Azərbaycan parlamenti bu il «İnvestisiya fondları haqqında» qanun layihəsini təsdiqləyə bilər

Azərbaycan parlamenti bu il «İnvestisiya fondları haqqında» qanun layihəsini təsdiqləyə bilər
# 18 sentyabr 2008 12:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən hazırlanmış «İnvestisiya fondları haqqında» qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər. Bu barədə «APA-Economics»ə QKDK-nın sədri Gündüz Məmmədov məlumat verib.
G.Məmmədov həmçinin qeyd edib ki, hazırda qanun layihəsi Nazirlər Kabinetində baxılır və aidiyyəti iqtisadi və maliyyə profilli nazirlik və qurumların mülahizələri tədqiq edilir: «Ümid edirəm ki, «İnvestisiya fondları haqqında» qanun layihəsi Milli Məclisin bu ilin payız sessiyasında müzakirəyə çıxarılacaq».
Qeyd edək ki, «İnvestisiya fondları haqqında» qanun investisiya fondlarının fəaliyyəti üçün tələb olunan əsas hüquqi sənəddir. Qanun layihəsinə investisiya fondlarının iki növü - səhmdar və paylı investisiya fondlarının fəaliyyəti haqqında müddəalar daxildir. Qeyd edək ki, hazırda inkişaf edən ölkələrin bazarlarında əsasən paylı investisiya fondları (PİF) geniş yayılıb.
PİF-lərin fəaliyyəti fərdi investorlara payların satışından əldə olunan maliyyə vəsaitlərinin müxtəlif maliyyə və digər aktivlərin alınmasına yönəldilməsindən ibarətdir. Bu halda investor öz qazancını ona məxsus olan payın PİF-ə geri satışından (qaytarılmasından) əldə edir.
Onu da vurğulamaq vacibdir ki, Azərbaycanda investisiya fondları tərəfindən sərmayə qoyula biləcək istiqamət və alətlərin geniş olması nəzərdə tutulur. Yəni, bu yalnız qiymətli kağızlar deyil, digər aktivlər də ola bilər. Qanun layihəsində investorların hüquqlarının müdafiəsinə də xüsusi diqqət yetirilir.
Ekspertlər hesab edirlər ki, PİF-lərə yatırılan investisiyalar bank depozitlərinin alternativi olduğuna görə, bu fondlara qoyulan sərmayələr hətta bank depozitlərinin həcminə çatacaq. Çünki PİF-lərin payları üzrə illik gəlirlik 60-80% və hətta bundan da artıq ola bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR