İstehlak kreditlərinin kredit qoyuluşlarında xüsusi çəkisi azalır - TƏHLİL

İstehlak kreditlərinin kredit qoyuluşlarında xüsusi çəkisi azalır - <span style="color: red;">TƏHLİL
# 10 avqust 2015 11:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2015-ci ilin iyulun 1-nə 20 288,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3 533,7 mln. manat və ya 21,09% çoxdur.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 884,6 mln. manat və ya ümumi həcminin 38,9%-ni təşkil edir. Qeyd edək ki, son 19 ayda artıq 3-cü aydır ki, ilk dəfə ev təsərrüfatlarına (istehlak kreditləri) verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 40%-dən aşağıdır.

Buna baxmayaraq, ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 064,7 mln. manat və ya 15,61% artıb. Başqa sözlə, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,8%-lik payla “İnşaat və əmlak” və 14,2%-lik payla “Ticarət və xidmət”, 10,7%-lik payla sənaye və istehsal, 4,6%-lik payla kənd təsərrüfatı və emal, 4,4%-lik payla nəqliyyat və rabitə, 1,4%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin iyulun 1-nə 1 338,7 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 461,1 mln. manat və ya 52,54% çoxdur.

Ümumiyyətlə, yanvarda problemli kreditlərin həcmi 54,6 mln. manat, fevralda 107,3 mln. manat, martda 75,1 mln. manat, apreldə 43,3 mln. manat, mayda 56,6 mln. manat, iyunda isə 25,5 mln. manat artıb. Bu ilin əvvəli ilə müqayisədə Azərbaycanda problemli kreditlərin həcmi 362,4 mln. manat artıb. Göründüyü kimi, problemli kreditlərin həcmində kəskin artım 2015-ci ilin 5 ayında qeydə alınıb. Belə ki, 1 il ərzində artan 461,1 mln. manatlıq vaxtı keçmiş kreditin 336,9 mln. manatı məhz yanvar-may aylarının payına düşür. 2015-ci ilin 5 ayı ərzində problemli kreditlər üzrə artım daha çox məhz devalvasiyanın baş verdiyi ayda, yəni fevralda qeydə alınıb.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,6% təşkil edir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR