Amerikalılar Milad alış-verişlərinə ortalama 1 000 dollar xərcləməyi planlaşdırır

Amerikalılar Milad alış-verişlərinə ortalama 1 000 dollar xərcləməyi planlaşdırır
# 17 noyabr 2021 15:11 (UTC +04:00)

Amerikalılar Milad bayramı ərəfəsində özləri və ailələri üçün hədiyyələr, alış-veriş və digər hədiyyə olmayan əşyalara orta hesabla 997,73 dollar xərcləməyi planlaşdırırlar.

"APA-Economics"in məlumatına görə, bu barədə "Interfax" Milli Pərakəndə Satış Federasiyasının (NRF) illik sorğusuna istinadən xəbər verir.

Qeyd olunur ki, 7 921 nəfərin iştirak etdiyi sorğu oktyabrın 1-dən 10-dək keçirilib.

Qlobal tədarük zəncirlərində davam edən problemlərə baxmayaraq, göstərici keçən ilki səviyyəyə bərabər, lakin istehlakçıların orta hesabla 1 047 dollar xərcləməyi planlaşdırdığı pandemiyadan əvvəlki ildən (2019-cu il) aşağı olub.

Eyni zamanda, ABŞ-da böyüklərin 90%-i bu il qarşıdan gələn bayramları, o cümlədən Milad, Hanuka və Kvanza bayramlarını qeyd etməyi planlaşdırır. Ötən il sorğuda iştirak edən amerikalıların 87%-i bunu deyib.

Keçən il olduğu kimi, amerikalılar xərclərini ailə və dostlar üçün hədiyyələrə, yemək və ev bəzəkləri kimi bayram əşyalarına yönəltməyə üstünlük verirlər. Bununla belə, amerikalıların bir çoxu evdən işləməyə davam etdiyindən həmkarları üçün hədiyyə almağa daha az meyllidir.

Qeyri-bayram mallarına istehlakçılar orta hesabla 118,41 dollar xərcləməyi planlaşdırsalar da, sorğuda iştirak edənlərin 47%-i Milad endirimləri və satışlarından fəal şəkildə yararlanmaq niyyətində olduqlarını bildiriblər. Müqayisə üçün: 2019-cu ildə respondentlərin 60%-i eyni şeyi söyləyib və həmin vaxt sözügedən məhsullara orta hesabla 162,02 dollar xərclənib.

Sorğuda iştirak edənlərin yarısı (49%) artıq oktyabr ayında və ya ondan əvvəl hədiyyə axtarmağa başlayıb. Onların 47%-i alış-verişin son dəqiqələrində stressdən qaçmaq istədiklərini, 36%-i isə bəzi mühüm Milad mallarını əldən vermək istəmədiyini bildirib.

Respondentlərin demək olar ki, yarısı (47%) təchizat problemləri ilə əlaqədar mal tapmaqda çətinliklərdən narahatdır. Onların fikrincə, ən çətini elektronika (44%), paltar (40%) və oyuncaqlar (28%) tapmaqdır.

Amerikalılar əvvəllər olduğu kimi, onlayn alış-verişə üstünlük verir. Bunu respondentlərin 57%-i bildirib. Digər məşhur bayram alış-veriş yerləri sırasına supermarketlər (47%), endirim mərkəzləri (44%), ərzaq mağazaları (43%), geyim və zərgərlik dükanları (30%) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR