Yeni mərhələ: Daha çevik idarəetməyə keçid - TƏHLİL

Yeni mərhələ: Daha çevik idarəetməyə keçid - TƏHLİL
# 02 avqust 2019 18:11 (UTC +04:00)

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilməsi ölkə iqtisadiyyatının ən müxtəlif sahələri üzrə inkişafı, mövcud problemlər və çıxış yollarının göstərilməsi baxımından çox önəmlidir. İclasda ölkə iqtisadiyyatının inkişaf göstəriciləri, əldə olunan nailiyyətlər qeyd olunub, diqqət yetiriləsi məsələlər, görüləcək işlər barədə danışılıb. Prezidentin çıxışı yalnız son altı ay ərzində deyil, bütövlükdə son zamanlar aparılan iqtisadi-siyasi kursun izahı kimi də dəyərləndirilə bilər. Dövlət başçısı müxtəlif sahələrin inkişafı ilə bağlı dəyərləndirmə aparıb və ölkənin istiqamət inkişafı ilə bağlı bütün məsələlərə aydınlıq gətirib.

“Son illər həyata keçirilən sənayeləşmə siyasəti gözəl nəticələr verir”

Prezident Əliyev bildirib ki, ilin əvvəlində qarşıya qoyulan vəzifələr icra edilir, ölkə inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. “Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri - neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR - Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır", - deyə İlham Əliyev bəyan edib.

Göründüyü kimi, son altı ayda qeyri-neft sektoru inkişaf edib. İqtisadi artımdan əlavə, makroiqtisadi sabitliyin qorunması müşahidə edilib. Dünya bazarında neftin qiymətinin sabit olmaması bir çox ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Azərbaycanın iqtisadi kataklizmlərdən kənarda qalması, hətta bir çox göstəricilərinə görə irəliləyişə nail olması əlbəttə ki, diqqətdən yayına bilməz. Bu, düzgün iqtisadi təhlilin nəticəsində mümkün olub. Qeyd edək ki, ötən ilin dövlət büdcəsində neftin bir bareli 60 ABŞ dolları kimi nəzərdə tutulub, hazırda 1 barel neft dünya bazarında 66 ABŞ dollarıdır və hər barelə görə Azərbaycan 6 dollar qazanıb. Ən əsas olan isə odur ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qeyri-neft sektoru inkişaf etdirilib və bu, iqtisadiyyatın ən müxtəlif sahələrinin önəmini artırıb. Azərbaycan bir çox xarici ölkələrə ən müxtəlif məhsulları satan başlıca ölkələrdən birinə çevrilib.

“Kənd təsərrüfatında rekord göstərici əldə edilib”

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafından danışarkən kənd təsərrüfatının önəmini xüsusi qeyd edib. Dövlət başçısı bəyan edib ki, kənd təsərrüfatında rekord göstərici əldə edilib. “Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın. Taxıl istehsalı 40 faiz artıb. Məhsuldarlıq da kifayət qədər yüksəkdir. Əvvəlki illərlə müqayisədə indi orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da çoxdur. Yəni, bu, onu göstərir ki, müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır və artıracaq. Digər məhsulların istehsalı da artıb. Beləliklə, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25 faiz, tərəvəz 14 faiz. Yəni, ixracımız da artır və əlbəttə ki, növbəti illərdə biz bu istiqamətdə öz siyasətimizi apararaq özümüzü daha da böyük nəticələrə çatdıracağıq, - deyə Prezident Əliyev bəyan edib.

Qeyd edək ki, kənd təsərrüfatındakı nailiyyətlər Prezidentin “Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində baş tutub. Bu proqrama əsasən Azərbaycan özünü ərzaq məhsulları təmin edə bilib. Prezident İlham Əliyev çıxışında yalnız uğurları göstərməyib, eyni zamanda bəyan edib ki, kənd təsərrüfatında daha böyük uğurlar üçün bir sıra tədbirlər də həyata keçirilməlidir. Ölkə rəhbərinin çıxışından da görünür ki, Azərbaycan özünü kənd təsərrüfatı məhsulları, məsələn, taxılla tam təmin edə bilər. Prezident konkret istiqamətləri göstərib və bildirib ki, bu sahənin idarə olunması üçün daxili tələbata uyğun hesablanma aparılmalıdır. Yəni, dövlət başçısı fermerlərin öz işlərini daxili tələbata uyğun planlaşdırmalarının mühümlüyünə də işarə vurub. Ərzaq təhlükəsizliyi ilə bağlı da kənd təsərrüfatına diqqət artıb. Kənd təsərrüfatında ixrac yönümü məhsulların səviyyəsi yüksəlir. Azərbaycanda, məsələn, ixracda ilk dəfə olaraq neçə ildir ki, müsbət saldo yaranıb. Yəni, ixrac idxalı üstələyib. Prezident Əliyev “Kənd təsərrüfatında rekord göstərici əldə edilib” bəyanatını verərkən, eyni zamanda bu göstəricini nəzərə alıb.

“Azərbaycanın ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb”

İqtisadi inkişaf üçün önəmli olan göstəricilərdən biri də ticarət dövriyyəsidir. Prezident İlham Əliyev çıxışında bəyan edib ki, Azərbaycanın ticarət dövriyyəsi 20 faizdən çox artıb. “Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür", - deyə ölkə başçısı vurğulayıb.

Azərbaycanın ticarət dövriyyəsinin 20 faizdən çox artması olduqca böyük rəqəmdir. Nəzərə alsaq ki, qeyri-neft ixracı da 15 faiz artıb, bu, post-neft dövründə Azərbaycanın ciddi problemlərlə üzləşməyəcəyinin sübutudur.

“Sosial sahə bizim üçün prioritetdir”

Əhalini, xüsusən də, aztəminatlı təbəqəni daha çox maraqlandıran məsələ sosial sahədir. Bu baxımdan, Prezident Əliyevin çıxışındakı sosial sahə ilə bağlı dedikləri həmin təbəqə üçün daha önəmlidir. “Bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik. Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosial yönümlü siyasətdir”, - deyə ölkə başçısı vurğulayıb.

Çıxışdan da göründüyü kimi, Azərbaycan büdcəsinə daxilolmalar artır və bu istiqamətdə gələcəkdə də artım davam edəcək. Bu sahədə yeni mənbələrin aşkar edilməsi ölkə rəhbərinin diqqətindədir. Unutmaq olmaz ki, Azərbaycan hökuməti iqtisadiyyatın leqallaşdırılması barədə qərar qəbul edib və bu, ilk növbədə, vergi-uçot sisteminin dəqiqləşdirilməsi, vergidən kənar qalan sahələri, gömrükdə dəqiqləşdirmə işlərinə aid edilib. Bu mənbələr hesabına sosial layihələri maliyyələşdirmək, maaşları, təqaüdləri gələcəkdə də artırmaq mümkün olacaq. Əslində, əhalinin gəlirlərinin artması biznes strukturlarının daha yaxşı işləməsinə gətirib çıxaracaq. Prinsip sadədir. Daha çox gəliri olan əhali daha çox alış-veriş edir, daha çox xidmətlərdən istifadə edir. Bu da büdcə daxilolmalarının artımına gətirib çıxaracaq. Maaşların artması üçün əlavə vəsaitlər mövcuddur və yaxın zamanlarda əmək haqlarının yenidən artacağını ehtimal edə bilərik.

“Regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının icrası nəticəsində qalan məsələlər həllini tapacaq”

Prezident İlham Əliyevin çıxışının böyük maraq doğuran bir hissəsi də regionların sosial-iqtisadi inkişafı ilə bağlı olub. “Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq”, - deyə ölkə başçısı vurğulayıb.

Qeyd edək ki, regionalların inkişafı ilə bağlı 2019-2023-cü illəri əhatə edən dövlət proqramı mövcuddur. Növbəti 4 illik proqramda əsas məqsəd regionların iqtisadi inkişafına nail olmaqdır. Bundan əvvəlki üç proqramda əsas məqsəd ilk növbədə regionlarda infrastruktur layihələrinin yaradılması olub. Yəni, regionların elektrik enerjisi, qaz, su təminatı, avtomobil yollarının salınması və s. əsas təşkil edib. Qeyd olunan infrastrukturların yaradılması regionlara investisiya yatırmaq üçün əlverişli şərait deməkdir.

Artıq 4-cü proqram həyata keçirilir. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanın regionlarında infrastruktur yaradıldığı üçün ora investisiya yatırılsın, sənaye müəssisələri, kənd təsərrüfatının və digər sahələrin inkişafı üçün daha çox canlanma olsun. Yəni, ixrac yönümlü məhsulların istehsalına şəraitin yaradılması başlıca məqsədlərdəndir. Yeni proqrama əsasən, 4 il müddətində bölgələrə 17 milyard manata yaxın vəsait qoyulacaq ki, bunun da təxminən 4,6 milyard manatı özəl şirkətlər tərəfindən həyata keçiriləcək. Prezident Əliyevin çıxışında qaldırdığı məsələlər onu göstərir ki, bu məbləğ gələcəkdə artırıla da bilər. Yəni, proqramın əhəmiyyəti olduqca böyükdür. Çünki ötən illər ərzində bu proqramlar vasitəsilə çox böyük işlər həyata keçirilib. İndi əsas vəzifə faktiki olaraq rayon icra hakimiyyətlərinin üzərinə düşür. Artıq onlar bölgələrə investisiya cəlb edib, yeni iş yerlərinin açılmasına çalışmalıdırlar. Prezidentin çıxışından çıxan nəticələrdən biri də budur.

“Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb”

Ölkə iqtisadiyyatının inkişafı biznes mühitinin yaxşılaşdırılmasını ehtiva edir. Bu baxımdan, ölkə rəhbərinin çıxışında biznes dairələri üçün də konkret mesajlar var. “Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir. O ki qaldı, infrastruktur layihələrinə, əlbəttə, bir çox layihələr icra edilib, o cümlədən sosial infrastrukturla bağlı və bu il də icra ediləcək. Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri - 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, biri artıq açılıb. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapır”, - deyə Prezident vurğulayıb.

Ölkə rəhbərinin çıxışında güzəştli şərtlərlə verilən kreditlərdən də bəhs edilib. Dövlət başçısı bildirib ki, güzəştli kreditlərin həcmi bu il 170 milyon manat səviyyəsində idi. “Bunların neçə faizi icra olunub və hazırda vəziyyət nə yerdədir? Biz onu hesablamamışıq. Bu dəqiqə onun üzərində işləyirik. Mən komitədə də bir sualla çıxış etdim ki, bu dəyişikliklər əlavə olaraq dövlət büdcəsinə nə verəcək? Bilirəm ki, kifayət qədər böyük rəqəmdən söhbət gedir. Əsas odur ki, burada şəffaflıq təmin ediləcək. Ola bilər ki, buradan gələn vəsait 2020-ci ildə Neft Fondundan transfertlərin həcmini azaltsın. Digər ciddi məsələ sadələşmiş vergi ilə əlaqədar idi. Bizdə müəyyən bölgələrdə sadələşmiş vergi 2, ya 4 faiz idi. Amma indi ölkə ərazisində 2 faiz oldu. Sahibkarın ayda 200 min manata qədər dövriyyəsi varsa, o, sadələşmiş vergi prinsipi ilə işləyə bilər. Bu da böyük əhəmiyyət kəsb edir. Ən ciddi məsələlərdən biri də Əlavə Dəyər Vergisi ilə bağlıdır. ƏDV-nin qaytarılması prinsipi mexanizmi yəqin işlənib hazırlanacaq. Yanvarın 1-dən qanun qüvvəyə minməlidir. Bəzi ticarət obyektlərindən ki, mal alırsan, o malın üstünə əlavə 18 faiz gəlir, həmin 18 faizin müəyyən hissəsi qaytarılacaq. Bu da böyük əhəmiyyət kəsb edir və birbaşa alıcının maliyyə durumuna təsir edən amillərdəndir. Eyni zamanda nağd hesablaşmalarla bağlı məsələlər də bizim üçün əhəmiyyətlidir. Nağd hesablaşmalar çox ciddi məsələdir. Bir vaxtlar ölkəmizdə bunun səviyyəsi 75 faizə gəlib çıxmışdı, nağdsız hesablaşmalar çox az idi. Amma indi yavaş-yavaş bu prinsip düzəlir, artıq haradasa 50 faizi keçib. İnsanlar kartlardan, köçürmədən istifadə edirlər”, - deyə İlham Əliyev vurğulayıb.

Dövlət başçısı nağdsız ödənişlərin həcminin artırılmasının vacibliyini vurğulamaqla yanaşı, postterminal çatışmazlığını ciddi irad kimi vurğulayıb, nağdsız ödənişlərin həcminin artırılmasının kölgə iqtisadiyyatının da aradan qaldırılması üçün mühüm amil olduğunu diqqətə çatdırıb, yerindəcə tapşırıq verib: "Bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. Posterminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır".

Son 15 il ərzində Azərbaycanda 15 min kilometr yol çəkilib”

Prezident İlham Əliyev öz çıxışında yol tikintisi məsələsinə də toxunub. “Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq”, - deyə ölkə başçısı bildirib.

Azərbaycanın valyuta ehtiyatları 49 milyard dollar çatıb, xarici borcu 4 faiz düşüb

Ölkənin iqtisadi və siyasi qüdrəti onun valyuta ehtiyatlarının vəziyyətindən də asılıdır. Bu məsələyə toxunan ölkə başçısı bildirib ki, Azərbaycanın büdcə daxilolmaları artır. “Eyni zamanda, valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız rekord həddə çatıb - 49 milyard dollar səviyyəsindədir. Bu, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq. Məqsəd də məhz belə idi ki, biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artıraq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik”, - deyə İlham Əliyev bəyan edib.

Neftin dünya bazarındakı qiymətinin aşağı düşdüyü bir zamanda Azərbaycanın valyuta ehtiyatlarını artırması düzgün iqtisadi hesablamaların təzahürüdür. Prezidentin də dediyi kimi, Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub. Məhz, yuxarıda göstərilən siyasətin nəticəsində inflyasiya ölkə əhalisinin yaşamına ciddi təsir göstərmədi. Bu barədə danışan Prezident Əliyev məlumat verib ki, inflyasiya 2,5 faizdir.

“Ərzaq təhlükəsizliyinin təmin edilməsi əsas vəzifədir”

Müharibə şəraitində olan ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi əsas məsələdir. Bu istiqamətdə də Prezident İlham Əliyev konkret mesajlar səsləndirdi. “Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk. Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni, xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni, bu sahədə biz özümüzü təmin etmək üçün, əlbəttə ki, çox ciddi addımlar atırıq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək”, - deyə İlham Əliyev bildirib.

Ölkə başçısının bu məsələyə diqqət yetirməsi göz qabağındadır. Bununla əlaqədar müxtəlif proqramlar həyata keçirilib. Amma yerlərdə hələ də problemlər mövcuddur. Bu problemlərin həlli isə birbaşa yerli icra hakimiyyətlərinin öhdəsinə düşür və müşavirədə ölkə rəhbəri bu məsələyə də toxunub.

Süni qiymət artımına yol verilməməlidir”

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında süni qiymət artımından narahatlığını dilə gətirib. Son müşavirədə də bu məsələ barədə danışması süni qiymət artımı probleminin dövlət başçısını ciddi narahat etdiyini bir daha göstərir: "Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Süni bahalaşma yaradılması problemi ilə hər birimiz rastlaşırıq. Məsələn, bəzi hallarda fermerlər əkin sahələrində xeyli zəhmət çəkib məhsul yetişdirirlər. Amma onu bazara çıxarmaq baxımından çox böyük əziyyət çəkirlər. Çünki məhsulları bazara gətirmək üçün əlavə vəsait lazımdır.

Ona görə də yerlərdə məhsulları sahibkarlara verməyə məcburdurlar. Sahibkarlar da bu vəziyyətdən istifadə edərək əkin sahələrindən ucuz aldıqları malları daha yüksək qiymətə satırlar. Bu problem kartof, pomidor, soğan, badımcan və demək olar, bütün məhsullara aiddir. Bəziləri vəziyyətdən sui-istifadə edib süni qiymət artımı yaradır, yüksək gəlir əldə etmək istəyirlər. Demək olar ki, bütün meyvə-tərəvəzi yerlərdən çox ucuz alıb, baha satırlar. Burada faktiki olaraq balans yoxdur. Əhaliyə çatdırılan zaman məhsulların qiymətləri daha da yüksək olur. Prezident Əliyev bu məsələ ilə bağlı tədbirlər görüləcəyini də öz çıxışında növbəti dəfə bəyan edib.

“Bakı şəhərinin abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər görülüb”

Ölkə rəhbəri paytaxtın inkişafı ilə bağlı da bir-sıra məsələlərə toxunub, Bakı şəhərində bir çox layihələrin icra edildiyini diqqətə çatdırıb: "O cümlədən kommunal təsərrüfat yenilənir, 400-dən çox lift alınıb və quraşdırılır, abadlaşdırılan 50-dən çox nümunəvi həyət artıq vətəndaşların sərəncamına verilib. Şəhər nəqliyyatı üçün 300 yeni müasir avtobus gətirilir və bu, doğrudan da böyük irəliləyiş olacaq. Çünki şəhər nəqliyyatının müasirləşməsi bizim üçün çox önəmlidir - vətəndaşların rahatlığı, təhlükəsizlik tədbirləri üçün. Metro vaqonları alınır və metro tikintisi həyata keçirilir. Deyə bilərəm ki, Bakı o şəhərlərdəndir ki, burada metro tikintisi aparılır və postsovet məkanında biz bu sahədə də sayılan şəhərlər arasındayıq. Ümumiyyətlə, Bakı şəhərinin abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər görülüb. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir".

Lakin dövlət başçısı eyni zamanda, problemlərin də olduğunu qeyd edib və vurğulayıb ki, bu problemlərin həlli daim diqqət mərkəzində olmalıdır”.

60 min yeni iş yeri

Dövlət başçısı yeni iş yerlərinin açılması və işsizlik probleminin həllindən də danışıb: "İnşaat sektorunun canlandırılması istiqamətində addımlar atılır. Hazırda Bakı şəhərində bir neçə yüz yaşayış binasının tikintisi gedir. Bu, müsbət haldır. Bu, inşaat materialları sektoruna da müsbət təsir göstərir, iş yerlərinin açılması üçün şərait yaradır. Onu da bildirməliyəm ki, ilin əvvəlindən 60 min yeni iş yeri açılmışdır. Onların bir hissəsi dövlət sektorunda açılmışdır. Biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb və təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıbdır”.

Dövlət başçısı nitqində özəl sektorun iş yerlərinin yaradılmasına daha böyük həcmdə töhfə verməli olduğunu da bildirib. "Hamımız yaxşı bilməliyik ki, özəl sektor iş yerlərinin yaradılmasına öz töhfəsini daha böyük həcmdə verməlidir. Özəl sektorun nümayəndələri ilə aparılan işlər nəticəsində biz bu sahədə də artım görürük. İqtisadi canlanma, əlbəttə ki, iş yerlərinin yaradılmasına da gətirib çıxarır. Çünki bu, daimi proses olmalıdır”, - deyə Prezident qeyd edib.

"Cənub Qaz Dəhlizi”nin fəaliyyətə başlaması Azərbaycana əlavə gəlir gətirəcək

Müasir dövrün ən iddialı layihələrindən biri olan "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması Bakının geosiyasi mövqeyini daha da gücləndirib. Bu barədə danışan ölkə rəhbəri vurğulayıb ki, iqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun. “Qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır. Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb. “Cənub Qaz Dəhlizi”nin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda “Cənub Qaz Dəhlizi”nin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. “Cənub Qaz Dəhlizi”nin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir”.

“Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir”

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. “Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq. Qeyd etdiyim kimi, təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır. Ancaq vergi, gömrük sistemində aparılan islahatlar, inzibatçılıq sahəsində görülən işlər və daxilolmaların artımı əlbəttə ki, büdcəmizin əsas mənbəyi olmalıdır. Biz vəsaitdən çox qənaətlə istifadə etməliyik. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib. Hesab edirəm ki, biz tezliklə müasir korporativ qaydalarla idarə olunan şirkətləri görəcəyik. Yəni, bu, çox önəmli məsələdir. İqtisadi sahədə bundan sonrakı inkişaf üçün əlbəttə ki, biz xarici ekspertləri də cəlb etməliyik və edirik. Biz beynəlxalq maliyyə qurumları ilə fəal işləyirik və bu iş bundan sonra da davam etdiriləcək. Yəni, iqtisadiyyatın yeni modeli – bu gün tələbat bundan ibarətdir. 2025-ci ilə qədər nəzərdə tutulmuş Strateji Yol Xəritəsi bu məsələlərə cavab verir”,- deyə dövlət başçısı bildirib.

“Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir”

Prezident Əliyev həmçinin bəyan edib ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. “Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir”,- deyə dövlət başçısı vurğulayıb.

Prezidentin proqram çıxışı

Prezident İlham Əliyevin müşavirədəki nitqini proqram çıxışı adlandırmaq da mümkündür. Prinsipcə, siyasi və iqtisadi idarəetmədə yeni mərhələnin başlandığını göz önündədir. Ölkə başçısının verdiyi mesajlardan da görünür ki, yeni mərhələdə daha çevik idarəetməyə keçilir. Prezidentin müşavirədə qaldırdığı problemlərin həllində maneələr aradan qaldırılmalıdır. Ən əsası odur ki, həyata keçirilən islahatlar öncədən düşünülmüş və qəbul edilmiş qərarlar əsasında həyata keçirilir. Ölkə rəhbəri iqtisadi və siyasi addımlarını elə templərlə atır ki, bu, ölkəyə uğur gətirməyə bilməz...

APA Analytics

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR