Neftin ucuzlaşması və devalvasiya: udan və uduzanlar - TƏHLİL

Neftin ucuzlaşması və devalvasiya: udan və uduzanlar - <span style="color: red;">TƏHLİL
# 03 sentyabr 2015 12:06 (UTC +04:00)

Ötən həftənin sonu dünya bazarlarında neftin qiyməti bir qədər bahalaşdı, lakin bu, analitik və ekspertlərin 2015-ci ilin sonlarına qədər neft bazarının perspektivlərinə dair fikirlərinə təsir göstərmədi. Hətta Qərb və Rusiya ekspertlərinin proqnozları üst-üstə düşür. İlin sonuna kimi neftin 1 barelinin orta qiyməti 52-54 dollar olacaq. Bu, Brent markalı neftin qiymətinə dair proqnozdur. WTI markalı neftin qiymətinə dair proqnozlar isə daha nikbindir: Qərbi Texas nefti maksimim 2-3 dollar dəyərdən düşə bilər.

Rusiyalı ekspertlərin adını boş yerə vurğulamadıq. Çünki Rusiyada neftin qiymətinin ucuzlaşmasının makroiqtisadi nəticələri açıq-aşkar hiss olunur. Bu, ilk növbədə özünü rublun dollar və avroya nisbətdə dəyərsizləşməsində göstərir. Neftin ucuzlaşması rublun dəyərdən düşməsinə səbəb oldu. Nəticədə ötən həftənin əvvəllərində dollar 70, avro isə 80 rubl həddinə çatdı. Burada sözsüz ki, dəmir əlaqə var: məsələn, neftin iki gün ərzində bahalaşması nəticəsində həftəsonu avronun qiyməti 73 rubla, dolların kursu isə 65 rubla düşdü. Bir sözlə, neftin qiyməti ilə rublun dəyəri arasında əlaqə bir neçə ay əvvəl hökumət və Rusiya Mərkəzi Bankının bazara valyuta intervensiyasından imtina etməsindən sonra daha da möhkəmləndi.

Açıq-aşkar aydındır ki, neft ixrac edən ölkədə üzən valyuta kursu tələb-təklif amilindən asılıdır və neft ucuzlaşan zaman yüksək tələb olduğu təqdirdə təklif aşağı düşür. Nəticədə milli valyuta ucuzlaşır. Həm də bu proses başlayan zaman valyutaya tələbat daha da artır, bu isə öz növbəsində dollar və avronun kursunu artırmış olur. Və proses dairə üzrə dövr edir...

Məsələ bundadır ki, neftin ucuzlaşması iki əsas faktorla bağlıdır: birincisi, Çində istehsal aktivliyinin və müvafiq olaraq, enerji daşıyıcılarına tələbatın aşağı düşməsi, ikincisi, dünyada neft hasilatının artması. İkinci faktor daha ciddidir. Qərb ekspertlərinin fikrincə, hasilatın artması ilə bağlı mövcud vəziyyət analoji halın müşahidə olunduğu 1986-cı ilə nisbətən daha pisdir. Xatırladaq ki, 1986-cı ildə dünyada neft hasilatının həddən çox artması siyasi faktorlar doğurmaqla yanaşı, həm də SSRİ iqtisadiyyatının çökməsinin əsas səbəblərindən biri idi. Əgər 80-ci illərin əvvəllərində neftin bir barelinin qiyməti 35 dollara çatmışdısa (indiki pulla hesablasaq 100 dollar), 1986-cı ildə qiymət 10 dollardan aşağı düşdü (indiki pulla 20 dollar) və bir neçə il 20 dollardan çox bahalaşmadı. Nəticədə neft ixrac edən ölkələr ciddi maliyyə itkilərinə məruz qaldılar. Analoji vəziyyət indi də müşahidə olunur. Bundan başqa, neft ölkələri qiymətləri az-çox stabilləşdirmək üçün hasilatı aşağı salmaq niyyətində deyillər, əksinə, məruz qaldıqları itkiləri kompensasiya etmək üçün hasilatı daha da artırırlar. Yəni, vəziyyəti dəyərləndirdikdə neftin qiyməti ilə bağlı çətin ki ürəkaçan proqnoz irəli sürmək mümkün olsun.

Hazırda qeyri-rəsmi məlumatlara görə, Rusiya hökuməti və ölkənin maliyyə dairələri dolların 100 rubla çatacağı vəziyyəti test edirlər. Bu, rəsmi olaraq təsdiqlənməyib, amma mövcud vəziyyətdə təəccüb də doğurmur. Əksinə, çox məntiqlidir. Çox güman ki, digər neft ölkələri də hadisələrin neqativ inkişafına, yaxud, heç olmasa mövcud durumu indiki səviyyədə saxlamağa hansısa formada hazırlaşırlar. Məsələn, Qazaxıstan neftin qiymətinin 30-40 dollara düşməsinə hazırlaşır. Azərbaycanda isə dövlət büdcəsi hələlik neqativ nəticələr nümayiş etdirmir. 2015-ci ilin ilk 6 ayı ərzində dövlət büdcəsinin gəlirləri 7,8 milyard manat təşkil edib. Maraqlıdır ki, bu rəqəm proqnozlaşdırılan həcmdən 1,2 faiz çoxdur. Bu həm də ona görə təəccüblüdür ki, büdcədə neftin qiyməti 90 dollardan götürülüb, bu il isə bazarda qiymətlər çətin ki, bu həddə çatsın. Biz bu məsələyə bir daha qayıdacağıq...

Təqdirəlayiq haldır ki, büdcənin yuxarıda qeyd olunan gəlirlərinin 3,562 milyard manatı Dövlət Neft Fondundan transfer hesabına formalaşıb. Başqa sözlə desək, gəlirlər hissəsinin 46%-i büdcə qazancı deyil, pulların xərclənməsidir, çünki Dövlət Neft Fondunun vəsaiti yığım üçün nəzərdə tutulub. Əlbəttə, müəyyən ehtiyatlara sahib olmaqla, neftin qiymətinin minimuma enəcəyi ağır dövrləri ötürmək olar. Xüsusilə, nəzərə alaq ki, ölkə rəhbərliyi sosial-siyasi mülahizələrə əsaslanaraq büdcəni kəsib-doğramaq istəmir. Bundan başqa, itkilərin bir hissəsini inzibati valyuta rıçaqları hesabına kompensasiya etmək də mümkündür. Yəni, büdcədə neftin 1 barelinin qiyməti 90 dollardan götürülüb (ki, indiki durumda bu rəqəm qeyri-realdır), amma digər tərəfdən dolların məzənnəsi də 0,784 manat müəyyənləşib. Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi devalvasiya sayəsində dolların kursu hazırda 1,05 manatdır, yəni, büdcədə müəyyənləşən kursdan 34% artıqdır. Bu, bizə nə verir? Hər şey çox sadədir: büdcəyə, yaxud Dövlət Neft Fonduna daxil olmalar manatın konvertasiyası əsasında 34% çoxalıb. Neftin qiymətinin aşağı düşməsindən meydana çıxan itkilərin bir hissəsinin bu yolla kompensasiya edildiyinə əmin olmaq olar.

Rusiyada da faktiki vəziyyət belədir, yalnız orada sosial-siyasi mülahizələrə əsaslanaraq devalvasiyanı istiqamətli şəkildə etmədilər, rublun məzənnəsini üzən məzənnəyə çevirdilər: həm bazar iqtisadiyyatına uyğundur, həm də büdcəyə köməkdir. Bütün bu proseslər isə əhalinin vəziyyətini yalnız ağırlaşdırır. Rublun kursunun enməsi istehlak qiymətlərinin (ilk növbədə ixrac olunan malların, texnika, avtomobil, daşınmaz əmlak və uzunmüddətli istifadə olunan məhsulların) bahalaşmasına səbəb olur, bu, psixoloji inamsızlıq yaradır. Bundan başqa, bu proses real maaş kimi makroiqtisadi göstəricidə öz əksini tapır. Məsələn, Rusiyada ilin ilk yeddi ayı ərzində əhalinin real maaşları 8,8% aşağı düşüb, iyulda isə bu rəqəm 9,2% təşkil edib. Sual olunur, niyə məhz iyulda? Neftin bu ilə olan qiymətlərinin dinamikasına baxsaq, cavab aydın olar: Göründüyü kimi, neftin ən çox ucuzlaşması məhz iyul ayında qeydə alınıb. Paralel olaraq əhalinin iyul ayında real gəlirləri gözlənilmədən artıb - artım bir ay əvvələ nisbətən 1,4% təşkil edib. Bu necə ola bilər? Çox sadə və cavab heç bir iqtisadçını təəccübləndirməyəcək - əhali ehtiyatlarını satır. Və məsələn valyuta ehtiyatını rubla çevirmək, bu da gəlir sayılır. Təbii ki, vətəndaşlar bunu sevərək etmir, valyutanı rubla çevirir ki, aylıq xərclərini təmin edə bilsin. İnsanlar 2014-cü ilin sonunda dolların qəflətən kəlləçarxa vurması zamanı aldıqları valyutanı artıq rubla çevirərək xərcləməyə başlayırlar. Bu iddianı təsdiq edən başqa bir məqam var - iyulda pərakəndə satışın həcmi bir əy əvvələ nisbətən cüzi də (cəmi 0,1 faiz) artıb. Proqnozlar ürəkaçan deyil - iqtisadçılar hesab edir ki, əhali artıq sentyabrda “qara gün” üçün saxladıqları valyuta ehtiyatları ilə vidalaşmalı olacaq.

Və neft bazarında vəziyyətə qayıtsaq, əminliklə demək olar ki, yaxın zamanlarda vəziyyət yaxşılaşmayacaq. JP Morgan analitiklərinin dəyərləndirmələrinə görə, əgər İrana qarşı sanksiyaların ləğvi prosesi davam etsə və bu ölkə tam şəkildə neft bazarına qayıdarsa, o zaman bazarda sıxlıq ən yüksək həddə çatacaq və qiymətlər ağlasığmaz dərəcədə aşağı düşəcək. Və indi irəli sürülən ən pessimist proqnozlar o zaman optimizmin ən yüksək səviyyəsi sayıla bilər.

Vahab Rzayev - APA Analitik Mərkəzinin esperti

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR