Ucuz neft siyasətinin qurbanları - TƏHLİL

Ucuz neft siyasətinin qurbanları - <span style="color: red;">TƏHLİL
# 27 sentyabr 2016 12:40 (UTC +04:00)

2008-2009-cu illərdə ABŞ-ın ipoteka krediti bazarında “kopüyün” partlaması ilə maliyyə böhranı başlayıb, bu proses sonradan real sektorda maliyyə likvidliyinin və pərakəndə bazarda təmin edilmiş tələbatın azalması səbəbindən iqtisadi böhrana çevrilib. 2010-2011-ci illərdə iqtisadi böhran Avropaya çatıb. Burada bir az fərqli cəhət müşahidə olunurdu – dövlət və korporativ böhran bəzi ölkələrin dövlət borclarının idarə olunmasında o dərəcədə çətinliklər yaradıb ki, bu ölkələr hətta defolt vəziyyətinə yaxınlaşıb. Nəhayət, 2014-2015-ci illərdə böhran Çini əhatə edib ki, dünyanın ən iri istehsalçılarından olan bu ölkədə iqtisadi problemlər sağalmağa cəhd edən dünya iqtisadiyyatına yeni bir zərbə vurub. Bütün bunlar təbii yolla və ya idarəetmə üsulu ilə neftin ucuzlaşmasına səbəb olub. Məsələnin təbii səbəblərin təsiri altında baş verdiyini düşünən ekspertlərin fikrincə, Çində istehsalın azalması bu ölkənin neftə olan tələbatını azaldıb. Paralel olaraq neft ixrac edən ölkələr arasında razılaşdırılmamış addımlar nəticəsində bazarda neft təklifi kəskin artmağa başlayıb ki, bu iki amil neftin kəskin ucuzlaşması ilə nəticələnib. Amma tarix göstərir ki, dünyada nə iqtisadi, nə siyasi sektorda heç bir ciddi və əhəmiyyətli hadisə təsadüfən və ya sırf təbii yolla baş vermir, hər şey idarə olunur. Bizim halda ehtimal etmək olar ki, neftin ucuzlaşmasını böhrandan daha çox zərər çəkən ABŞ və Avropa təmin edib. Hansı siyasi və ya iqtisadi vasitələrlə? Bu heç də vacib deyil, nəticə isə birdir: neft idxal edən ölkələrin iqtisadiyyatının bərpası üçün neftin ucuz olması sərfəli sayılırdı və buna müvafiq addımlar atılırdı. Məsələn, İrandan sanksiyaların götürülməsi və bazara əlavə gündə 2 mln. barel neft daxil olması ilə nəticələnib. Təsadüfdürmü? Fikrimizcə, Qərb ölkələr hesab edir ki, böhrandan çıxış üçün, iqtisadiyyatlara dəstək üçün ucuz neft lazımdır və nəticə budur:

Diqqət çəkən daha bir məqam neftin ucuzlaşma vaxtıdır. Niyə məhz 2014-cü ilin ortası? Niyə məhz bu zaman bazarda təklif artıb, tələbat azalıb? Bəlkə, həmin vaxt Avropada qəti başa düşüblər ki, təbii yolla, ənənəvi üsullarla iqtisadi inkişaf templərini bərpa etmək mümkün olmayacaq və əlavə bir stimul lazımdır? ABŞ-a ucuz neft hər tərəfdən sərf edirdi. Bu ucuz nefti almaqla öz ehtiyatlarını “qara günə” saxlamağa, digər tərəfdən Rusiyanı zəiflətməyə imkan verirdi. Amillər çoxdur, daha çoxlarını isə biz bilmirik, bilməyəcəyik də. Amma zərbə boşa çıxdı.

Neftin ucuzlaşmasından sonra bəzi ölkələr qrupu üzrə iqtisadi inkişaf göstəricilərini (%) təqdim edirik:

2013

2014

2015

Avrozona

-0,4

0,9

1,7

İnkişafda olan Avropa ölkələri

2,9

2,8

3,6

ABŞ

2,2

2,4

2,4

Yaponiya

1,6

-0,1

0,5

Çin

7,7

7,4

6,9

İnkişafda olan ölkələr

5,0

4,6

4,0

Beləliklə, cədvəldən bir neçə nəticə görmək olar. Məsələn, neftin kəskin ucuzlaşmasından sonra Avrozonada iqtisadi inkişaf templəri artıb, amma bu, birtərəfli yanaşma ola bilər və buna biz aşağıda qayıdacağıq. İkinci, Yaponiya və Çinin nümunəsində görünür ki, ucuz neft xeyr gətirməyib. Üçüncü, inkişafda olan ölkələrdə iqtisadi inkişaf xeyli azalıb, bu ölkələrin sırasına iri və kiçik həcmlərdə neft ixrac edən ölkələr daxildir. Neftin ucuzlaşması nəticəsində bu ölkələrdə təbii olaraq iqtisadi vəziyyət pisləşib.

İndi qayıdaq Avropaya. Sırf üç rəqəm baxımından iqtisadi inkişaf artıb, amma 2015-ci ildə Avropa Mərkəzi Bankı bir neçə stimullaşdırıcı addım atıb və bunların sırasında ən mühümlərindən faiz dərəcələrin tarixi minimuma endirilməsi, dövlət istiqrazlarının geri alınma proqramın əvvəlcə işə salınması, sonra isə genişləndirilməsini qeyd etmək olar. Bundan əlavə bir sıra Avropa ölkələri misli görünməmiş addım atıb – dövlət istiqrazları üzrə gəlirlilik, Mərkəzi Bankdan kreditlər və depozitlər üzrə gəlirlilik sıfıra və ya hətta mənfi göstəriciyə qədər endirib. Bu birmənalı onu göstərir ki, Avropanın iqtisadi rəhbərliyini indiki iqtisadi inkişaf templəri kəskin olaraq qane etmir, yəni neft ucuzlaşmasa da, onlar istədikləri məqsədə nail olmayıblar. Bundan əlavə nefti idxal edən və sənaye sektoru idxal neftdən asılı olan Yaponiya və Çində iqtisadi inkişafın artımı əvəzinə geriləmə baş verib, halbuki məhz bu ölkələrə ucuz neft birmənalı olaraq maliyyə fayda verməli, sənaye istehsalının maya dəyərini azaldaraq iqtisadi inkişafa dəstək olmalı idi. Bu, baş verməyib. Buna daxili iqtisadi problemlər müəyyən mənada mane olub. Məsələn, Çində işçi qüvvəsinin bahalaşması.

Qətiyyətlə demək olar ki, neft ixrac edən ölkələr üçün 2014-cü ildən sonra həqiqi faciə başlayıb. Hələlik bu yeganə bir nəticədir. Həmçinin bunu da qeyd etmək lazımdır ki, iri neft ixracatçılarının maliyyə vəziyyətin pisləşməsi dünyada müxtəlif maliyyə alətlərinə tələbatı azaldıb, müxtəlif sahələrdə investisiya fəallığı kəskin azalıb, çünki ərəb pulları dünyada investisiya sahəsində aparıcı rollardan birinin oynayırdı. Nəticədə neftin ucuzlaşması kiməsə zərər vursa da, heç kimə fayda verməyib. Bəlkə tendensiyanı dəyişmək vaxtı çatıb?

Bu günlərdə OPEC-in növbədənkənar iclasın keçirilir. Bu, neft bazarında dəyişikliklərin təşəbbüs etməyə əsl vaxtdır, çünki OPEC üzvləri artıq dərk etməlidir ki, onlar arasında fikir birliyinin olmaması birmənalı olaraq onların özlərinə ziyan vurur, amma eyni zamanda heç kimə xeyr vermir. Əgər Qərb ölkələri sonuncu faktı qətiyyətlə dərk etsələr, başa düşəcəklər ki, dünya iqtisadiyyatın bərpa üçün ucuz yox, bahalı neft lazımdır və OPEC-in müvafiq qərarların qəbul edilməsinə maneçilik törətməyəcəklər. Bəzi hallarda qəbul edilmiş qərarların səhv olduğunu etiraf etmək lazımdır, əks halda səhv qərarlar nəticəsində qazınmış dərə daha da dərinləşəcək...

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR