateji ehtiyatlar istifadə olunurdu, aydın olanda ki, proses sonsuz ola bilər, ölkədə iki dəfə devalvasiya həyata keçirilib, hazırda vəziyyətin müəyyən dərəcədə sabitləşməsi ümidi qalır. Lakin reallıq daha qaranlıq ola bilər. Belə ki, Dünya Bankının proqnozlarına görə, 2016-cı ildə Azərbaycanda iqtisadi artım cəmi 0,8% səviyyəsində gözlənilir ki, bu da 2015-ci ildə gözləntilərdən 1,2 faiz bəndi azdır. Bunun səbəbləri barədə heç ehtimal irəli sürməyə ehtiyac yoxdur. Aydındır ki, yeganə səbəb neftin ucuz olmasıdır. Qeyd edək ki, MDB ölkələrində neftdən asılı olan əsas ölkələrdə iqtisadi artım çox kiçik səviyyədə gözlənilir. Daha dəqiq, yalnız Azərbaycanda və Qazaxıstanda (1,1%) artım proqnozlaşdırılır, Rusiyada 0,7% səviyyəsində geriləmə gözlənilir. Beləliklə, Azərbaycanda iqtisadi artım bir faizdən də aşağı ola bilər. Amma burada bir maraqlı məqam var. Belə ki, bəzi cümlələrdən aydın olur ki, Dünya Bankının hesabatı Azərbaycanda baş verən ikinci devalvasiyadan əvvəl hazırlanıb və bu addım hesabatda nəzərə alınmayıb. Bu səbəbdən hesablamalar müəyyən dərəcədə qeydi-dəqiq ola bilər. Aydındır ki, iqtisadi artıma neftin qiymətləri təsir edir və qiymətlər aşağı olduğu halda, xüsusən də enəndə, neft ÜDM-də geriləməyə səbəb olur. Lakin manatın dollara qarşı bir anda 1,5 dəfə ucuzlaşdırılması nəticəsində neft gəlirləri manat ifadəsində müvafiq həcmdə artıracaq. Ümumi iqtisadi sabitlik baxımından bu addımın fayda verməsi böyük sual altındadır, amma sırf ÜDM-in hesablanması sahəsində devalvasiya artıma gətirib çıxaracaq. Əlbəttə ki, manat ifadəsində. Dollar ifadəsində hətta Dünya Bankının hesablamaları da olduqca optimist olacaq. Unutmaq olmaz ki, ÜDM-in tərkibində tək neftin istehsalı və satışı deyil, orada bütün digər sahələr də əks olunur. Və bu il bir çox sahələrdə durğunluğun yaranmasını gözləmək olar. Buna səbəb devalvasiya olacaq. Yerli istehsal aşağı səviyyədə olduğu halda (istisna kimi yeyinti sahəsini qeyd etmək olar), idxal səmərəsiz olanda, əhalinin alıcılıq qabiliyyəti aşağı düşəndə, ölkədə işgüzar fəallığın kəskin aşağı düşəcəyini proqnozlaşdırmaq olar. Bundan əlavə, büdcə tərəfindən maliyyələşdirilən sahə və layihələrdə də geriləmə baş verəcək ki, bu da əhalinin maliyyə vəziyyətinə mənfi təsir edək. Nəticədə, qeyri-neft ÜDM-də əvvəlki illərlə müqayisədə nəzərə çarpan dərəcədə geriləmə yarana bilər. Bu amil neft ÜDM-in devalvasiya səbəbindən baş verəcək süni artımını neytrallaşdıra bilər ki, nəticədə devalvasiya iqtisadi artıma gözlənilən müsbət təsir etməyəcək. Çünki, digər sahələrdə durğunluq yarana bilər. İlk növbədə bu kiçik və orta sahibkarlığa aiddir. Burada artıq bədbin əhval-ruhiyə müşahidə olunur. Əhalinin, o cümlədən sahibkarların dollar kreditlərinin manat ifadəsində birdən-birə bahalaşması da işgüzar mühitə mənfi təsir göstərəcək. Buna oxşar vəziyyət artıq Rusiyada müşahidə olunur ki, rublun kəskin ucuzlaşması səbəbindən əhalinin alıcılıq qabiliyyəti azalıb. Kiçik və orta sahibkarlıq sahəsində, o cümlədən, ticarət və xidmət sahələrində, durğunluq yaranır, bəzi malların alınması kəskin azalır, əhali qənaət rejiminə keçib. Bütün bunlar iqtisadi artımının azalmasına, hətta mənfi zonaya keçməsinə səbəb olur. Bütün bunları nəzərə alaraq, proqnozlaşdırmaq olar ki, Azərbaycanda iqtisadi artım sahəsində çətin il gözlənilir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR