Prezident seçkilərinin kölgəsində qalan FED-in noyabr iclası - TƏHLİL

Prezident seçkilərinin kölgəsində qalan FED-in noyabr iclası - <span style="color: red;">TƏHLİL
# 02 noyabr 2016 10:33 (UTC +04:00)

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu gün başa çatacaq ikigünlük iclasda uçot dərəcəsini (hədər diapazonu 0,25-0,5%) dəyişməz saxlayacaq. İqtisadçıların mütləq əksəriyyəti bu fikri səsləndirir. İqtisadçılar onu da əminliklə deyir ki, uçot dərəcəsi 13-14 dekabr tarixlərində keçiriləcək FED-in növbəti iclasında artırılacaq. Başqa sözlə, noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinədək superdövlətin mərkəzi bankı dolları bahalaşdırmayacaq.

"Fox Business" yazır ki, FED bugünkü iclasda uçot dərəcəsinin artırılmasına bir dəfə də olsun işarə etməyib. Canet Yellenin rəhbərlik etdiyi tənzimləyici gözlənilməzliklərdən kənardır. Çünki sürprizlər maliyyə bazarlarında ciddi təlatümə səbəb ola bilər.

Bazar iştirakçılarının yalnız 6%-i bugünkü iclasda uçot dərəcəsinin artırılacağına inanır. FED-in 23 ilkin dilerindən heç biri isə uçot dərəcəsinin artırılacağını gözləmir. Qəfil artım FED-in ünvanına ciddi tənqidlərin səslənəcəyinə səbəb ola bilər. Ən azından ona görə ki, tənzimləyici bazarı bu addıma hazırlamayıb.

Heç şübhəsiz ki, FED-in bugünkü iclasının əsas müzakirə mövzusu iqtisadi göstəricilərlə yanaşı prezident seçkiləri də olacaq.

"Böyük ehtimalla, FED noyabrın, yəni prezident seçkilərinin keçirildiyi ayın üstündən xətt çəkib", - deyə "Standard Chartered Bank"ın analitiki Divya Deveş bildirib. Onun sözlərinə görə, FED-in bu il ümumiyyətlə uçot dərəcəsini artırmayacağı ehtimalı 60%-dir.

"Barclays" bankı isə dekabrda uçot dərəcəsinin artırılacağına inanır. "Biz hələ də dekabr ayına köklənmişik və təkrar edirik ki, əmək bazarındakı proseslər və inflyasiya göstəriciləri uçot dərəcəsinin artırılacağına dəlalət edir", - deyə bankın açıqlamasında bildirilir.

FED-in bu il üçün sonuncu iclasınadək əmək bazarı ilə bağlı iki (oktyabr və noyabr) statistika açıqlanacaq.

"Uçot dərəcəsinin dekabrda artırılacağı ehtimalının 70% səviyyəsində olması FED-ə öz hərəkətlərində azadlıq verir", - deyə "Credit Suisse" bankının analitikləri hesab edir.

Səslənən fikirlərə baxmayaraq hesab edirik ki, uçot dərəcəsinin dekabrda artırılacağını həll olunmuş məsələ hesab etmək olmaz. Çünki prezident seçkilərində hər hansı namizədin asan qələbə qazanacağı da bəlli deyil. Aparılan sosioloji sorğuların nəticələri göstərir ki, Hillari Klinton və Donald Trampın şansları bərabərdir.

Elə "Credit Suisse" də bunu nəzərə alaraq uçot dərəcəsinin 2017-ci ildə, konkret olaraq iyun və dekabr aylarında artırılacağını proqnozlaşdırır.

"Wall Street Journal" isə yazır ki, yeni prezident büdcə-vergi sistemi ilə aktiv şəkildə məşğul olduğu təqdirdə FED uçot dərəcəsinin artırılacağına can atacaq: "FED rəsmiləri bildirir ki, iqtisadi artımın stimullaşdırılması ilə bağlı öhdəliklərini hökumətlə bölüşməkdən şad olardılar. Bununla da onlar büdcə defisitini aradan qaldırmaq üçün monetar siyasəti sərtləşdirə bilərlər".

Boston ştatının Federal Ehtiyat Bankının prezidenti Erik Rozenqren bildirib ki, fiskal siyasət daha çox iqtisadi artımın stimullaşdırılmasına yönəlsəydi, əlavə monetar stimula ehtiyac olmazdı.

"Pacific Investment Management Co." şirkətinin analitiki İoahim Fels isə bildirir ki, diqqəti pul-kredit siyasətindən büdcə siyasətinə çevirmək maliyyə bazarları üçün ciddi problemlər yarada bilər. Bu addım FED-in də işini çətinləşdirə bilər.

ABŞ prezidentliyinə hər iki namizəd bildirir ki, ölkə başçısı olduğu halda infrastruktur xərclərinin artırılacağına nail olacaqlar. Xanım Klinton konkret investisiya layihələri üzərində dayandığı halda, cənab Tramp vergi faizlərinin azaldılmasını təklif edir.

İlkin Əhmədov, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR