Son 1 ildə Azərbaycanda kredit götürənlərin sayı 318 min nəfərə yaxın artıb

Son 1 ildə Azərbaycanda kredit götürənlərin sayı 318 min nəfərə yaxın artıb
# 10 avqust 2015 11:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin iyun ayı ilə müqayisədə 2015-ci ilin eyni dövründə cəmi borcalanların sayı 14,85%, başqa sözlə, 317 631 nəfər artaraq bu ilin iyul ayının 1-nə 2 mln. 456 min 517 nəfər təşkil edib. “APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 11 min 049 nəfəri hüquqi, 2 mln. 423 min 077-si fiziki şəxs, 22 min 391 nəfəri sahibkarlıq subyektidir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2014-cü ilin iyun ayından indiyədək daha 312 677 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 587 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 4367 nəfərlik artım olub.

Təkcə 2015-ci ilin may ayı ilə müqayisədə iyunda bankdan kredit götürən fiziki şəxslərin sayında 21 263, sahibkarlıq subyektlərinin sayında 425, hüquqi şəxslərin sayında isə 70 nəfərlik artım olub.

Bu ilin iyun ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 241 685 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 6743 və ya 2,71% azalıb. Bu sorğuların 228 617-si banklar tərəfindən daxil olub. 13068 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

2015-ci ilin may ayı ilə müqayisədə iyun ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında azalma var. Başqa sözlə, mayda 14554 nəfər kredit tarixcəsini öyrənmək istəyib, iyunda bu göstərici 13068-ə düşüb. Başqa sözlə, may ayı ilə müqayisədə iyunda fiziki şəxslərin sorğularının sayı 10,21% azalıb.

İyun ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 456 517, kredit məlumatlarının ümumi sayı isə 10 024 423 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 141 528-dir.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR