Kriptovalyutaların statusu rəsmiləşir? - TƏHLİL

Kriptovalyutaların statusu rəsmiləşir? - <span style="color: red;">TƏHLİL
# 17 may 2018 12:55 (UTC +04:00)

Kriptovalyutalar artıq tədricən dünyanın maliyyə bazarının "həyatına" daxil olub və bu məkanı tərk etmək niyyətində deyil. Kriptovalyutalara münasibət fərqlidir, bəzilər onları yeni, inqilabi maliyyə aləti kimi qəbul edir, digərləri ənənəvi pulların əvəzinə gələn yeni nəsil pul növləri sayır, digərləri sadəcə yeni investisiya aləti, digərləri isə dünya miqyaslı fırıldaq və maliyyə piramidası hesab edir. Münasibətdən asılı olmayaraq, kriptovalyutalar mövcuddur, bu bazarın iştirakçılarıdır. Bizi kriptovalyutalar mövzusuna toxunmağa sövq edən məqam son bir neçə gün ərzində dünya səviyyəsində çox maraqlı xəbərlərin meydana çıxmasıdır. Bu xəbərlər və gözlənilən hadisələr kriptovalyutaların keyfiyyətcə yeni səviyyəyə çıxacağı ehtimalı yaradıb.

Beləliklə, Kraken adlanan məşhur kriptovalyuta birjası ABŞ-ın Qiymətli kağızlar üzrə Komissiyadan qeydiyyatdan keçməyə hazırlaşır. Bunu birjanın rəhbəri Jessi Pauell bəyan edib. Söhbət ilk növbədə “Kraken”in broker və diler kimi, sonra isə alternativ ticarət sistemi kimi qeydiyyatdan keçməsindən gedir. Əgər birjan alternativ ticarət sistemi kimi qeydiyyatdan keçsə, o, birbaşa Komissiyanın yurisdiksiyası altına düşəcək. Qeyd edək ki, alternativ ticarət sistemi özündə əksər birja funksiyalarını əks etdirir. Lakin burada tələblər, listinq aspektləri, iştirak qaydaları və nəhayət ticarət olunan maliyyə alətləri ənənəvi birjalardan fərqlənir və daha liberaldır. Aydındır ki, kriptovalyuta ilə məşhur olan hər hansı birja və ya birjadankənar ticarət meydançasını alternativ sistemi kimi tanımaqdan əvvəl Komissiya həmin quruma aid olan kriptovalyutaları rəsmi olaraq qiymətli kağızlar kimi tanımalıdır. Komissiya öz tərəfindən kriptovalyutalarla məşğul olan ticarət meydançalarını məhz alternativ ticarət sistemləri kimi qeydiyyatdan keçməyə məcbur edir. Eyni zamanda ABŞ-ın Əmtəə fyuçerslər üzrə Ticarət Komissiyası kriptovalyutaları əmtəə kimi qəbul edib və onlar üzrə törəmə qiymətli kağızlarla ticarət aparmağa ötən ilin sonunda icazə verib. Bu faktlar onu göstərir ki, hazırda tənzimləyici orqanlar arasında kriptovalyutalara münasibət fərqlənir. Hazırda bu problem tədricən kriptovalyuta bazarının inkişaf yolunda əsas problemə çevrilir.

Digər məlumata əsasən, kriptovalyuta ticarəti üzrə dünyanın bəzi ən iri operatorları kriptovalyuta bazarının tənzimlənməsinə dair vahid tənzimlənmə qaydaları qəbul etməyə çağırır. Onların fikrincə, bu addım bazarı daha şəffaf və ən əsası kriptovalyuta üzrə operatorları dələduzluq, çirkli pulların yuyulması və cinayətkarlara köməyində ittihamlarından qurtaracaq. Belə çağırışla məşhur eToro Europe Ltd. (London) və Bitpanda GmbH (Vyana) şirkətləri çıxış ediblər. Onlar bəyan edir ki, "müştərini tanı" prinsipində qurulan tənzimləyici qaydalar kriptovalyutalar üzrə ticarət platformalarına daha rahat, sərbəst fəaliyyət göstərməyə imkan verəcək və eyni zamanda onları yeni səviyyəyə qaldırmaqla bazara yeni müştəriləri, xüsusən də institusional investorları cəlb etməyə imkan verəcək. Hazırda dünya kriptovalyuta bazarının məcmu kapitallaşması 430-450 mlrd. dollar təşkil edir və bu həcm dünya miqyasında elə də böyük olmadığı üçün bəzi tənzimləyicilər və hətta beynəlxalq maliyyə təşkilatları kriptovalyutalara çox "soyuq" yanaşırlar. Bu vəziyyət kəskin dəyişməlidir. Operatorlar özləri vurğulayır ki, indi çox sayda platformalarda kriptovalyutaları heç bir identifikatoru təqdim etmədən əldə etmək olar ki, bu da bazarı yarıanonim edir. Bu situasiya isə öz növbəsində operatorları qane etmir. Çünki bu bir tərəfdən tənzimləyiciləri kriptovalyutaları ciddi qəbul etməsi ilə nəticələnir, digər tərəfdən isə operatorları bazara ciddi institusional investorları cəlb etmək imkanından məhrum edir. Aparıcı operatorların mövqeyi tam izaholunandır, çünki nə qədər bazar "sallaq", yarı-leqal vəziyyətdə qalsa, ciddi iştirakçıları buraya cəlb edə bilməzsən. Xüsusən də o səbəbdən ki, aydın, məlum tənzimlənmə qaydaların olmaması bazar iştirakçıları və potensial investorların istənilən anda məhdudlaşdırıcı və ya qadağa qərarları qəbul etməsi ehtimalını artırır. Yuxarıda qeyd olunan iki iri operator bəyanatında ümidvar olduğunu deyib ki, Avropa tənzimləyici tərəfindən kriptovalyutalar üzrə vahid qaydaları qəbul edəcək ki, həmin qaydalar kriptovalyutaları maliyyə alətləri kimi tanısın və onlar üzrə bütün tənzimləyici normalar və prosedurları müəyyən etsin.

Daha bir iri və məşhur platformadan xəbər. Belə ki, dünyanın aparıcı kriptovalyuta birjalardan olan Coinbase bəyan edib ki, platformasına institusional investorların cəlb edilməsinə istiqamətlənən bir sıra yeni alət və xidmətlər üzərində çalışır. Bunların sırasında rəqəmli valyutada olan aktivlərin və hesabların saxlanması üzrə kastodial xidmətlər, risklərin idarə edilməsi üzrə xidmətlər və marjinal ticarət də var. Xüsusən Coinbase rəqəmli və digər aktivlərin saxlanması, qorunması, deponentləşməsi və uçotu üzrə xidmətləri təkmilləşdirmək niyyətindədir. Bu da ilk növbədə onunla izah olunur ki, tənzimləyici orqanlar institusional investorlardan oğurluq, haker müdaxiləsi, sistem pozuntuları, müştərilərə ziyan vurulmasından qorunmuş və etibarlı saxlama strukturları ilə işləməyi tələb edir. Bununla Coinbase iri institusional investorlara, investisiya fondlarına, xec-fondlara və digər iri maliyyə qurumlarına öz etibarlılığını və şəffaflığını sübut etməyə çalışır.

Bundan başqa məlum olub ki, kriptovalyuta bazarının əsas iştirakçıları ABŞ-ın maliyyə sektorunun tənzimlənməsi üzrə federal agentliklərinə müraciət ediblər. Müraciətdə onlar Ether adlanan aktivin hüquqi statusunu tez bir zamanda müəyyən olunmasını istəyirlər. Ether adi aktiv deyil, o, "bitcoin"dən sonra dünyanın ikinci kriptovalyuta hesab olunan Ethereum kriptovalyutasının əsas elementidir. Beləliklə, bir sıra iri operatorlar istəyir ki, "bitcoin"dən başqa Ether üzrə də derivativlər mövcud olsun. ABŞ-ın Əmtəə fyuçerslər üzrə Ticarət Komissiyasının nümayəndəsi Brayan Kintensin sözlərinə görə, hazırda bir sıra birjalar Ether üzrə derivativlərin listinqi və ticarətində maraqlıdır. İndi CME Group Inc. və Cboe Global Markets Inc ticarət meydançalarında "bitcoin" üzrə fyuçerslərin ticarəti aparılır və göründüyü kimi gündəmdə ikinci kriptovalyuta üzrə derivativlərin "işə salınması" durur. Məlumdur ki, hazırda fyuçerslər üzrə və qiymətli kağızlar üzrə Komissiyaların nümayəndələri mütəmadi olaraq görüşlər keçirirlər ki, Ehter-in statusu müəyyən edilsin. Bazar iştirakçıları isə onları tələsdirir.

Maraqlı bir vəziyyət yaranır: bazarda faktiki olaraq "hüquqi vakuum" hökm sürur və bu, bazar iştirakçılarını nəinki sevindirmir, əksinə onların inkişaf etməsinə imkan vermir. Sadə müqayisə aparaq. Məsələn, yollarda bütün qaydalar və nişanlar ləğv olunur və yol hərəkəti iştirakçıları müvafiq tənzimləyici orqanına müraciət edirlər ki, gəlin bir normal qaydaları salın, yoxsa hərəkət etmək mümkün deyil. Kriptovalyuta bazarı indi o səviyyəyə çatıb ki, aydın, vahid tənzimlənmə mexanizmlərinə ehtiyac var. Tənzimləyici orqanlar isə kriptovalyutalara əhəmiyyət vermir. Ya qismən onları qəbul edir, ya bəzi ölkələrdə qadağa edir, ya ümumiyyətlə fikir vermir. Yuxarıda qeyd etdiyimiz xəbərlər yalnız son üç-dörd gün ərzində dərc edilən xəbərlərdir.

P.S. Sonda kriptovalyutalara ciddi yanaşmayanlar üçün daha iki qısa xəbər. Birincisi, HSBC Holdings İNG Bank-la birlikdə dünyada ilk dəfə olaraq kriptovalyutaların əsası olan blokçeyn texnologiyası əsasında ticarət əməliyyatı çərçivəsində akreditiv əqdi həyata keçirib. Akreditiv əqd Cargill İnc. şirkəti üçün həyata keçirilib və onun çərçivəsində Arqentinadan Malayziyaya soya tədarükünün ödənilməsi üzrə hesablaşmalar alıcı-satıcı və onların bankları arasında həyata keçirilib. Bununla da blokçeyn texnologiyaları ticarət, maliyyələşdirmə və akreditiv əməliyyatları üçün uğurla istifadə imkanları açılır.

İkincisi, Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Benua Kurye bəyan edib ki, mərkəzi banklar tərəfindən rəqəmsal valyutaların buraxılması istisna deyil. “FedCoin”, “ECBCoin” və ya “BIScoin”adlana biləcək belə valyutalar mərkəzi banklara əməliyyat xərclərini və əməliyyat risklərini azaltmağa imkan verəcək. Dünyada davamlı olaraq nağd pullardan istifadənin azalması, mərkəzi banklar tərəfindən "lecer-texnologiyalarının" istifadə imkanları və maliyyə və bank sisteminin iştirakçılarının mərkəzi banklarında ehtiyatları, depozitləri və digər öhdəlikləri rəqəmsal valyutada saxlaması tamamilə mümkündür. Belə universal ehtiyatların yaradılması mərkəzi banklar üçün həm pulların buraxılmasında, həm də uçotunda rahatlıq yarada bilər.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR