Azərbaycan bu il 8 mlrd. dollarlıq məhsul ixrac edib

Azərbaycan bu il 8 mlrd. dollarlıq məhsul ixrac edib
# 01 iyul 2021 10:44 (UTC +04:00)

Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 mln. ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25,4% artıb.

Məlumata görə, 2021-cu ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (108,6 mln. ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl ikinci (87,4 mln. ABŞ dolları), pomidor (tomat) isə üçüncü (87 mln. ABŞ dolları) yerdə qərarlaşıb.

Qeyd olunur ki, 2021-ci ilin yanvar-may ayları ərzində Rusiyaya 279,5 mln., Türkiyəyə 255 mln., İsveçrəyə 91,1 mln., Gürcüstana 69,1 mln. və ABŞ 29,5 mln. ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

“2021-ci ilin may ayı Azərbaycanın ümumi ixracı 1,6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 210,5 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22% və ya 38 mln. ABŞ dolları daha çoxdur”, - məlumatda vurğulanır.

Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 mln. ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 mln. ABŞ dolları təşkil edib. 2021-cu ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (91 mln. ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (38,7 mln. ABŞ dolları), İsveçrə üçüncü (22,9 mln. ABŞ dolları) olub.

Cari ilin may ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (44,7 mln. ABŞ dolları) birinci, qızıl (22,8 mln. ABŞ dolları) ikinci və kartof (19,2 mln.ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-may ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2021-ci ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "P-Aqro" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Baku Steel Company", "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Metal Trader LTD" MMC, "Local Garden" və “Fruit city Group” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azəripək" MMC, "Caspian Geo" MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR