Azərbaycana xaricdən cəlb olunmuş kapitalın həcmi I yarımillikdə 13% artıb

Azərbaycana xaricdən cəlb olunmuş kapitalın həcmi I yarımillikdə 13% artıb
# 18 sentyabr 2008 15:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansında kredit və digər investisiyaların ümumi həcmi 1 910,1 mln. ABŞ dolları təşkil edib, bu da keçən ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə 1,3 dəfə çoxdur.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bunun yalnız 8,5%-i (149,3 mln. dollar) birbaşa dövlət investisiyası və dövlət zəmanəti ilə cəlb olunmuş kreditlərdir. Qalan 1 502,3 mln. dollar isə dövlət zəmanəti olmadan alınan kreditlərin payına düşür ki, bunun da 683,1 mln. dolları ARDNŞ tərəfindən cəlb olunub. Həmin vəsait əsasən ARDNŞ-in Gürcüstan və Türkiyədəki enerji layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
Dövlət zəmanəti olmadan cəlb edilən kreditlərin qalan 814,4 mln. dolları əsasən banklar (525,9 mln. dollar), digər müəssisə və şirkətlər tərəfindən alınıb. Bu da öz
növbəsində əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 1,5 dəfə çoxdur.
Hesabat ilində xaricdən cəlb olunmuş kapitalın ümumi həcmi 4 mlrd. dollar təşkil edərək əvvəlki ilin müvafiq dövrünün göstəricisini 12,9% üstələyib. Bu göstəricinin artımı dövlət zamanəti olmayan xarici kreditlərin və qeyri-neft sektoruna birbaşa investisiyaların cəlb olunması ilə bağlıdır.
Ölkə iqtisadiyyatında istifadə olunmuş birbaşa investisiyalar üzrə repatriasiya və xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların ümumi məbləği 31,2% azalaraq 3 mlrd. dollar təşkil edib. Bu azalma əsasən «Əsrin müqaviləsi» çərçivəsində konsorsium (ABƏŞ) tərəfindən birbaşa investisiyalar üzrə kapitalın repatriasiyasının azalması ilə bağlıdır. Belə ki, 2007-ci ilin yanvar-iyun aylarında neft-qaz sektoru üzrə repatriasiya olunmuş investisiyaların həcmi 4 mlrd. dollar məbləğində olduğu halda, bu ilin ilk yarısında həmin göstərici 1,2 mlrd. dollar azalaraq 2,8 mlrd. dollar təşkil edib.
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,1 mlrd. dollara yaxın olub. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80% təşkil edib. Hesabat dövründə qeyri-neft sektoruna yönəldilmiş xarici kapital isə 413,1 mln. dollara bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR