TAP Azərbaycana lazımdırmı? - TƏHLİL

TAP Azərbaycana lazımdırmı? -<span style="color: red;"> TƏHLİL
# 21 dekabr 2015 15:02 (UTC +04:00)

Azərbaycanın “Şahdəniz II” yatağından çıxan təbii qazın Avropaya nəqlini nəzərdə tutan “Trans Adriatic Pipeline” (TAO) layihəsinin gerçəkləşməsi hələ də sual altındadır. Səbəb isə qeyri-adi deyil - layihənin icrası üçün tranzit imkanlar təklif edən ölkələr, ilk növbədə Yunanıstan TAP-dan siyasi divident qazanmaq üçün istifadə etməyə çalışır və bununla kəmərin çəkilişi üçün daş daş üstə qoymur. Layihəyə əsasən uzunluğu 800 kilometr olacaq qaz kəmərinin 478 kilometri Yunanıstan ərazisindən Albaniyaya uzanır, oradan Adriatik dənizinin altı ilə çəkiləcək 105 kilometrlik kəmər Azərbaycan qazını İtaliyaya çatdırır. Kifayət qədər bahalı olan kəmərin inşası üçün çəkilən xərclər özünü artıqlaması ilə doğruldur. Lakin Avropada siyasi və iqtisadi böhran iştirakçı dövlətlərin layihəyə nəinki marağını azaldır, eyni zamanda bu dövlətlər tranzit imkanlarını digər tərəflərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Yunanıstan və Albaniyanın iqtisadi durumu zatən məlumdur, Afina həm də özünün ön kiçik strateji üstünlüklərindən belə Avropaya, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir.

Enerji bazarında alıcı deyil, satıcı həmişə haqlı olur

Kəməri kim inşa etməlidir? Azərbaycan kəmərin inşasında maraqlıdır, çünki TAP “Şahdəniz II” qazının Türkiyə üzərindən Avropaya daşınması üçün əlavə imkanlar yaradır. Avropa da nəzəri baxımdan TAP layihəsinin gerçəkləşməsində maraqlıdır, Azərbaycan qazı Avropanın həm Rusiyadan enerji asılılığını azaldacaq, həm də enerji daşıyıcılarının nəqli marşrutlarının diversifikasiyasına imkan yaradacaq. Yunanıstan da layihəyə ayrıca maraq göstərir - TAP bu ölkənin ərazisindən keçdiyinə görə həm Yunanıstanın enerjiyə olan tələbatının böyük qismi ödənəcək, eyni zamanda Afina layihənin iştirakçısı kimi daha ucuz qiymətə qaz ala biləcək. Bundan başqa tranzit haqqı olaraq Yunanıstanın istər yanacaq formasında, istərsə nağd pul şəklində tranzit imkanlarını maddiləşdirmək imkanı yaranacaq. Nəzəri baxımdan TAP-ın inşasının başa çatmasında ilk növbədə Avropa, o cümlədən Yunanıstan maraqlı olmalıdır.

Lakin bu maraq özünü işdə göstərmir. Ortaya “bəs kəməri kim inşa edəcək” sualı çıxır və nədənsə Avropa bu istiqamətdə də atılacaq addımları Azərbaycandan gözləyir. Məntiqi baxımdan bu məsələdə diktə edən tərəf Azərbaycan olmalıdır. Azərbaycan zatən “Şahdəniz II”də hasil olunan qazı TANAP layihəsi vasitəsilə Türkiyə ərazisinə çatdırmaq imkanına sahibdir. Buradan qazın “Köhnə Dünya”ya ötürülməsində Azərbaycandan çox Avropa özü maraqlı olmalıdır. Avropalıların davranışları göstərir ki, onlar layihənin inşasını ləngitməklə Azərbaycanı bu məsələdə də maddi təşəbbüskarlıq göstərəcəyinə ümid bəsləyirlər. Məntiq və hesablama belədir - Azərbaycan Avropa bazarını, buradakı alıcıları itirməmək üçün son nəticədə TAP-ın Yunanıstandan keçəcək hissəsini maliyyələşdirmək üçün vəsait ayırmağa razılaşacaq, çünki Afinanın buna imkanı olmadığını Bakı da yaxşı bilir.

Amma hesablamalar səhvdir, yaxud mövcud geosiyasi durum avropalıların TAP-ı ləngitmək hesablamalarını alt-üst edir. Azərbaycanın öz qazını satmaq üçün alternativləri kifayət qədərdir. Türkiyənin mavi yanacağa tələbat hər il artır, Rusiya və İranın Ankara ilə siyasi münasibətlərinin gərginləşməsi fonunda bazarda yaranan boşluğun Azərbaycan qazı imkanına doldurulması onsuz da bir alternativ kimi nəzərdən keçirilir. TANAP layihəsi ildə 10 milyard kubmetr qazın Türkiyə ərazisindən keçərək Yunanıstan sərhədinə çatdırılmasını nəzərdə tutur. Artıq bu qaza Türkiyənin özünün ciddi ehtiyacı var. Rusiyanın Türkiyəyə nəql etdiyi qazın həcmini azaldacağı ilə bağlı manipulyasiyaları, üstəlik İranın ən çox ehtiyac duyulan vaxtda Türkiyəyə satdığı qazın həcmini artırmaqdan imtina etməsi faktları var və bu faktlar Ankaranı ciddi düşünməyə məcbur edir. Şimali İraqdan qaz nəqlinə başlayan Türkiyə tələbatın bir qismini də “Şahdəniz II” qazı hesabına təmin etməsin? “Əvvəl evin içi, sonra çölü” prinsipi Türkiyənin durumuna daha uyğun gəlir və “Şahdəniz II” qazının tam alıcısına çevrilməsi ehtimalını artırır.

Ən nəhayət, Avropa hər zaman Rusiyanı enerji faktorundan siyasi təzyiq vasitəsi kimi istifadədə günahlandırıb. Kifayət qədər əsaslandırılmış ittihamlardır, lakin nəzərə almaq lazımdır ki, Avropa özü də böyük həcmdə enerji alıcısı olması faktını zaman-zaman siyasi təzyiq vasitəsinə çevirir. Xəzər qazı Avropa üçün alternativ enerji mənbəyi olsa da, “Köhnə Dünya” bu üstünlükdən yararlanmaq əvəzinə, Azərbaycana “müştəri həmişə haqlıdır” prinsipi ilə yanaşaraq öz maraqlarını diktə etməyə çalışır.

Nəticə isə Avropanın enerji xəritəsini kökündən dəyişəcək TAP kimi layihələrin arxa plana keçirilməsi və gündəmdən düşməsidir. “Müştəri həmişə haqlıdır” prinsipi enerji bazarına uyğun gəlmir, bu bazarda diktə edən tərəf enerji daşıyıcıları təklif edən tərəfdir. Təkcə OPEK-in neftin qiymətlərini tənzimləməsini xatırlatmaq yerinə düşər. Avropaya qaz nəqli məsələsində də Azərbaycan diktə edən tərəf olmalıdır. Bu işə elə TAP layihəsindən imtina etməklə başlamaq olar. Onsuz da bu məsələdə Azərbaycanın itirəcəyi heç nə yoxdur. Satan məlum, alan məlum...

Vüqar MƏSİMOĞLU, APA ANALİTİK MƏRKƏZİ

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR