Beynəlxalq Maliyyə Korporasiyası «Azərdəmiryolbank»a 10 mln. dollar kredit ayıracaq

Beynəlxalq Maliyyə Korporasiyası «Azərdəmiryolbank»a 10 mln. dollar kredit ayıracaq
# 04 avqust 2008 15:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Direktorlar Şurası Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankına (SKB) 10 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib. «APA-Economics»in məlumatına görə, bu barədə IFC-nin Bakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib. A. Əzimovanın sözlərinə görə, maliyyə vəsaiti lizinq və ipoteka kreditləşməsinin inkişafı üçün yönəldiləcək: «Hazırda sazişin imzalanmasına dair texniki məsələlər müzakirə olunur».
Qeyd edək ki, IFC Dünya Bankı Qrupunun üzvüdür və hazırda Azərbaycanın «UniBank», «Rabitabank», «Azerdemiryolbank», «Bank Respublika», «AGBank» və Azərbaycan Mikromaliyyələşdirmə Bankı ilə əməkdaşlıq edir.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) və Hollandiya İnkişaf Bankı (FMO) daxildir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 200,2 mln. manat, kredit portfeli 153,2 mln. manat, depozit portfeli 61,5 mln. manat, məcmu kapitalı 32,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,3 mln. manat təşkil edib. Hazırda bank 27 filial və şöbədən ibarət geniş şəbəkəyə malikdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR