Neftin hamını razı salacaq optimal qiyməti varmı? - TƏHLİL

Neftin hamını razı salacaq optimal qiyməti varmı? - <span style="color: red;">TƏHLİL
# 17 oktyabr 2016 08:06 (UTC +04:00)

Hər hansı bəyanatlar olmadan, hər hansı qərarlar qəbul edilmədən neft kiçik addımlarla təxminən bir illik maksimuma çatıb. Hazırda "Brent" markalı neftin qiyməti 52 dollara yaxındır ki, sonuncu dəfə belə qiymət ötən ilin oktyabrında müşahidə olunub. Neft bazarı mütəxəssislərinin fikrincə, neftin bahalaşmasına əsas səbəb Səudiyyə Ərəbistanın addımlarıdır, daha dəqiq onun neft hasilatının azaldılması istiqamətində səyləridir.

Ötən ayın sonlarında OPEC tərəfindən neft hasilatının gündə 32,5 - 33 mln. barel səviyyəsində məhdudlaşdırılması barədə razılıq əldə edilib, amma əvvəlki razılaşmalardan fərqli olaraq, bu icra olunur və burada əsas vəzifə məhz Səudiyyə Ərəbistanın üzərinə düşür. Çünki bəzi OPEC üzvləri hasilat sahəsində imtiyazlı mövqe tələb edərək, hasilatı faktiki olaraq azaltmır. Bunlar ilk növbədə Liviya və Nigeriyadır. İran da hasilatın azaltmaq niyyətində olmadığını dəfələrlə söyləyərək, hasilatı sabit saxlayır. Nəticədə, belə vəziyyət yaranıb - ümumi azaltmaya nail olmaq üçün kimsə mütənasib miqdardan daha artıq addımlar atmalıdır. Bu kimsə hazırda Səudiyyə Ərəbistandır. Sirr deyil ki, neftin son iki ildə ucuzlaşması Səudiyyə Ərəbistanı iqtisadiyyatına ciddi zərbə vurub. Səudiyyə bu problemlə mübarizə yolu kimi hasilatın artırılması, dempinq və yeni bazarlara çıxış yolu seçmişdi. İndi isə müxtəlif yollarla bazardan digər iştirakçıları sıxışdırma strategiyasından faktiki olaraq imtina olunur və Səudiyyə Ərəbistanı hasilatın dondurulmasının əsas tərəfdarı kimi çıxış edir. Baxmayaraq ki, OPEC daxilində bəzi iştirakçıların “azaltma payı” da Səudiyyə Ərəbistanının üzərinə düşür. Nəticədə, hər hansı sənəd imzalamadan, amma səkkiz ildə ilk dəfə olaraq heç olmazsa razılaşma əldə olunmaqla neftin bahalaşmasına nail olunub.

OPEC-in növbəti iclası noyabrda nəzərdə tutulur və indi əsas məsələ ondan ibarətdir ki, iclasda hasilatın daha da azaltmaq barədə qərar qəbul olunacaqmı? Əgər o vaxta qədərə neft 55 dollaradək bahalaşsa, hasilatın azaldılması məsələsi gündəmdən qalxacaq. Digər tərəfdən, bəzi bəyanatlar ümid verir ki, proses davam etdiriləcək. Məsələn, Əlcəzairin energetika naziri Nürəddin Butarfa bəyan edib ki, OPEC neft bazarında vəziyyəti noyabrın sonunda qiymətləndirəcək və əgər o vaxta indiki sutkalıq 700 min barellik azalma kifayət etməyəcəksə, azalmanın həcmi artırıla bilər. Öz növbəsində Səudiyyə Ərəbistanının energetika naziri Halid Əl-Falix bəyan edib ki, bu ilin sonuna kimi 60 dollarlıq qiymət heç də misli görünməmiş deyil və Səudiyyə Ərəbistanı digər hasilatçılarla optimal səviyyənin müəyyən edilməsi üçün işi davam etdirəcək. Burada biz əsas amilə toxunuruq, bu, optimal qiymət amili. Hazırda heç kəs deyə bilmir ki, hamını qane edən qiymət neçədir – 50 dollar, 60 dollar, yoxsa başqa rəqəm? Bəlkə bu rəqəm 100 dolardır?

Məhz buna görə indi dəqiq proqnoz vermək çətindir. Son hadisələr, Səudiyyə Ərəbistanının mövqeyinin dəyişməsi ümid verir ki, müəyyən edilən səviyyə yüksək olacaq və neftin dondurulması prosesi davam etdiriləcək. Qeyd edək ki, bu il ərzində minimal qiymət yanvarın sonlarında müşahidə olunub və 28 dollara bərabər olub. İndi aydındır ki, OPEC bu kimi vəziyyətə yol verməyəcək, təşkilat içində tam razılıq olmasa da, əsas oyunçu qiymətlərin artırmasının tərəfdardır. Yanvardan bu günə kimi neft 86% bahalaşıb, OPEC addımlarını davam etdirsə, bahalaşma davam edəcək və həqiqətən ilin sonuna kimi neftin qiyməti 60 dolları üstələyə bilər. Bazarda natarazlığı Rusiya yarada bilər. Qeyd edək ki, sentyabr ayında Rusiyada neftin hasilatı 11 mln. barelə çatıb ki, bu da müasir Rusiya tarixində maksimumdur və belə göstərici yalnız SSRİ dövründə müşahidə olunmuşdur. OPEC-ə üzv olmadığına və heç bir öhdəlik daşımadığına görə Rusiya hasilatı rekord səviyyədə saxlamaqla bazarda qiymətlərin artımı tendensiyasını kəskin poza bilər. Hələlik Rusiya yalnız bəyanatlarla kifayətlənir və əmin olmaq olar ki, proses belə də davam edəcək. Yəni, OPEC razılığa gəlsə Rusiya prosesdən kənarda qalaraq qiymətlərin artmasından istifadə edəcək. Buna görə ehtimal var ki, hasilatın dondurulmasının davam etdirilməsi üçün OPEC Rusiyadan müvafiq öhdəlik götürməyi tələb edə bilər. Əks halda indiki alqışa layiq addımlar dayandırılacaq. Bu barədə heç kəs açıq şəkildə danışmır, OPEC yalnız öz daxilindəki proseslərlə bağlı bəyanatlar verir, amma aydındır ki, Rusiya kimi iri hasilatçını hesaba almaq mütləq lazımdır. Əgər görünsə ki, eynilik yoxdur, indiki müəyyən mənada altruizm “sona çatacaq”. Və burada biz yenidən qiymət məsələsinə qayıdırıq, çünki aydındır ki, bütün neft ixracatçıları üçün qiymətlərin qalxması sərf edir, amma eyni zamanda bir çoxları “biri birinə baxır”.

Qorxular isə əsasən ondan ibarətdir ki, Səudiyyə Ərəbistan və digər OPEC ölkələri belə bir fikrə gələ bilər - indiki qiymət bizi qane edir və proses dayandırılır. Amma son iki il ərzində itkilər o dərəcədə yüksək olub ki, belə bir qərarın qəbuluna inanmaq çətindir. Həm də kənar amilləri də hesabdan çıxartmaq olmaz. Məsələn, söhbət ABŞ-ın şist neftindən gedir. Unutmaq olmaz ki, Səudiyyə Ərəbistanın “sıxışdırılma” strategiyasının əsas səbəbi ABŞ-ın şist neftin Avropaya nəql edilməsinin başlanması olub. Yəni OPEC-in indiki hesablamalarında kənar amillər də nəzərə alınmalıdır, çünki neft bazarında təklifin artması gözlənilməz mənbədən baş verə bilər. Buna görə, ümid etmək olar ki, bütün daxili və kənar amillər nəzərə alınmaqla indiki “sənədsiz” dondurulma davam etdiriləcək, noyabrın sonunda keçiriləcək iclasda isə azalmanın həcminin artırılması barədə qərar qəbul olunacaq.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR