Yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yatırılan investisiya 37% artıb

Yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yatırılan investisiya 37% artıb
# 19 sentyabr 2008 07:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 396,6 mln. manat məbləğində və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 36,6% çox investisiya yönəldilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 3 341,1 mln. manat və ya ümumi investisiyanın 61,9%-i, qeyri-dövlət müəssisələri 2 055,5 mln. manat və 38,1%-i qədər sərmayə qoyub. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,8% artaraq 3 410,6 mln. manata çatıb. İstehsal təyinatlı obyektlərin inşasında 4 069,3 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində isə 1 327,3 mln. manatlıq investisiyadan istifadə edilib.
Ölkənin maliyyə imkanlarının artması nəticəsində istifadə edilmiş investisiyanın strukturunda əhəmiyyətli dəyişikliklər baş verib, daxili investisiyaların həcmi xarici investisiyaları üstələyib. Belə ki, cari ilin ilk 8 ayı ərzində əsas kapitala yönəldilmiş vəsaitin 70,9%-i daxili investisiyalar təşkil edib və bu göstərici keçən ilə nibətən 69,7% artıb. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 83,9%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 16,1%-i qeyri-dövlət müəssisələrinin payına düşüb.
Büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 4 326,3 mln. manat vəsait nəzərdə tutulub. Hesabat dövründə həmin vəsaitin 2 147,9 mln. manatından və ya 49,6%-dən istifadə edilib. İstifadə edilmiş investisiyanın ¾ hissəsindən çoxunu tikinti-quraşdırma işləri təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 442,2 mln. manat (ümumi investisiyanın 45,2%-i), bank kreditləri 183,4 mln. manat (3,4%), büdcə vəsaitləri 2 254 mln. manat (41,8%-i), büdcədənkənar fondların vəsaitləri 354,8 mln. manat (6,6%-i), əhalinin şəxsi vəsaitləri 159,9 mln. manat (3%-i), digər vəsaitlər isə 2,3 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində əsas kapitala yönəldilmiş bütün investisiyanın 44,7%-i sənaye sahələrinin inkişafına, 3,5%-i kənd təsərrüfatına, 0,3%-i ticarət və xidmətə, 24,8%-i nəqliyyata, 1,7%-i rabitəyə, 7,5%-i mənzil tikintisinə, 2,6%-i səhiyyəyə, 4,4%-i təhsilə, 10,5%-i isə digər sahələrə sərf edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR