Gürcüstandakı hadisələrlə bağlı «TBCKredit» Azərbaycanda kreditləşməni məhdudlaşdırıb

Gürcüstandakı hadisələrlə bağlı «TBCKredit» Azərbaycanda kreditləşməni məhdudlaşdırıb
# 27 avqust 2008 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «TBCKredit» qeyri-bank kredit təşkilatı Gürcüstanda baş verən hadisələrlə bağlı müştərilərin kreditləşdirilməsini məhdudlaşdırıb. Nəticədə, təşkilatın ayırdığı kreditlərin ümumi həcmində 50% azalma müşahidə olunur. Bu barədə «APA-Economics»ə açıqlamasında «TBCKredit» təşkilatı İdarə Heyətinin sədr müavini Əjdər Əliyev məlumat verib.
Ə.Əliyevin sözlərinə görə, təşkilatın planına uyğun olaraq, bu ilin sentyabr ayına kimi əsas təsisçidən əlavə vəsaitin cəlb edilməsi ilə kredit portfelinin 30 mln. ABŞ dollarına çatdırılması nəzərdə tutulurdu: «Lakin Gürcüstanda baş verən son hadisələr «TBCKredit»ə də təsir göstərib. Qonşu ölkədə sabitlik yarandıqdan sonra təşkilat tərəfindən verilən kreditlərin əvvəlki vəziyyətə qayıdacağına əminik», - deyə Ə.Əliyev bildirib.
Qeyd edək ki, kreditlərin alınması məqsədi ilə təşkilata müraciət edən azərbaycanlı müştərilərin sözlərinə görə, təşkilatdan onlara hazırda iri həcmli kreditlərin verilməsi prosesinin dayandırıldığı və yalnız 3 min dollara kimi kiçik kreditlərin verilməsinin davam etdirildiyi bildirilib.
Xatırladaq ki, «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatının brendi bu ilin may ayında dəyişərək «TBCKredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı bank təşkilatı olan «TBC Bank»ın «SOA Credit» təşkilatının yeni təsisçisi olması ilə əlaqədardır.
ABŞ-ın «Shore Bank Group»un üzvü olan «SOA Credit» təşkilatı Azərbaycanda 1999-cu ilin dekabrında yaradılıb. Təşkilat kreditlərin verilməsi prosesinə 2000-ci ilin fevralından başlayıb. Cari ilin iyul ayının 1-nə bankın nizamnamə kapitalı 10 mln. dollar təşkil edir. Bu ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR