AMB: Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 mln. dollar təşkil edir

AMB: Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 mln. dollar təşkil edir
# 10 iyun 2021 12:41 (UTC +04:00)

Hazırda valyuta hərraclarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qrafikə uyğun satıla bilməyən vəsaiti 364 mln. ABŞ dolları təşkil edir.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, cari ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli azalmaqdadır. Cari ilin II rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub.

"Yaranmış meyllər dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir", - bankın məlumatında bildirilir.

Qeyd edilir ki, sözügedən daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir.

Xatırladaq ki, Cari ilin ilk beş ayında Neft Fondu valyuta hərraclarında 2,303 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 36,7% azdır. Təkcə mayda isə 312,8 mln. ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da aprel ayı ilə müqayisədə 38,7%, ötən ilin may ayı ilə müqayisədə isə 6,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR