BVF: Azərbaycanda ÜDM-in 2012-ci ilə proqnozlaşdırılan 1,7% azalması ölkədə iqtisadi geriləmənin başlanğıcı kimi qiymətləndirilməməlidir

BVF: Azərbaycanda ÜDM-in 2012-ci ilə proqnozlaşdırılan 1,7% azalması ölkədə iqtisadi geriləmənin başlanğıcı kimi qiymətləndirilməməlidir
# 29 iyul 2008 15:01 (UTC +04:00)
BVF-in Bakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, K. Qvenetadze hesab edir ki, bankın hesabatı əsasında formalaşan bəzi fikirlərdə, eləcə də müxtəlif mətbuat orqanlarında dərc olunan məqalələrdə iddia olunduğu kimi, ümumi daxili məhsulun (ÜDM) 2012-ci ilə proqnozlaşdırılan 1,7% azalması Azərbaycanda iqtisadi geriləmənin başlanğıcı kimi qiymətləndirilməməlidir: “Real ÜDM-in proqnozlaşdırılan azalması orta müddətdə neft istehsalının dinamikasını əks etdirir. Azərbaycanın təsdiqlənmiş hidrokarbon ehtiyatları və neft istehsalı planlarına əsasən ölkədə neft istehsalı 2011-ci ildə ən yüksək həddinə çatacaq və daha sonra tədricən azalacaq. Azərbaycanın ÜDM-də neft istehsalının yüksək çəkisi nəzərə alınmaqla, mövcud neft istehsal planı 2012-ci ildən etibarən Azərbaycanın məcmu buraxılışında azalmanın olacağını ifadə edir. Bu göstərici eyni zamanda 2004-cü ildən bəri Azərbaycanda müşahidə olunan ÜDM-in çox yüksək artımı kontekstində nəzərə alınmalıdır ki, bu proses də neft istehsalının artım dinamikası ilə sıx əlaqəlidir. Əlbəttə ki, gələcəkdə neft istehsalı yeni neft yataqlarının kəşfləri və ya mövcud neft yataqlarından daha səmərəli istismarı hesabına yenidən yüksələrsə, BVF Azərbaycan ÜDM-nin artımı ilə əlaqədar proqnozlarını yenidən nəzərdən keçirəcək».
K. Qvenetadze bu proqnozların Azərbaycan Respublikası ilə 4-cü Maddə Məsləhətləşmələri üzrə 2008-ci il üzrə hazırlanmış və bu yaxınlarda nəşr edilmiş hesabatda əks edildiyini bildirib: “Struktur islahatları sahəsində irəliləyişlər, sahibkarlıq mühitinin yaxşılaşdırılması və infrastrukturun davam edən müasirləşdirilməsi və genişləndirilməsinin qeyri-neft sektorunda daha yüksək templi iqtisadi artıma təkan verəcəyi gözlənilir. Neft istehsalı tədricən azaldıqca qeyri-neft sektoru Azərbaycanda iqtisadi artımın aparıcı qüvvəsinə çevrilməlidir. Azərbaycan xalqı üçün ən önəmlisi daimi iş yerlərinin yaradılması və əhalinin rifah səviyyəsinin davamlı yaxşılaşmasıdır. Bu məqsədlərə nail olunması isə dinamik və inkişaf edən qeyri-neft iqtisadiyyatının yaradılmasından asılıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR