Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı ilin ilk yarısına yekun vurub

Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı ilin ilk yarısına yekun vurub
# 30 iyul 2008 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) rəhbərliyi cari ilin ilk yarısının yekunlarına dair mətbuat konfransı keçirib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Bank Standard»ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Quliyev bildirib ki, bu ilin yanvar-iyun ayları ərzində bankın məcmu aktivləri 712,3 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58% çoxdur: «Hesabat dövründə bankın kredit portfeli 439,1 mln. manat təşkil edib. Bu, 2007-ci ilin analoji dövrü ilə müqayisədə 64% çoxdur. İpoteka portfelinə gəldikdə, yanvar-iyun aylarında bu göstərici 12,8 mln. manata çatıb ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 49% artıqdır».
C. Quliyev, həmçinin qeyd edib ki, hesabat dövründə «Bank Standard» SKB-nin müştəri hesabları 2007-ci ilin eyni dövrünə nisbətən 26% artaraq 250,9 mln. manata çatıb.

«Bu ilin ilk altı ayı ərzində bankın depozit portfeli 108,3 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% azdır. Yanvar-iyun ayları ərzində «Bank Standard»ın mənfəəti 8,7 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan vəziyyətə nisbətən 50% çoxdur», - deyə C. Quliyev bildirib. Bundan başqa C. Quliyev vurğulayıb ki, hesabat dövründə bankın beynəlxalq fəaliyyəti də inkişaf edib. Belə ki, Qara dəniz Ticarət və İnkişaf Bankından 8 mln. ABŞ dolları həcmində kredit xətti cəlb olunub: «Bu ilin iyul ayında, həmçinin ABŞ «Citibank»ının London ofisi və Cənubi Afrikanın «Standard Bank» təşkilatlarından 28 mln. dollar həcmində sindikatlaşdırılmış kredit cəlb etmişik. Cəlb olunan kredit korporativ müştərilərə, o cümlədən, ticarət əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək».

Tədbirdə çıxış edən «Bank Standard»ın Müştəri Xidmətləri Departamentinin direktoru Cahangir Axundov 2008-ci ilin fevral ayında bankın risklərin cəlb olunması sahəsində peşəkar məsləhətçilik xidmətlərinin göstərilməsinə dair «Ernst & Young» auditor şirkəti ilə saziş imzaladığını qeyd edib: «Bu layihənin məqsədi bankda risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi, eyni zamanda risk-menecerlərinin praktiki təcrübələrinin və ixtisas səviyyələrinin artırılmasıdır». C. Axundov onu da qeyd edib ki, layihənin ilk mərhələsi artıq bitib, ikinci mərhələ isə yaxın zamanlarda başa çatacaq.

Qeyd edək ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və Azərbaycanın ən iri kommersiya bankı olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bu ilin aprel ayında «Bank Standard» ilk SKB olub ki, məcmu kapitalı 100 mln. dolları keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR