Az ağır xəsarət alan deputatlara sığorta ödənişinin həcmi müəyyənləşir

Az ağır xəsarət alan deputatlara sığorta ödənişinin həcmi müəyyənləşir
# 29 oktyabr 2021 20:14 (UTC +04:00)

Əlillik dərəcəsi müəyyən edilmədən az ağır xəsarət alan deputatlara sığorta ödənişinin həcmi müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq " Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Deputat əlillik dərəcəsi müəyyən edilmədən az ağır xəsarət aldıqda müəyyən edilmiş sığorta məbləğinin 10 faizi həcmində sığorta ödənişi alacaq.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, deputat 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir. Sığorta haqqı, sığorta işinin aparılması üçün sığortaçının xərcləri də nəzərə alınmaqla, sığorta məbləğinin bir faizi miqdarında müəyyənləşdirilir. Deputatın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi sayılır. İndiyə qədər sığorta hadisəsi baş verdikdə deputata müəyyən edilmiş sığorta məbləğinin faizi hesabı ilə aşağıdakı sığorta ödənişi verilib:

- həlak olduqda - 100%;

Aldığı xəsarət nəticəsində əlillik dərəcəsi müəyyən edildikdə:

- I dərəcə - 80%;
-II dərəcə - 60%;
- III dərəcə - 40%;

Əlillik dərəcəsi müəyyən edilmədən ağır xəsarət aldıqda - 20%;

yüngül xəsarət aldıqda - 5%.

Beləliklə, dəyişikliyə əsasən, siyahıya deputatın əlillik dərəcəsi müəyyən edilmədən az ağır xəsarət alması halı da daxil edilir. Artıq deputat əlillik dərəcəsi müəyyən edilmədən az ağır xəsarət aldıqda müəyyən edilmiş sığorta məbləğinin 10 faizi həcmində sığorta ödənişi alacaq.

Digər dəyişikliyə əsasən, ağır, az ağır və yüngül xəsarət növlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR