«Yunayted Kredit Bank»ı depozit portfelini 9% artırıb

«Yunayted Kredit Bank»ı depozit portfelini 9% artırıb
# 13 avqust 2008 00:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyul ayı ərzində Azərbaycanın «Yunayted Kredit Bank» Səhmdar Kommersiya Bankının depozit portfeli 20% artıb.
«Yunayted Kredit Bank»dan «APA-Economics»ə verilən məlumata görə, bu il avqustun 1-nə olan vəziyyətə bankın depozit portfelinin həcmi 8,77 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin eyni dövrünün göstəricisindən 136,5% çoxdur. Yalnız 2008-ci ilin iyul ayı ərzində depozit portfelinin artımı 19,7% təşkil edib.

Bankın cəlb etdiyi müddətli depozitlərin həcmi cari ilin 7 ayı ərzində 18,8% artaraq, 5,38 mln. manat təşkil edib. Bu göstərici üzrə illik artım 91,4% olub. Bankın fiziki şəxslərdən qəbul etdiyi əmanətlərin həcmi bu ilin 7 ayı ərzində 28,1% artaraq, avqustun 1-nə 4,58 mln. manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 148,9% çoxdur. Hesabat dövründə fiziki şəxslərin tələbli depozitləri 53,3%, o cümlədən yalnız iyul ayı ərzində 37% artaraq, hesabat dövrünün sonuna 2,85 mln. manat təşkil edib.

Bankın müştərilərə təqdim etdiyi kreditlərin həcmi 2008-ci ilin əvvəli ilə müqayisədə 27,8% artaraq, avqustun 1-nə 23,42 mln. manat olub, bu da ötən ilin eyni dövrünün müvafiq göstəricisindən 79,3% çoxdur. Avqustun 1-nə bankın təqdim etdiyi istehlak kreditlərinin həcmi 9,51 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə bank tərəfindən təqdim olunmuş istehlak kreditlərinin həcmi 36,6% artıb. İstehlak kreditlərinin əhəmiyyətli hissəsini fiziki şəxslər tərəfindən minik avtomobillərinin alınmasının maliyyələşdirilməsinə yönəldilmiş kreditlər təşkil edib.

«Yunayted Kredit Bank»ın aktivlərinin ümumi həcmi isə 2008-ci ilin 7 ayı ərzində 40,4% artaraq 33,42 mln. manata çatıb. Bu, 2007-ci ilin müvafiq dövrünün göstəricisindən 83,6% çoxdur. Bankın məcmu kapitalı son bir ildə 23,2% artaraq, 13,47 mln. manat təşkil edib, nizamnamə kapitalının həcmi isə 12,108 mln. manat səviyyəsində qalıb. Hesabat dövründə bankın ümumi gəlirləri 2,56 mln. manat olub ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 44,8% çoxdur. Ötən ilin müvafiq dövrünə nisbətən bankın faiz gəlirləri 46%, qeyri-faiz gəlirləri isə 36% artıb. Hesabat dövrünün sonuna bankın vergi ödənilənədək mənfəəti 73,64 mln. manat təşkil edib. Bankın aktivlərinin gəlirliyi 0,36%, kapitalının gəlirliyi isə 0,56% olub.

Qeyd edək ki, «Yunayted Kredit Bank» 1996-cı ildən fəaliyyət göstərir. Bankın Türkiyə, Avstriya, Belçika, Rusiya və Qazaxıstanın aparıcı banklarında müxbir hesabları var. Bank «Express», «Migom», «Privat Money», «Lider» kimi beynəlxalq pul köçürmə sistemlərinə qoşulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR