Azərbaycan gələn il bir sıra sosial müavinətlərin məbləğinin artırılması nəzərdə tutulur

Himalay Məmişov

© APA | Himalay Məmişov

# 03 dekabr 2021 12:30 (UTC +04:00)

Növbəti il üçün sosial zərf hazırlanır ki, bu zərfdə həm minimum pensiyaların məbləğinin, həm minimum əməkhaqqının, eyni zamanda bir sıra şəxslərə ödənilən sosial müavinətlərin məbləğinin artırılması nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, hökumətin bu artımlarla bağlı tam yekun qərarı müəyyən olduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

"Sosial sahədə aparılan islahatları, bu gün verilən qərarları, artımları vətəndaşlar artıq ən gec növbəti aydan etibarən hiss edəcəklər. Bu artımlar tətbiq olunduğu tarixdən etibarən növbəti aydan vətəndaşlar həmin artımla öz sosial ödənişlərini əldə edə biləcəklər", - deyə H. Məmişov qeyd edib.

Fondun sədri əlavə edib ki, ötən üç il səkkiz aylıq dövrü müqayisə etdikdə, ölkədə həm sosial ödənişlərin məbləğində, həm əhaliyə ödənilən sosial xərclərin həcmində, həm də göstərilən xidmətlərin keyfiyyətin və çeşidində kifayət qədər artım var.

"Bu dövr ərzində ümumilikdə Fondun gəlirləri orta hesabla 80% həcmində artıb, yəni 1,7 mlrd. manatlıq artım var. Eyni zamanda əhaliyə ödənilən xərclərdə də proporsional qaydada pensiya ödənişlərində təxminən 1,6 mlrd. artım qeydə alınıb. Təkcə bu ilin indeksasiya xərcinin ümumi maliyyə yükü 440 mln. manatın üzərindədir. Üçillik müddətə baxdıqda isə sosial müavinətlərin, təqaüdlərin, ünvanlı yardımların, ümumilikdə sosial ödənişlərin məbləğində təxminən 58% artım var. Yəni sosial xərclər 2,3 mlrd. manat artıb", - deyə H. Məmişov qeyd edib.

Fondun sədri bildirib ki, Azərbaycanda bir sıra sosial ödənişlərin minimum məbləğlərin artırılması istiqamətində təkliflər hazırlanıb və hazırda bu təkliflər hökumət tərəfindən baxılmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR