Azərbaycan gələn il dövlət borclanmasından daha aktiv istifadə edəcək

Azərbaycan gələn il dövlət borclanmasından daha aktiv istifadə edəcək
# 05 noyabr 2021 14:11 (UTC +04:00)

Ortamuddətli dövr ərzində dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarliğının təmin edilməsi, büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dovlət borcuna xidmət və s.) maliyyələşdirilməsi məqsədilə dövlət borclanmasından daha aktiv istifadə edilməsi nəzərdə tutulur.

"APA-Economics"in məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Qeyd edilir ki, 2022- ci ildə xarici borc uzrə əsas borc ödənişlərinin bir qisminin istiqrazları yeni cəlb ediləcək borc vəsaitləri hesabına yenidən maliyyələşdirilməsi və sərbəstləşən vəsaitin prioritet hesab olunan digər büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

"Bununla belə, qeyd olunan dövr ərzində borclanmalar həyata keçirilərkən dövlət borcunun dayanıqlığının təmin edilməsi, dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarının ən az xərclə ve aşağı risklərlə qarşılanması və dövlətin qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi kimi strateji məqsədlər gözlənilməlidir", qanunda bildirilir.

Qeyd edək ki, Azərbaycan 2022-ci il üçün dövlət borcunun (daxili və xarici) xidmətlərinə xərclərin yuxarı həddini 1,792 mlrd. manat səviyyəsində müəyyən edib. Daxili dövlət borcu üzrə bu hədd 232 mln. manat səviyyəsində, xarici dövlət borcu üzrə isə sözügedən hədd 1,560 mlrd. manat səviyyəsində müəyyən edilib.

2021-ci ilin doqquz ayı ərzində dövlət borcunun xidmət xərclərinə 1 513,5 mln. manat yönəlib.

Xatırladaq ki, 2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu (xarici və daxili) 17,352 mlrd. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8,603 mlrd. ABŞ dolları (14,626 mlrd. manat) və ya ÜDM-in 18,2%-ini təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR