Azərbaycan Ümumrusiya Sığortaçılar Birliyi ilə əməkdaşlıq edəcək

Azərbaycan Ümumrusiya Sığortaçılar Birliyi ilə əməkdaşlıq edəcək

© APA | ÜSB-nin prezidenti İqor Yurgens və ASA-nın icaraçı direktoru Elmar Mirsalayev

# 16 iyul 2021 10:25 (UTC +04:00)

Ümumrusiya Sığortaçılar Birliyinin (ÜSB) prezidenti İqor Yurgens Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) dəvəti ilə ölkədə işgüzar səfərdədir.

ASA-dan "APA-Economics"ə verilən məlumata görə, səfər çərçivəsində ÜSB-nin prezidenti İ. Yurgenslə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov arasında baş tutan görüşdə sığorta sektoru ilə bağlı mühüm məsələlər müzakirə edilib. Daha sonra rusiyalı sığortaçı ilə ASA-da görüş keçirilib. Görüşdə ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev və icraçı direktor Elmar Mirsalayev iştirak ediblər. Azərbaycanın sığorta sektorunda son illər qeydə alınan inkişaf göstəricilərinə toxunan görüş iştirakçıları, sığorta sektorunun davamlı və dayanıqlı maliyyə sisteminin formalaşmasındakı əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.

Görüş çərçivəsində sığorta sahəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq imkanları da geniş müzakirə edilib. Əvvəlcədən əldə edilmiş razılığa əsasən, ÜSB ilə ASA arasında Memorandum imzalanıb.

Memorandumda qeyd olunan şərtlərə görə, iki qurum növbəti mərhələdə sığorta, maliyyə-kredit əməliyyatları və vergiqoyma sahəsində tətbiq edilən qanunvericilik və hüquqi-normativ aktlarla bağlı məlumat mübadiləsi, peşəkar kadrların hazırlanması, tədris proqramları və metodiki materialların mübadiləsi, habelə sığorta biznesi ilə əlaqədar işgüzar görüşlər, konfranslar və seminarların təşkil olunması, eyni zamanda sığorta və təkrarsığorta prosesləri ilə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə konsultasiyaların təşkil olunması və digər istiqamətlər üzrə əməkdaşlıq edəcək.

Qeyd edək ki, ASA beynəlxalq təcrübənin öyrənilməsi və sığorta sahəsində yeni dünya trendlərinin ölkədə tətbiqi məqsədilə ötən ilin dekabr ayında Türkiyə Sığorta Birliyi ilə də Memorandum imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR