Azərbaycan və Asiya İnkişaf Bankı yeni kredit sazişi imzalamağa hazırlaşır

Azərbaycan və Asiya İnkişaf Bankı yeni kredit sazişi imzalamağa hazırlaşır
# 14 avqust 2008 08:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyi ilə Asiya İnkişaf Bankının (AİB) təmsilçiləri arasında Şərq-Qərb avtomagistralının yenidən qurulması üzrə yeni kredit sazişinin layihəsi müzakirə olunub.
Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasa rəhbərlik edən nəqliyyat nazirinin müavini Musa Pənahov AİB ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq barədə danışaraq 2007-ci ilin avqustun 8-də bağlanmış «Yol Şəbəkəsinin İnkişaf Proqramı» üzrə çox tranşlı kredit mexanizmi üçün çərçivə sazişi barədə məlumat verib.
Çərçivə sazişinin müddəalarına uyğun olaraq, Azərbaycan hökuməti bu dövrü kredit müraciətinə əsasən AİB-in adi kapital ehtiyatlarından 55,4 mln. ABŞ dollar məbləğində kredit formasında bir tranş hazırlanması üçün AİB-ə müraciət edib. Kredit sazişinin layihəsi üzrə aparılan danışıqların nəticəsi olaraq görüşün sonunda müvafiq protokol imzalanıb.
Sözü gedən layihə Bakıdan Gürcüstan sərhədinə qədər olan Şərq-Qərb avtomagistralının bir hissəsini – 39 km uzunluğunda, iki zolaqlı Gəncə dairəvi avtomobil yolunun yenidən qurulmasını nəzərdə tutur.
Qeyd edək ki, layihənin ümumi dəyəri 73,9 mln. dollar məbləğində hesablanıb və bunun 18,5 mln. dolları Azərbaycan hökumətinin payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR