Yuri Şedrin: «Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2 mlrd. dollara çatacaq»

Yuri Şedrin: «Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2 mlrd. dollara çatacaq»
# 14 avqust 2008 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,9% artaraq 1 041,7 mln. ABŞ dolları təşkil edib.
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan ilə Rusiya arasında 2008-ci ilin yanvar-iyun aylarında aparılan ticarət əməliyyatlarının yekunlarına dair keçirilən mətbuat konfransında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib: «Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. Belə ki, ötən il ərzində Rusiya Azərbaycanla ticarət aparan ölkələr arasında 13%-lik xüsusi çəki ilə ikinci yerdə qərarlaşıb».
Y.Şedrinin sözlərinə görə, hesabat dövründə Rusiyanın Azərbaycana ixracı 55%, idxalı isə 60,4% artıb: «Yüksək artım templəri iki ölkə arasında ticarət dövriyyəsinin cari ilin sonunadək 2 mlrd. dollara çatacağını proqnozlaşdırmağa əsas verir. Nəticədə, Rusiyanın ixracı 1,6 mlrd. dollar, idxalı isə 400 mln. dollardan çox olacaq».
Y.Şedrin həmçinin qeyd edib ki, Rusiyadan Azərbaycana gətirilən məhsulların 90%-ni maşınqayırma, avtomobil, kimya sənayesi, metal məhsullar, tikinti materialları, ərzaq məhsulları və kənd təsərrüfatı xammalı təşkil edib.
«Hesabat dövründə Rusiyadan Azərbaycana 7 509 ədəd minik avtomobili, 2 569 ədəd yük avtomobili, 30 ədəd xüsusi təyinatlı avtomobil, 68 ədəd avtobus, 36 ədəd traktor, 35 ədəd avtokran və 10 ədəd metropoliten vaqonu gətirilib», - deyə Y.Şedrin bildirib
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi onu da vurğulayıb ki, hazırda Azərbaycanda Rusiya kapitalının iştirakı ilə yaradılmış 500-dən artıq müəssisə fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycanda 100% Rusiya kapitallı 164 müəssisə mövcuddur.
Tədbirdə çıxış edən Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Nail Zaripov bildirib ki, Tatarıstan Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq etməyə hazırdır: «İki ölkə arasında gəmiqayırma, əczaçılıq, kənd təsərrüfatı və digər sahələrdə sıx əməkdaşlıq qurula bilər».
N.Zaripov onu da qeyd edib ki, Azərbaycanın baş naziri Artur Rasizadənin Tatarıstana səfəri çərçivəsində bir sıra sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub. Belə ki, Tatarıstan Azərbaycana şəriət qaydaları ilə kəsilmiş (halal) qoyun və mal əti, həmçinin süd məhsulları ixrac edəcək.
Qeyd edək ki, tədbirin sonunda Y.Şedrin bildirib ki, Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası bu ilin III rübündə Bakıda keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR