ABŞ Maliyyə Nazirliyi: Dövlət borcunun limiti artırılmasa, fəlakət baş verə bilər

Canet Yellen

© APA | Canet Yellen

# 11 oktyabr 2021 10:33 (UTC +04:00)

Partiyaların dövlət borcunun yuxarı limitinin artırılması barədə razılığa gəlməsələr, ABŞ-da maliyyə böhranı baş verə bilər.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumatına görə, bunu ölkənin maliyyə naziri Canet Yellen deyib.

"Borclanma limitinin artırılmaması tənəzzülə səbəb ola bilər və hətta maliyyə böhranına gətirib çıxara bilər. Bu, fəlakət olardı", - nazir bildirib.

C. Yellen qeyd edib ki, Konqresin keçmiş təşəbbüslərinin maliyyələşdirilməsini təmin etmək üçün dövlət borcunun limitinin artırılması zəruridir və əgər partiyalar dövlət borcunun tavanının artırılması barədə razılığa gələ bilməsələr, Maliyyə Nazirliyinin qiymətli kağızlarının və dolların qlobal valyuta statusu pozulacaq.

Qeyd edək ki, ABŞ Senatı bundan əvvəl dövlət borcunun tavanının 2021-ci ilin dekabrına qədər artırılmasını dəstəkləyib. Hazırda təşəbbüs Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, cari ilin iyul ayının sonuna olan məlumata görə, ABŞ-ın dövlət borcu təxminən 28,5 trln. dollar təşkil edib. ABŞ Maliyyə Nazirliyi dövlət borcunun tavanının qaldırılmayacağı təqdirdə, ölkənin defolt riski ilə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Prezident Co Bayden bu məsələnin gecikdirilməsinin dolların dünyanın ehtiyat valyutası statusuna da zərər verəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR