Süni bahalaşmanın qarşısını almağın yolu: sərt tənzimləmə siyasəti - XARİCİ TƏCRÜBƏ

Süni bahalaşmanın qarşısını almağın yolu: sərt tənzimləmə siyasəti - <span style="color: red;">XARİCİ TƏCRÜBƏ
# 13 yanvar 2016 10:54 (UTC +04:00)

Ötən ilin dekabrında keçirilmiş devalvasiyadan sonra istehlak bazarında çox neqativ proseslər başlayıb. İlk növbədə əksər mallar üzrə qiymət artımı müşahidə olunur. Manatın dollara qarşı ucuzlaşdırılmasından sonra idxal edilən mallar üzrə qiymət artımı gözlənilən olsa da, bahalaşma ölkədə istehsal olunan mallara nəzərən də müşahidə olunur, bahalaşma yerli kənd təsərrüfatı mallarında da nəzərə çarpır.

Faktiki olaraq, devalvasiya şəraitində malları iki qrupa bölmək olar. Birincisi, idxal malları və ya istehsal üçün xammal idxalı nəzərdə tutulan mallar, ikincisi isə yerli istehsal və istehsal prosesində xarici valyutanın iştirak etmədiyi mallar. Birinci qrup üzrə qiymət artımı izah olunandır, ikinci qrup üzrə isə artım isə sırf süni xarakteri daşıyır. Son zamanlar ölkədə bütün mallar üzrə qiymətlərin artımı başladıqdan sonra ölkə rəhbərliyi süni qiymət artımına qarşı mübarizə elan edilib və bu prosesə hətta hüquq-mühafizə orqanların cəlb edilməsi nəzərdə tutulub. Amma süni qiymət qaldırma ilə mübarizə kompleks tədbirdir və bir neçə mərhələləri nəzərdə tutur. Bu baxımından həmin sahədə dünya təcrübəsinə nəzər salmaq faydalı olardı.

İlk növbədə qeyd etmək lazımdır ki, hətta, bazar iqtisadi prinsiplərinə əsasən fəaliyyət göstərən inkişaf etmiş ölkələrdə qiymətlər sərbəst şəkildə, təklif və tələbat əsasında təyin olunursa belə, dövlət qiymət qoyma prosesinə fəal müdaxilə edir. Bu həm inkişaf etmiş dövlət sektoruna malik ölkələrə (Almaniya, Fransa, Yaponiya), həm də dövlət sektoru çox kiçik olan ölkələrə (məs. ABŞ) də aiddir. Heç bir ölkədə qiymətlər başlı-başına buraxılmır. Dövlət tərəfindən qiymətləri tənzimləyən sahələr sırasında yanacaq, rabitə, kommunal və digər təbii inhisarçılığa aid olan sahələrdir. Bu əksər ölkələrdə, o cümlədən də Azərbaycanda var.

Amma bizi əsasən istehlak bazarı maraqlandırır. İlk növbədə qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrində dövlətin qiymətlər sahəsinə müdaxiləsi qiymətlərin tək artımı deyil, aşağı düşməsinə qarşı da yönəldilir. Buna görə, məsələn, Avropa İttifaqında əksər mal və məhsullar üzrə minimal və maksimal qiymətlər müəyyən olunur və müvafiq qurumlar həmin malların qiymət dəhlizdən çıxmaması üçün çalışırlar. Bu əsasən aqrar sənayeyə aiddir. Bu sahədə bir neçə alət istifadə olunur, amma onların hamısı ən vacib məhsullar üzrə minimal və maksimal topdansatış qiymətlərin təyin olunmasına xidmət edir. Beləliklə, dövlətin müdaxiləsi ondan ibarətdir ki, minimal və maksimal qiymətləri təyin edir. Maraqlıdır ki, əgər topdansatış qiymət dəhlizdən kənara çıxma ehtimalı olsa, dövlət subsidiya siyasətini həyata keçirir ki, nəticədə həm fermerlər, həm onların məhsullarını alanlar əlavə itkilərə məruz qalmasın. Aydındır ki, bunun üçün vəsaitlər tələb olunur, amma qeyd etmək lazımdır ki, belə birbaşa müdaxilə daimi həyata keçirmir, bu mexanizmlər əsasən fövqəladə hallar üçün nəzərdə tutulur. Adi hallarda isə dövlət dolayı müdaxilələr edir. Buraya vergi, gömrük mexanizmlərini və əsasən də antiinhisar tədbirlərini aid etmək lazımdır.

Bəzi ölkələrdə qiymətlərin tənzimlənməsi ilə xüsusi qurumlar məşğuldur. Ən sərt qiymət tənzimlənməsi sistemlərindən biri Avstriyada mövcuddur. Burada “Qiymətlər haqqında qanun”a əsasən, hökumət bir sıra mal və xidmətlərə qiymətləri özü təyin edir, bəzi mallar üzrə isə (böhran şəraitində) 6 ay müddətinə qiymətlərin sərt tənzimlənməni tətbiq edə bilir. Avstriyanın xüsusiyyəti həmçinin ondan ibarətdir ki, idxal olunan qiymətlər hökumət tərəfindən tənzimlənir. Bu necə həyata keçirilir? Qiymətlər çox sadə qaydada - “daxili qiymətlər = faktiki idxal qiymətini + HAQLI xərclər + idxalçının gəliri” düsturla hesablanır. Dövlət böhran şəraitində, istehlak bazarında inflyasiyanın artımı ehtimalı şəraitində gəlir miqdarına da nəzarət edilə bilər. Prosesə nəzarət xüsusi orqanlar və polis tərəfindən həyata keçirilir, burada külli miqdarda cərimələr nəzərdə tutulur.

Bu sahədə daha bir mexanizmi də qeyd etmək lazımdır, bu mexanizmdən bəzi ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə istifadə olunur. Bu, sahələr üzrə maksimal rentabelliyin müəyyən edilməsidir. Aydındır ki, bu mexanizm tətbiq ediləndə, satış şəbəkələri satdığı mala istənilən qiyməti qoya bilməz, çünki bu hesabatlarda və rentabelliyinin həddən artıq şişirdilməsində əks olunacaq. Qeyd edək ki, Avropanın əksər ölkələrində ilk ehtiyac duyulan mallar üzrə sərt dövlət qiymət nəzarəti var, burada maksimal qiymətlərə mütəmadi olaraq, cari iqtisadi vəziyyətə uyğun yenidən baxılır. Hətta qiymətlər dondurula bilər. Məsələn, İsveçdə müharibə və ya digər böhran şəraitində hökumət əsas mallar üzrə qiymətləri dondura bilər, aqrar məhsullar üzrə qiymətlər isə daimi nəzarət altındadır və hər növbəti il üçün əsas mallar üzrə maksimal qiymətlər təyin edilir. Avropa İttifaqında inhisarçılığa qarşı (ümumi qaydalardan başqa) maraqlı bir tələb var. Əgər hər hansı bir birləşmə baş verirsə və ya hər hansı firma qiymətlərə təsir edə biləcək əməliyyatlarda iştirak edirsə, müvafiq hesabat verməlidir. Əgər müəyyənləşsə ki, əməliyyat nəticəsində firmanın mallarının qiymətləri 5% artıb, müvafiq komissiya həmin firmanın fəaliyyətini dayandıra bilər. Bundan əlavə, əlbəttə ki, kartel sövdələşməyə ciddi nəzarət mövcuddur. Əgər eyni xarakterli mallar üzrə bütün ticarət nöqtələrində süni qiymət artımı baş verirsə, kartel sövdələşməni sübut etməsinə yönəldilən araşdırma başlayır və fakt aşkar edilərsə, ciddi tədbirlər görülür.

Qeyd edək ki, hazırda kartel sövdələşmə mexanizmi Azərbaycanda elə bir miqyas alıb ki, faktiki olaraq bütün malları əhatə edir. Devalvasiya prosesi, xüsusən də bir il ərzində milli valyutanın 2 dəfə ucuzlaşdırılması çox və çox fövqəladə hallara aid edilə bilər, amma hökumət tərəfindən qiymət artımına qarşı işlək mexanizm yoxdur. İlk əvvəl yerli istehsaldan başlamaq mümkündür. Burada yuxarıda idxala aid düsturu daha da sadələşdirərək istifadə etmək və yerli istehsal malları üzrə qiymətləri dondurmaq versiyası üstündə düşünülə bilər. Burda Azərbaycanın bazar iqtisadiyyatı qaydalarına uyğun yaşaması və bu səbəbdən qiymətlərə müdaxilə edilməsinin doğuracağı mənfi reaksiyalar barədə rəylərlə bağlı arqument heç də yerində olmur. Çünki bazar iqtisadiyyatına malik olan ölkələr, o cümlədən Avropa ölkələrində dövlət qiymətləri tənzimləyir, böhran şəraitində isə bu tənzimlənmə çox sərt ola bilər. Hazırda heç bir bazar iqtisadiyyatı ölkəsində qiymətlər sahəsində nəzarətsizlik yoxdur.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, daha operativ tədbirlər dövlət tərəfindən qiymətlərin sərt tənzimlənməsidir. Struktur islahatlarının həyata keçirilməsi öz yerində, amma vəziyyəti burada və indi yalnız sərt tənzimlənmə düzəldə bilər.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR