OPEC: Səkkiz ildə ilk dəfə orta məxrəcə gələn tərəfdaşlar - TƏHLİL

OPEC: Səkkiz ildə ilk dəfə orta məxrəcə gələn tərəfdaşlar - <span style="color: red;">TƏHLİL
# 29 sentyabr 2016 12:25 (UTC +04:00)

Əksər analitiklərin və ekspertlərin səsləndirdiyi fikirlərin əksinə olaraq, ötən gün Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri sutkalıq neft hasilatının hazırkı 33,24 mln. barreldən 32,5-33 mln. barrelədək endirilməsi barədə razılığa gəliblər. Sözügedən razılıq bazar üçün gözlənilməz idi. Düzdür, bu qərar hələlik qeyri-formal status daşıyır. Yekun, rəsmi qərar OPEC üzvlərinin noyabrda Vyanada keçirəcəyi iclasda veriləcək. Həmin görüşdə hər bir ölkə üzrə kvotanın həcmi və hasilatın azaldılması ilə bağlı dəqiq tarix açıqlanacaq. Qeyri-formal olsa da, əldə olunan razılıq bazarı alovlandırıb. Bu hadisədən sonra bir neçə saat ərzində Brent neftinin qiyməti 6% artaraq 49 dollara yaxınlaşıb. Bu, heç də təəccüblü deyil. Çünki OPEC üzvləri son 8 ildə ilk dəfə olaraq hasilatın azaldılması ilə bağlı konsensusa gəliblər.

Doğrudan da OPEC üzvləri tərəfindən hasilatın azaldılması ilə bağlı verilən qərar bazar üçün xoş sürpriz oldu. OPEC üzvü olan ölkələrin energetika nazirləri bu il bir neçə dəfə görüşsə də, konsensusa gələ bilməyiblər. İran sutkalıq hasilatı 4 mln. barrelədək artırmağı planlaşdırırdı. Qərb ölkələri tərəfindən qonşu ölkəyə qarşı sanksiyalar yürüdüldüyü vaxtadək İran sutkada məhz bu qədər neft istehsal edib. Küveyt isə dəfələrlə bildirib ki, ucuz neft dövründə bazar payını artırmağı planlaşdırır. Səudiyyə Ərəbistanı isə bir tərəfdən hasilatın dondurulmasında israr edirdi, digər tərəfdən isə öz bazar payını İrana vermək istəmirdi. Yadınıza salın, hamı aprel ayında Qətərin paytaxtı Doha şəhərindəki toplantıya hazırlaşdığı vaxtda, İranın neft naziri Bijan Namdar Zənganə hamıya uğurlar arzuladı və görüşə getmədi. Bunun ardınca Səudiyyə Ərəbistanın energetika naziri Əli an-Nuaymi İranın görüşdə iştirak etməməsinə işarə edərək danışıqları yarımçıq qoydu. Halbuki, 17 saat davam edən görüşün iştirakçıları konsensusun əldə olunması üzərində baş sındırırdı. Yeri gəlmişkən, bu addımdan sonra Səudiyyə Ərəbistanının naziri istefaya göndərildi.

Əlcəzair görüşündən öncə Zənganə və Səudiyyə Ərəbistanının yeni energetika naziri Xalid əl-Falih jurnalistləri əmin edirdi ki, görüş iştirakçıları "hamı ilə məsləhətləşmələr aparacaq". Başqa sözlə, neftin hasilatının dondurulması ilə bağlı hər hansı qərarın qəbul olunması nəzərdə tutulmayıb.

Əlcəzairdəki görüş 6 saat davam edib. Daha bir maraqlı məqam odur ki, danışıqların nəticələri prosesin gedişatında mətbuata sızmağa başladı. Danışıqların yekununa yaxın neftin 1 barrelinin qiyməti birjada 50 dolları ötdü.

Yay aylarında neftin qiyməti aktiv şəkildə artsa da, 50 həddini aşa bilmədi. Avqust-sentyabr ayları ərzində isə qiymətlər ümumiyyətlə 44-45 dollar həddində idi. Əlcəzair görüşünün iştirakçıları bildirirdi ki, gələn ilin əvvəlinə gözlənilən tələb-təklif balansı ən yaxşı halda 2017-ci ilin sonunadək təxirə salınır. "Biz bazarda 2016-cı ilin sonunadək balansın yaranacağını gözləyirdik. Lakin indi bundan əmin deyilik. Biz bəzi variantlar üzərində işləyirik", - deyə Qətərin neft naziri Məhəmməd əs-Səda bildirib. OPEC-in baş katibi Məhəmməd Barkindo isə izah edib ki, neft anbarları doludur və hazırda hasil olunan neftin saxlanılması üçün yer yoxdur. Başqa sözlə, baş katib ehtiyatların azaldılmasını təklif edir. Onun təqdim etdiyi rəqəmlərə inansaq, hazırda 3 mlrd. barrel neft ehtiyat kimi qorunur. Venesuelanın neft naziri Eulohio del Pinyo isə deyib ki, hasilatın dondurulması bazardan sutkada 1 mln. barrel neftin çıxarılmasına və ehtiyatların azalmasına səbəb olacaq.

Bir daha qeyd edək ki, hasilatın hansı həcmdə və nə vaxt azaldılması kimi məsələlər OPEC-in noyabrda keçirəcəyi iclasda müzakirə olunacaq. Bu arada "Bloomberg" yazır ki, Əlcəzair tərəfdaşlarına ümumi hasilatın avqust ayı ilə müqayisədə 796 min barrel azaldılmasını təklif edib. Səudiyyə Ərəbistanı sutkalıq hasilatı 442 min barrel azaldaraq 10,145 mln. barrelə çatdıracaq. İraq hasilatı 135 min barrel, Küveyt 87 min barrel, BƏƏ 155 min barrel azaldacaq. İran üçün 3,7 mln. barrel/sutkada kvotası məsləhət görülüb. Beləliklə, İran sutkalıq hasilatı 52 min barrel artıracaq. Vətəndaş müharibəsi və terror təşkilatlarının hücumundan əziyyət çəkən Nigeriya və Liviyaya imtiyazlar verilib.

Məntiqlə, İranı bu cür yanaşma razı salmalıdır. Bu ölkənin neft naziri iclasdan sonra olduqca razı görünürdü. O, bildirib ki, OPEC-in qərarı tarixi əhəmiyyət daşıyır. Bununla yanaşı, İran OPEC daxili hasilatın 12-13%-nə yiyələnməkdə israrlıdır.

Əlcəzair görüşündə hasilatın dondurulması ilə bağlı danışıqların uğurla başa çatmasına daha çox həmin tədbirdə iştirak etməyən Rusiya arzulayırdı. Düzdür, Rusiya danışıqları bir neçə uğursuz cəhddən sonra dayandırdı. Maraqlıdır ki, görüş ərəfəsində Rusiyada sutkalıq neft hasilatı 11,09 mln. barrelə çatdı və bununla da rekord yeniləndi. Təbii ki, qəbul olunan qeyri-formal və qəbul olunacaq rəsmi qərar Rusiyaya yalnız sərf edir.

Yeri gəlmişkən, OPEC isə kartelə daxil olmayan ölkələri də hasilatı azaltmağa çağırır. Təbii ki, bu, yalnız çağırışdır.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR