Azərbaycanda geniş pul kütləsinin həcmi rekorda çatıb

Azərbaycanda geniş pul kütləsinin həcmi rekorda çatıb
# 24 iyun 2021 15:38 (UTC +04:00)

Bu ilin iyunun 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 30,457 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 14,4% çoxdur. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici aylıq müqayisədə 2,4% artıb. Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) iyunun 1-nə 10 654,9 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,9%, illik müqayisədə isə 18,3% çoxdur.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi (M3) 8,3% artaraq 2021-ci ilin sonuna 31,608 mlrd. manata çatacaq. 

Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır və bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədini təqib edir.

İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR