«Birlik Bank» I yarımillikdə aktivlərini 13% artırıb

«Birlik Bank» I yarımillikdə aktivlərini 13% artırıb
# 19 avqust 2008 13:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Birlik Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 36,448 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan analoji göstəricidən 12,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14% artaraq 27,696 mln. manata, depozit portfeli isə 16,7% azalaraq 1,024 mln. manata çatıb.
Bankın məcmu kapitalı 34,5% artaraq 15,359 mln. manat, o cümlədən nizamnamə kapitalı 30% artaraq 13 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 31,3% artaraq 1,919 mln. manat, xərcləri isə 37,4% artaraq 1,770 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir ildə 14,9% azalaraq 149 min manata çatıb.
Bundan başqa, bu dövr ərzində bankın işçilərinin sayı 78,3% artaraq 41 nəfər, orta aylıq əmək haqqı isə 14,3% artaraq 80 manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 20 yerli fiziki şəxs olan «Birlik Bank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 3 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR