Ölən şəxsin kredit borcunu kim ödəməlidir? - ARAŞDIRMA

Ölən şəxsin kredit borcunu kim ödəməlidir? - <span style="color: red;">ARAŞDIRMA
# 24 aprel 2015 11:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda banklarla müştərilər arasında problemlərdən biri də kredit götürən şəxsin vəfatı zamanı yaranır. Bank qarşısında borc öhdəliyi olan şəxsin ailəsinin aztəminatlı olması bu problemin daha da böyüməsinə səbəb olur. Bu yaxınlarda Cəlilabad rayonu, Qarazəncir kənd sakini Bayramov Camalxan İsa oğlunun mətbuatda dərc olunmuş müraciəti də elə bununla bağlı olub. Camalxan Bayramov müraciətində bildirib ki, “AccessBank” kürəkəni Əhmədov Fikrət Zahidxan oğluna 29 faizlə 7000 manat məbləğində kredit verib. Onun sözlərinə görə, kreditin 5 ayı ödənildikdən sonra kürəkəni Fikrət qəflətən yol qəzasına düşərək vəfat edib. Vəfat etdikdən sonra da üstündə yığılan puldan kreditin 3 ayı ödənilib. “İndi qızım 3 körpə uşaqla imkansız vəziyyətdədir. Hazırda bankın işçiləri yaxamızdan yapışıb qalan pulu tələb edirlər. Mən özüm də 1-ci qrup xəstəyəm, qoca kişiyəm, ailə şəraitimiz olduqca ağırdır. Bankın işçiləri gəlib qızımdan hər gün tələb edir ki, evinizi satmalı da olsa, bizim pulumuzu verməlisiniz”, - deyə müraciətdə vurğulanıb.

Kredit götürən şəxs vəfat edərsə, bu halda kredit ödənilməlidirmi sualı ilə “AccessBank”a müraciət etsək də, bankdan sualımızı cavablandıran tapılmayıb. Buna görə də, “APA-Economics” olaraq vəfat edən müştərinin öhdəliyini kimin yerinə yetirməli olduğunu araşdırmaq qərarına gəldik.

Pulumu verin...

“AccessBank”dan fərqli olaraq digər banklar sorğumuzu cavablandırıb. Məsələn, “Azkreditbank”dan bildirilib ki, bankdan kredit götürən şəxslər kreditin təminatlı və ya təminatsız olmasından, eyni zamanda borcalanların yaşından asılı olaraq sığortalanır. “Belə ki, kredit təminatlı olduqda girov predmeti (daşınar və daşınmaz əmlak) olan əmlak sığorta şirkətlərinin tarifinə müvafiq olaraq kreditin müddətindən asılı olaraq sığortalanır. Kredit təminatsız olduqda isə borcalanlar iş yerlərinin vəziyyətindən və yaşından asılı olaraq sığortalanır. Sığorta haqqı sığorta şirkətlərinin tarifinə müvafiq olaraq kreditin müddətindən, təminatın növündən və borcalanların yaşından asılı olaraq müəyyən edilir”, - deyə məlumatda vurğulanıb.

Vəfat edən və ya əmək qabiliyyətini qismən və ya tam itirən şəxs kredit borcunu ödəməlidirmi sualına cavab olaraq bankdan bildirilib ki, əgər müştərinin ailəsi və ya zaminin kredit borcunu ödəmək imkanı yoxdursa, kredit girovsuzdursa və borcalan həyat sığortası olmayıbsa onda kredit üzrə öhdəliklər bankın zərəri hesabına ödənilir.

“Atrabank” da sorğumuzu cavabsız qoymayıb. Bankdan bildirilib ki, təminat olaraq təqdim olunan daşınmaz əmlak, avtomobil sığorta şirkəti tərəfindən təqdim edilən tarifə uyğun şəkildə sığortalanır: “Borcalanın həyat sığortası varsa, kredit sığorta şirkəti tərəfindən ödənilir”.

“Yapı Kredi Bank”dan isə qeyd olunub ki, bankdan götürülən kredit məbləği sığorta şirkəti tərəfindən sığortalanır. Sığorta haqqı məhsul, məbləğ və götürən şəxsin yaşından asılı olaraq dəyişir. Kredit götürmüş şəxs vəfat etdikdə, əmək qabiliyyətini qismən və ya tam itirdikdə kredit borcu sığorta şirkəti tərəfindən ödənilir.

“Bank VTB (Azərbaycan)” da müştərilərini sığortalayan banklardandır. Belə ki, bu bankdan fiziki şəxslər üçün nağd kreditlərin verilməsi zamani bütün müştərilərə fərdi qəza sığortaları tətbiq olunur. Götürülmüş kreditin məbləğindən asılı olaraq komissiya haqları dəyişir. Başqa sözlə, bankın kredit məhsullarına əsasən bu məbləğ minimum 15 manatdan başlayır, maksimum 79 manat arasında dəyişir. Fərdi qəza sığortaları məhz vəfat edən və ya əmək qabiliyyətini qismən və ya tam itirən şəxslərin kredit borclarının sığorta şirkəti tərəfindən ödənilməsini təmin edir.

Borclu borclunun sağlığını istər...

İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, Azərbaycanda kredit götürən şəxslərin sığortalanması mexanizmi geniş inkişaf etməyib. Onun sözlərinə görə, bəzi banklar kredit üçün müraciət etmiş müştərilərini sığortalayır, bəzilər isə yox. “Bir qayda olaraq banklar sığorta haqqını komisyon haqqı hesabına ödəyirlər. Müştərinin sığortalanması yaxşı təcrübədir. Çünki, bizim müşahidələr göstərir ki, bir sıra hallarda kredit götürən şəxs dünyasını dəyişəndə öhdəlik zaminlərin və ya vəfat etmiş şəxsin ailəsinin üzərinə düşür. Qanunvericilikdə müştərinin sığortalanması məcburi xarakter daşımır. Bu addım bankların üzərinə düşür. Bəzən müştəri əlavə xərcdən qaçmaq üçün sığortalanmaqda maraqlı olmur. Onsuz da banklar kredit məbləğinin 6-7%-ni özünə komisyon haqq kimi götürür”, - deyə S. Əliyev vurğulayıb.

Vəkil Əkrəm Həsənov isə bildirib ki, banklar xüsusilə, böyük məbləğdə kreditləri və ipoteka kreditlərini sığortalamaqda maraqlı olur. Amma digər hallarda banklar müştəri və kreditləri sığortalamağa həvəs göstərmir: “Çünki, bu son nəticədə kreditin qiymətini qaldırır. Kimsə gəlib 10 min manat kredit alırsa və bank da müştəriyə özünü sığortalamaq tələbi qoyursa, bu artıq o deməkdir ki, həmin kredit borcalana ucuz başa gəlməyəcək. Nəticədə banklar müştəri itirəcək. Ona görə də, banklar bunu etmirlər. Amma prinsipcə banklar borclunun sığortalanmasını istəyər ki, sabah müştərinin başına iş gəlsə, bankın kreditin ödənilməməsi problemi ilə üzləşməsin. Bizdə kredit faizləri yüksəkdir. Yəni, problemi bank sistemində axtarmaq lazımdır. Əgər bir müştəri kredit üzrə 20%-dən çox məbləğ ödəyirsə, hələ əlavə olaraq bunun üzərinə sığorta haqqını da ödəmək müştərilər üçün çox çətindir. Hesab edirəm ki, banklar faizləri aşağı salsaydılar, müştərilərin sığortaya marağı artardı”.

Bank sektorunda çalışanların dediklərindən belə məlum olur ki, banklar tərəfindən kredit borcu olan şəxslərin fərdi qəza və həyat sığortası üzrə, eləcə də təminat olaraq təqdim olunan daşınmaz əmlak, avtomobilin sığortalanmasına münasibət fərqlidir. Daha doğrusu bankların əksəriyyəti müştəri və krediti sığortalamaqda maraqlı deyil. Belə banklar borc öhdəliyini ailə üzvlərindən və ya zaminlərdən tələb edir. Bu banklardan fərqli olaraq digər banklar vəfat edən şəxsin kredit borcunu sığortalamaqla ödənişi sığorta şirkətlərindən alır. Banklar arasında məsələyə həssaslıqla yanaşanlar da var. Belə banklar kredit borcunu bankın zərəri hesabına silir. Müştərilərə gəlincə, onlar arasında da sığortaya fərqli münasibət var. Bəzi müştərilər sığortaya maraq göstərsə də, digərləri bu halda komisyon da daxil olmaqla, onlardan daha çox məbləğ tutulduğundan sığortalanmağa meyl etmir. Bir sözlə, vəfat edən müştərinin kredit borcunun tələb edilib-edilməyəcəyi bankdaxili prosedurdan asılı olur.

Bank Olmayan Kredit Təşkilatlarında (BOKT) da vəziyyət eynidir. Ölkədəki BOKT-lardan birinin kredit departamentinin rəhbəri Elgiz Dadaşov deyir ki, təmsil etdiyi maliyyə müəssisəsi vəfat edən müştərinin ailəsinin imkanı yoxdursa, kredit borcunu silir. Amma bunun üçün ölüm kağızı, ailə üzvləri və zaminlərinin maddi imkanının olmaması ilə bağlı ərizə tələb olunur. “Biz müştəriləri sığortalayıb-sığortalamamaqla bağlı qərar verməmişdən əvvəl statistika apardıq. Nə qədər kredit vermişik, müştərilərdən neçə nəfər vəfat edib və biz nə qədər məbləğ silmişik. Məlum oldu ki, biz satış - verilmiş kreditin 0,01%-ni silmişik. Amma sığorta şirkətinin bizə təklif etdiyi şərtlərlə razılaşsaydıq, biz satışın 1%-ni verməli idik. Başqa sözlə, sığortaya sildiyimiz məbləğdən qat-qat artıq pul verməli idik. Ona görə də, qərara gəldik ki, vəfat edən müştəri olanda ailə üzvləri və zaminlərin borcu ödəmək imkanı yoxdursa, onun borcunu silək”, - deyə E. Dadaşov vurğulayıb.

Sığorta şirkətlərində isə deyirlər ki, müştərilərin sığortalanması ilə bağlı banklara fərdi təkliflər olur. Bəzi sığorta şirkətləri bank və BOKT-ların müştərilərinin sayı, cins və yaş tərkibi, eləcə də fəaliyyətləri ilə bağlı statistikasını təhlil edir və bu göstəriciyə uyğun fərdi təkliflər irəli sürülür. Risk qruplarından, eləcə də kreditin məbləğinin tam və ya qismən sığortalanmasından asılı olaraq fərqli sığorta tarifləri tətbiq edilir. Məsələn, 30 yaşında olan müştəri 1000 manat məbləğində kredit götürürsə, banklardan asılı olaraq sığorta haqqı təxminən 20-40 manat arasında dəyişir. Amma kreditin məbləği yüksəkdirsə və məbləğ tam sığortalanırsa, sığorta haqları da yüksək olur. Misal üçün 100 000 manatlıq kreditin 50 min manatı və ya tam məbləğ də sığortalana bilər. Bu zaman sığorta haqları fərqli olur. Qismən sığortalanmış kreditdə hansı məbləğ sığortalanıbsa, ona uyğun sığorta haqqı hesablanır və ödəniş də müqavilənin şərtlərinə uyğun həyata keçirilir. Bir sözlə, sığorta haqları sığorta müqaviləsinin şərtlərindən asılı olaraq dəyişir. Amma istənilən halda, sığorta müqaviləsi varsa, sığorta şirkəti vəfat edən şəxsin kreditinin ödənilməmiş hissəsini tam ödəməyə borcludur.

Qanun nə deyir?

Vəkil Əkrəm Həsənov deyib ki, müştərinin vəfat etməsi barədə məlumat alan bank borcun dərhal ödənilməsini tələb edə bilər. Və ya əksinə bankın razılığı olarsa, borcu vəfat edən müştərinin yaxınları da ödəyə bilər: “İkitərəfli razılaşma varsa, qohumları, varisləri həmin borcu üzərinə götürürsə, bu halda bankın da razılığı tələb olunur. Bank onlarla kredit müqaviləsi bağlayırsa, artıq bundan sonra bankın qarşısında borc öhdəliyini həmin şəxslər daşıyır. Amma bankın razılığı olmadan bu hal mümkün deyil. Bank müştəri öldüyünə görə borcu dərhal qaytarmağı tələb edə bilər. Çünki, müştəri vəfat edəndə kredit müqaviləsi qüvvəsini itirir”.

Onun sözlərinə görə, müştəri vəfat edibsə, təminatsız kredit olsa belə, borc onun əmlakı hesabına qaytarılmalıdır. Amma ölən müştərinin əmlakına sahib olan şəxs krediti miras həddində qaytarmalıdır: “Məsələn, vəfat edən şəxsin banka 10 min manat borcu qalıb. Amma onun qoyduğu miras cəmi 5000 manat edirsə, o halda varislərin yalnız 5000 manat həddində krediti qaytarmaq öhdəliyi var. Əgər borc 50 min manatdırsa və birgə nikah dövründə əldə edilən evin qiyməti 60 min manatdırsa, bank 30 min manatdan artıq pul tələb edə bilməz. Çünki, ev birgə nikah zamanı alındığından evin dəyərinin yarısı vəfat etmiş şəxsin həyat yoldaşının sayılır. Əks halda, yəni ev nikaha daxil olmamışdan əvvəl əldə edilibsə, bank evin bütövlükdə ödənişə yönəldilməsini məhkəmə yolu ilə tələb edə bilər”.

Vəkil əlavə edib ki, varislər öz əmlakları hesabına krediti qaytarmağa borclu deyil: “Yalnız miras qalan əmlakı satışa çıxarılmalıdır, əldə edilən pul hesabına borc ödənilməlidir”.

Başqa sözlə, vəfat etmiş müştərinin əmlakı yoxdursa, onun borcuna görə ailəsi heç bir öhdəlik daşımır. Yeri gəlmişkən, bu tipli fors-major hallarda faizlərin hesablanması dayandırılır. Bunun üçün müştərinin dünyasını dəyişdiyini göstərən rəsmi sənəd – ölüm haqqında şəhadətnamə banka təqdim edilməlidir. Şəhadətnamə banka təqdim edildiyi andan etibarən faizlərin hesablanması dayandırılır.

Təminatlı kreditə gəlincə, müştəri vəfat edəndə zamin öhdəlik götürdüyündən borcu qaytarmağa görə cavabdehlik daşıyır. Əgər zamin yoxdursa, o zaman girov qoyulan əmlakın satılması yolu ilə borcun ödənilməsi həyata keçirilir.

İqtisadçı-ekspert Samir Əliyev vəkillə eyni fikri bölüşür. O mülki və bank qanunvericiliyini əsas gətirərək qeyd edib ki, müştəri dünyasını dəyişəndə borcun qaytarılması öhdəliyi birbaşa zaminlərə keçir. Mülki Məcəllənin 510-cu maddəsində qeyd edilib ki, əgər borclulardan birinin ödəniş qabiliyyəti olmazsa, ona düşən pay ödəniş qabiliyyətli bütün digər borclular arasında mütənasib surətdə bölüşdürülür. Əgər kredit götürən zamanı girov qismində əmlak qoyulubsa, bu halda həmin əmlakın satılması hesabına borc qaytarılır.

Samir Əliyevin fikrincə, indi əsas problemlərdən biri də təminatsız kreditlərin qaytarılması ilə bağlıdır. Vəkildən fərqli olaraq iqtisadçı-ekspert təminatsız kreditə borcun tələb olunmasını düzgün saymır: “Bu halda bir sıra hallarda bankların ölən şəxsin ailəsinə krediti ödətdirirlər. Fikrimcə, Mülki Məcəllənin 558-ci maddəsi bu məsələdə bankların addımını qanunsuz edir. Məcəllənin 558.1-ci maddəsində borclunun ölümü, yəni şəxsi iştirakı olmadan icrası mümkün olmayan öhdəliyin xitamı nəzərdə tutulur. Bu isə ölmüş müştərinin kredit müqaviləsinə xitam verilməsi üçün əsasdır”.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR