«NBCBank» ilə «Visa İnternational» arasında müqavilə imzalanıb

«NBCBank» ilə «Visa İnternational» arasında müqavilə imzalanıb
# 20 avqust 2008 10:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankı (SKB) ilə «Visa İnternational» ödəniş sistemi arasında müqavilə imzalanıb. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədr müavini Yusif Abdullayev məlumat verib.
Y.Abdullayevin sözlərinə görə, artıq bankın bu beynəlxalq sistemə üzvüklə bağlı bütün proseslər yekunlaşıb və hazırda sistemin tam tətbiqi üçün texniki işlər aparılır: «Bir müddətdən sonra sistem üzrə test prosesinə başlanılacaq və bu ilin oktyabr ayından etibarən əhali sistem üzrə xidmətlərdən istifadə edə biləcək».
Xatırladaq ki, «NBCBank» SKB 2006-cı ilin dekabr ayından «MasterCard» ödəniş plastik kart sisteminin assosiativ üzvüdür. Bank indiyədək 1500 plastik kart emissiya edib ki, bunun da 500-ü kredit kartları, qalanı isə debet kartlarıdır.
Qeyd edək ki, «NBCBank» SKB 1992-ci ildən fəaliyyətə başlayıb. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 34,659 mln. manat, kredit portfeli 26,915 mln. manat, depozit portfeli 6,727 mln. manat, məcmu kapitalı 15,020 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib. Bankın respublika üzrə 6 filialı, 4 bankomatı və 33 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR