«MBASK» sığorta şirkəti jurnalistlər arasında yeni müsabiqə keçirir

«MBASK» sığorta şirkəti jurnalistlər arasında yeni müsabiqə keçirir
# 18 avqust 2008 12:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti jurnalistlər arasında sığorta haqqında ən yaxşı nəşr üzrə «Azərbaycanın sığorta bazarının inkişaf perspektivləri» adlı ikinci müsabiqə keçirir.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqəyə milli çap və elektron KİV-də bu ilin sentyabr ayının 1-dən cari ilin dekabr ayının 1-dək istənilən üslub, ölçü və həcmdə nəşr olunan məqalələr qəbul olunur. Müsabiqəyə təqdim olunan materiallar cəmiyyəti sığorta biznesi sahəsindəki mövcud vəziyyət haqqında obyektiv olaraq məlumatlandırmalı, bu sahədəki aktual problemlərin aradan qaldırılmasına yardım etməli, oxucuları yeni sığorta məhsulları haqqında məlumatlandırmalıdır.
Müsabiqədə qalib gələn birinci yerin sahibi (1 nəfər) 500 manat, ikinci yerin sahibi (2 nəfər) 250 manat və üçüncü yerin sahibi (5 nəfər) 100 manat qazanacaq. Qeyd edək ki, qaliblərə əlavə mükafatlar da veriləcək.
Müsabiqənin Ekspertlər Şurasına (münsiflər heyəti) sığorta sahəsinin nümayəndələri, jurnalistlər, dövlət orqanları təmsilçiləri və müstəqil ekspertlər daxil olacaq.
Müsabiqənin Təşkilat Komitəsi müsabiqənin yekunu vurulduğu gündən etibarən iki həftə ərzində onun nəticələri haqqında iştirakçıları məlumatlandıracaq. Mükafatlar təntənəli şəraitdə təqdim olunacaq.
Müsabiqədə iştirak etmək üçün jurnalistlər sentyabrın 16-dək qeydiyyatdan keçməlidirlər. Bundan sonra, ötən il olduğu kimi, «MBASK»ın mütəxəssisləri müsabiqə iştirakçıları üçün treninq keçirəcəklər ki, bu da onların sığorta işi üzrə biliklərini artırmağa yardım edəcək.
Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 12,511 mln. manat, ödənişləri isə 2,506 mln. manat təşkil edib. Bu ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR