Azərbaycanda kredit götürənlərin sayı artmaqdadır - TƏHLİL

Azərbaycanda kredit götürənlərin sayı artmaqdadır - <span style="color: red;">TƏHLİL
# 10 mart 2016 09:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar ayı ilə müqayisədə 2016-cı ilin eyni dövründə cəmi borcalanların sayı 8,91%, başqa sözlə, 208 683 nəfər artaraq bu ilin fevral ayının 1-nə 2 mln. 550 min 916 nəfər təşkil edib. “APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 11 min 312 nəfəri hüquqi, 2 mln. 515 min 490-ı fiziki şəxs, 24 min 114 nəfəri sahibkarlıq subyektidir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2015-ci ilin yanvar ayından indiyədək daha 204 875 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 490 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3318 nəfərlik artım olub.

Təkcə 2015-ci ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarda bankdan kredit götürən fiziki şəxslərin sayında 5 074, sahibkarlıq subyektlərinin sayında 85, hüquqi şəxslərin sayında isə 33 nəfərlik artım olub.

Bu ilin yanvar ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 87 092 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 3,89 dəfə azalıb. Bu sorğuların 64 338-i banklar tərəfindən daxil olub. 22754 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

2015-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ötən ilin yanvarında 15873 nəfər kredit tarixcəsini öyrənmək istəyib, bu ilin eyni dövründə isə bu göstərici 22754-ə yüksəlib. Başqa sözlə, son 1 ildə fiziki şəxslərin sorğularının sayı 43,6% artıb.

Yanvar ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 550 916, kredit məlumatlarının ümumi sayı isə 10 797 290 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 216 580-dır.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR