«Kapital Bank»ın rəhbərliyi cari ilin ilk yarısının yekunlarına dair mətbuat konfransı keçirib

«Kapital Bank»ın rəhbərliyi cari ilin ilk yarısının yekunlarına dair mətbuat konfransı keçirib
# 31 iyul 2008 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının rəhbərliyi cari ilin ilk yarısının yekunlarına dair mətbuat konfransı keçirib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Kapital Bank»ın İdarə Heyətinin sədri Rauf Rzayev bildirib ki, hesabat dövrü ərzində bankın ümumi gəlirləri 26,431 mln. manat, xərcləri 18,079 mln. manat, mənfəəti isə 5,31 mln. manat təşkil edib: «Proqnozlara əsasən, ilin sonuna kimi bankın ümumi gəlirləri 47 mln. manat təşkil edəcək. Lakin artıq ilin yarısında gəlirlərin həcmi göstərir ki, 2008-ci ildə bu rəqəm təxminən 54 mln. manata çataraq proqnozları üstələyəcək». Bankın aktivlərinə gəldikdə, R. Rzayev qeyd edib ki, cari ilin əvvəlində aktivlərin həcmi 300 mln. manat, hazırda isə 350 mln. manat təşkil edir: «Bu ilin əvvəlində «Kapital Bank»ın nizamnamə kapitalı 71 mln. manata, ilin 7 ayı ərzində isə 77 mln. manata çatıb. Ötən ilin əvvəlində isə bankın nizamnamə kapitalı 36 mln. manat təşkil edib».
R. Rzayevin sözlərinə görə, hazırda «Kapital Bank»ın kredit portfeli bankın ümumi aktivlərinin 46%-ni təşkil edir, bankın depozit portfeli isə təxminən 80-90 mln. manata çatıb.
R. Rzayev onu da bildirib ki, «Kapital Bank»ın strategiya planına əsasən (2008-2010-cu illər), bankın gəlirləri ildə 20-28%, orta hesabla isə 23% artacaq.
Qeyd edək ki, 2000-ci ildən fəaliyyətə başlayan «Kapital Bank»ın hazırda respublika üzrə 88 filialı var. Özəlləşdirmənin nəticələrinə uyğun olaraq, «Kapital Bank»ın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR